Amerika Birləşmiş Ştatlar qoşunlarını Nigerdən çıxarmağa başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Nigerin Quru Qoşunlarının qərargah rəisi, polkovnik Mamane Sani Kiau məlumat verib.
Onun sözlərinə görə, ABŞ-ın 269 hərbi qulluqçu və 946 ton hərbi texnikası ölkədən çıxarılıb.
Kontingent cari ilin sentyabrın 15-dək Nigerdən çıxmalıdır.
ABŞ və Niger hərbi idarələrinin birgə bəyanatında isə deyilir ki, Amerika Hərbi Hava Qüvvələrinə məxsus “C-17 Globemaster III” təyyarəsi 7 iyunda Niamey 101 aviabazasından yola düşüb.
Bundan başqa Amerika hərbçilərinin kiçik bir kontingenti 101 və 201-ci hava bazalarında qalan qüvvələrin və hərbi silah-sursatların effektiv şəkildə çıxarılmasını təmin etmək üçün maddi-texniki dəstək vermək üçün Nigerə gəlib.
Xatırladaq ki, mart ayında Niger ölkənin şimalında ABŞ-yə məxsus PUA bazasının yaradılmasını ehtiva edən hərbi müqaviləni ləğv edib. Niger müqavilənin zorla yerildildiyi və xalqın maraqlarına cavab vermədiyinə işarə edib. 2023-cü ilin sonunda Nigerdə təxminən 1 100 ABŞ hərbi qulluqçusu olub, onların əksəriyyəti Aqades yaxınlığındakı hava qüvvələri bazasında olub.