Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı elan edilən müsabiqənin test imtahanı mərhələsinin nəticələri bəlli olub.
İdarədən APA-ya verilən xəbərə görə, test imtahanının nəticələri namizədlərin elektron poçt ünvanlarına göndərilib.
Nəticələrə əsasən, test imtahanında iştirak edən 94 namizəddən 22-si 30 sualdan 18 və daha çoxunu doğru cavablandıraraq müsabiqənin müsahibə mərhələsinə vəsiqə qazanıb. Müsabiqənin müsahibə mərhələsinə 13.06.2024-cü il tarixindən start veriləcək.
Müsahibənin vaxtı haqqında məlumat öncədən namizədlərin qeydiyyatdan keçdikləri elektron poçt ünvanlarına göndərilib.
Qeyd edək ki, müsahibə zamanı namizədlərin vəzifə üzrə nəzəri bilikləri və fərdi səriştələri nəzərə alınacaq.