"Ukraynanın Rusiyaya uzaqmənzilli silahlardan ediləcək zərbələri Qərbin peyk, kəşfiyyat və hərbi yardımını tələb edəcək, bununla da Qərb bilavasitə müharibəyə cəlb olunacaq..."
Rusiya prezidenti Vladimir Putin NATO üzvlərinin Ukraynaya Rusiya ərazisinə zərbələr endirməyi təklif edərkən odla oynadıqları ilə bağlı Qərb ölkələrinə xəbərdarlıq edib. Diktatorun sözlərinə görə, bu, qlobal münaqişəyə təhrik edə bilər.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
"İkinci dünya savaşı dönəmindən bəri Avropada ən ölümcüı müharibədən iki ildən artıq zaman keçəndən sonra Putin daha geniş qlobal münaqişə riskindən getdikcə daha tez-tez danışır, bu zaman Qərb Rusiya qoşunlarının Ukraynada irəliləməsi ilə bağlı nə edəcəyini düşünür.
NATO-nun baş katibi Yens Stoltenberq "The Economist" nəşrinə müsahibəsində bəyan edib ki, Alyans üzvləri Ukraynaya Qərb silahı ilə Rusiyanın dərinliklərinə zərbələr endirməyə imkan verməlidir və bu fikri NATO-nun bəzi üzvləri dəstəkləsələr də, Birləşmiş Ştatlar buna qarşıdır", - nəşr xatırladıb.
Eyni zamanda Putin Daşkənddə jurnalistlərə deyib ki, daimi eskalasiya ciddi nəticələrə gətirib çıxara bilər.
"Əgər bu ciddi nəticələr Avropada baş verərsə, o zaman Birləşmiş Ştatlar bizim strateji silahlar sahəsində pariteti nəzərə alaraq özlərini necə aparacaq? Bunu demək çətindir, onlar qlobaı münaqişə istəyirlər?", - diktator sual edib.
Putinin sözlərinə görə, Ukraynanın uzaqmənzilli silahlardan istifadə etməklə Rusiyaya zərbələri Qərbin peyk, kəşfiyyat və hərbi yardımını tələb edəcək.
Ona görə də Qərb bilavasitə müharibəyə cəlb olunacaq. Rusiya prezidenti əlavə edib ki, Fransa qoşunlarının Ukraynaya göndərilməsi qlobal münaqişə üçün bir addım olacaq.
Putin həmçinin NATO-nun Avropa üzvlərini xatırladaraq, bəyan edib ki, kiçik dövlətlər "nə ilə oynadıqlarını anlamalıdır", çünki onların ərazisi kiçik, əhalisi isə sıxdır.
"Rusiya ərazisinin dərinliklərinə zərbələr endirilməsindən danışmazdan öncə onlar bu amili nəzərə almalıdır", - Putin qeyd edib.
Rusiya ərazisinə Qərb silahı ilə zərbələr - son xəbərlər
Bundan öncə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel bəyan edib ki, bəzi ölkələr Rusiyadakı obyektlərə zərbələrə qoyulan məhdudiyyətləri ləğv etməyə razıdır.
"Aydındır ki, bu, mütənasiblik prinsipi ilə tərbiq ediləndə beynəlxalq hüquqa görə qanuni hərəkətdir. Lakin o da aydındır ki, bu məsələ ilə bağlı qərar hər bir üzv-ölkə tərəfindən fərdi olaraq qəbul edilir.
Bəzi üzv ölkələr bunun əleyhinə olub, amma onlar da fikrini dəyişib, bu gün bu məhdudiyyətləri ləğv etməyə razıdır", - diplomat qeyd edib.
Öz növbəsində Almaniya Bundestaqının hakim partiyadan və müxalifətdən olan deputatları Qərb silahı ilə Rusiyaya zərbələr endirilməsinə icazə verməyə çağırış edib.