RU

Baxça müdirinin etirafları - SƏRVƏTLƏRİNİ sayır // VİDEO

Ötən gün yerli mediada “Səs yazısı yayılan bağça müdirinə şiddətli töhmət verildi” başlığı altında bir məlumat tirajlandı.

Məlumatda bildirilir ki, “Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının keçmiş müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış məlum səs yazısı ilə əlaqədar “Təhsilverənlərin etik davranış Qaydaları”nın tələblərini pozduğu üçün adıçəkilən şəxsə Əmək Məcəlləsinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.”

Sözügedən səs yazısını aşağıdakı linkdə izləyin !

Dinlədiyinizdə özünüz də şahidi oldunuz ki, Xırdalan şəhər 17 saylı körpələr evi – uşaq bağçasının keçmiş müdiri Fəranə Məhərrəmova nələrə sahib olduğunu sayır – “Bağım var, obyektim var, özəl baxçam var, iki qızımın evi var, özümün də evim var, üstəlik ən “posledni” (sonuncu model) “Mercedes CL” markalı avtomobili də mən xaricdən üç aya gətizdirmişəm”.

Bir dövlət müəssisəsi olan uşaq baxçasında müdür işləyən birinin eyni zamanda bu qədər sərvətlərə sahib olması sizcə də təəccüblü deyilmi?

Özü də sözlərindən anlaşıldı ki, müdür Fəranə xanım bu “qiyamət”i tərbiyəçilərin uşaqlardan pulu az yığdıqlarına görə qoparıb. Deyir, “əgər siz yığa bilmirsinizsə, mən özüm sizin valideynlərlə işləyərəm, amma onda mən sizinlə işləməyəcəm”, ardından da deyir ki, “özünüz də yığıb gətirə bilirsiniz, amma etmirsiniz”.

Maraqlıdır ki, bu boyda korrupsiya cinayətini öz dili ilə etiraf edən Fəranə Məhərrəmova hələ də baxça müdiri olaraq çalışır.

Yox, yayılan xəbərin mətnindəki “keçmiş müdür” sözü sizi yanıltmasın, xanım 17 saylı körpələr evi – uşaq baxçasının keçmiş müdiridir, hazırda isə Digah qəsəbəsində başqa bir uşaq baxçasına rəhbərlik edir.

Necə deyərlər, “klassik təhsil siyasəti”…. Hər zaman olduğu kimi, bu dəfə də qanunları pozan daha bir təhsil müəssisəsi rəhbəri “bığdan götürülüb, saqqala qoyulub”.

Özü də etibarlı mənbədən redaksiyamıza verilən məlumata görə Fəranə Məhərrəmova ilə heç Abşeron-Xızı regional Təhsil İdarəsi də bacara bilmir. Bəlli ki, “qoruyucu mələyi” onu daha yuxarılardan – “göylərdən gözətləyir”.

Qeyd edək ki, qarşıdakı günlərdə Fəranə xanım Məhərrəmova barəsində geniş araşdırma yazılarımız dərc ediləcək.

Mövzunu davam etdirəcəyik, diqqətiniz bizdə olsun !

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

Избранный
99
1
yenigundem.az

2Источники