RU

“Sərbəstliyi öyrətmək üçün uşağa seçim azadlığı vermək lazımdır” - PSİXOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Valideynləri ən çox narahat edən mövzulardan biri məhz uşağın sərbəstliyi ilə özbaşınalığı arasındakı balansı qoruya bilməməkdir. Əslində isə sərbəstlik uşağın özünün problemlərdən çıxış yolu tapa bilməsidir. Bütün problemlərin, düşdüyü vəziyyətlərdən rahatlıqla çıxabilmə qabiliyyəti sərbəstlikdir. Həmçinin sərbəst uşaq özü qərar verəbilmə potensialına sahib olur. Hər bir insana həyatda lazım olan xüsusiyyətlərdən biri də məhz qərar verə bilməkdir. Çünki valideynlər hər zaman yanımızda olmurlar”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.

Psixoloq bildirib ki, valideyn istəsə-istəməsə də elə bir zaman gəlir ki, uşaq sərbəst həyata atılır: “Sərbəstlik də əslində uşağa öyrədilən xüsusiyyətlər içərisində yer alır. Lakin sərbəstlik uşağı başlı-başına buraxmaq anlamına gəlmir.

Gənc valideynlər arasında çox müşahidə olunan haldır ki, övladlarına “özün bildiyin kimi et” deyirlər. Amma bu ifadə heç bir halda sərbəstliyin göstəricisi deyil. Sərbəstliyi öyrətmək üçün uşağa seçim azadlığı vermək lazımdır. Uşağın qarşısına seçimlər qoyula bilər, valideyn isə seçimlərin nəticələri ilə bağlı övladını məlumatlandırmalıdır. Artıq bundan sonra uşaq özü qərar verə bilər. Əks halda isə valideynlər sadəcə sərbəstlik adı altında övladlarını yalnız buraxırlar.

Əsas məqsəd odur ki, uşağın özgüvəni qırılmamalıdır və həddindən artıq da özgüvən verilməməlidir. Hər bir məsələdə olduğu kimi burada da maksimum balansı qorumaq lazımdır. Zərərli vərdişlərə meyilli olmaq isə genetik ola bilər və buna müdaxilə etmək çətin olur. Digər tərəfdən isə yaşanılan travmalar uşağı pis vərdişlərə sürükləyə bilər. Buna görə də hər zaman valideynlər uşaqları ilə sərhədli şəkildə yaxın olmağı bacarmalı, daim onlarla maraqlanmalıdırlar. Uşağa dəstək olmaq onun hər etdiyi ilə razılaşmalı olduğunuz anlamına gəlmir. Uşağa dəstək özünü pis və ya yaxşı aparmasından asılı olmayaraq onun yanında olduğunuzu göstərməkdir”.

Müəllif: Səbinə Hüseynli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
76
sia.az

1Источники