RU

Nikolay Nikolayev: "COP29-un Azərbaycanda keçirilməsi çox yaxşıdır"

Azərbaycanda noyabr ayında mühüm bir hadisə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Müzakirə mövzularından birinin su ehtiyatlarının çatışmazlığı - su problemi olacağı gözlənilir. Bundan əlavə, böyük beynəlxalq tədbir Xəzərin sürətlə quruması fonunda keçiriləcək.

Bu məsələni müzakirə etmək nə dərəcədə vacibdir və ən başlıcası, hər kəsin öz maraqlarının olduğunu, suyun hər kəs üçün gərəkli olduğunu nəzərə alaraq bütün ölkələrin fəaliyyətlərini necə əlaqələndirmək olar?

Bu barədə hakimiyyet.az yaxınlarda Rusiyanın "Parlamentskaya qazeta" nəşrində su probleminə aid konseptual məqaləsi dərc olunmuş Rusiya Dövlət Dumasının Əmlak, torpaq və mülkiyyət münasibətləri komitəsinin müavini, "Vahid Rusiya" fraksiyasının üzvü Nikolay Nikolayevlə söhbət edib:

- İqlim üzrə beynəlxalq konfrans göstərdi ki, BMT çərçivəsində iqlim mövzusu, bəlkə də, bütün dünya ölkələrini birləşdirən yeganə problemdir. Eyni zamanda, digər məsələlərdə çoxsaylı münaqişələr, şərhlər və s. var. Məsələn, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fəaliyyətinə, insan hüquqları sahəsinə baxın, geosiyasi məsələlərdən isə heç danışmıram. Beləliklə, Bakıda keçiriləcək COP29 Beynəlxalq İqlim Konfransı mühüm bir hadisədir.

Qeyd etmək lazımdır ki, son vaxta qədər BMT-nin iqlim siyasətinə dair yalnız bir nöqteyi-nəzəri vardı, o da ABŞ-nin keçmiş vitse-prezidenti Albert Qorun konsepsiyası ilə diktə olunurdu. Vurğulanırdı ki, iqlim dəyişikliyinin səbəbi istixana qazlarının, ilk növbədə CO2-nin konsentrasiyasıdır. Lakin bu konsepsiyada su mövzusu ikinci dərəcəlidir. BMT-nin beynəlxalq iqlim siyasətinin əsas məqsədi istixana qazlarının azaldılmasıdır. Bəs bu nəyə gətirib çıxardı? Dünyadakı iqlim problemi ilə bu və ya digər şəkildə əlaqəli olan vəsaitlərin əksər hissəsinin CO2 məsələlərinə xərclənməsinə.

İqlim dəyişiklikləri aşkardır, bunlar milyonlarla insana təsir edir. Lakin diqqət suya yönəldilməlidir. Bu problem isə iqlim dəyişikliyinin nəticəsi kimi qəbul edilir və istixana qazlarının azaldılmasını tələb edir. Mənə görə, su mövzusu, xüsusilə Avrasiya qitəsi üçün əsas olmalıdır.

Diqqət edin ki, iqlim dəyişikliyi ilə bağlı bütün problemlər bu və ya digər şəkildə su ilə əlaqəlidir: bir yerdə quraqlıq, digər yerdə daşqınlar baş verir. Məhz su indi bir tərəfdən beynəlxalq əməkdaşlığın, digər tərəfdən isə beynəlxalq rəqabətin predmetinə çevrilir. İqlim miqrasiyası, quraqlıq, ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər var, lakin bu, bir daha vurğulayım ki, su mövzusuna aiddir. Mənə görə, xüsusilə bizim makroregion üçün iqlim siyasətinin əsasını su təşkil etməlidir.

Bu baxımdan, COP29-un Azərbaycanda, məhz bizim makroregionun ərazisində keçirilməsi çox yaxşıdır. Və mən çox ümid edirəm ki, su mövzusu daha aktual olacaq. Bu problem ikinci dərəcəli olmamalıdır. Bizə praktik vəzifələri həll etmək lazımdır.

- Bəs Xəzər dənizi ilə nə etməli? Keçən il Xəzər dənizinin səviyyəsinin XXI əsrin sonuna qədər 9-18 metr azala biləcəyi, su hövzəsinin sahəsinin 1/4-nin itirilə biləcəyi barədə proqnoz səsləndirilmişdi. Bu, yalnız bir ölkənin və hətta beş Xəzəryanı dövlətin deyil, ümumiyyətlə problemdir. Xəzərə 130 çay tökülür, onların çoxu başqa ölkələrdən başlayır. Beynəlxalq əməkdaşlığı necə qurmaq olar ki, su hövzəsinin qurumasını azalda və ya dayandıra bilək?

- Bu, məhz mən danışdığım şeydir - iqlim siyasətində diqqətin yönəldilməsi. Biz Xəzər problemini CO2 tullantılarını azaltmaqla heç cür düzəldə bilmərik. Aral dənizi artıq getdi, indi Xəzər dənizi gedir. Bu, nəhəng bir çağırışdır.

Xəzər - süni su anbarı deyil, deməli, təbii elmlərlə məşğul olan alimlərin işləməsi lazımdır. Lakin iqlim mövzusu məhz bu, praktik prizmada nəzərdən keçirilməlidir, istixana qazları burada rol oynamır.

İstixana qazları tullantıları məsələsində tez-tez geosiyasi rəqiblər olan bir çox ölkələrin əməkdaşlığı təcrübəsi var. Deməli, mexanizm mövcuddur, onu, sadəcə, real problemlərin, o cümlədən Xəzərlə bağlı problemlərin həllinə yönəltmək lazımdır.

Çox şey konkret regionlar üzrə ölkələrin əməkdaşlıq imkanlarından asılıdır. Qərb dövlətləri, elə ABŞ-nin özü üçün də Xəzərin quruması mövzusu çox maraqlı deyil. Lakin biz kiçik, abstrakt bir planetdə yaşamırıq. Bizim konkret dənizlərimiz, torpaqlarımız, ölkələrimizin maraqları, idarə etdiyimiz və sahib olduğumuz resurslar var. İqlim abstraksiya deyil.

Nair Əliyev

Избранный
128
2
hakimiyyet.az

4Источники