RU

Müəllimlər niyə sertifikasiyadan keçə bilmir? - Məsuliyyət hiss etməli, hazırlaşmalıdırlar

Xəbər verdiyimiz kimi, müəllimlərin təkrar sertifikasiyası zamanı 4000-ə yaxın müəllim imtahandan keçə bilməyib. Buna səbəb kimi, müəllimlik ixtisasına keçid balının az olması göstərilir. Bəs, müəllimlik ixtisasının giriş balına limit qoyulması ilə bağlı danışıqlar gedir? Məsələn, deyək ki, 360 baldan aşağı tələbələr müəllimlik ixtisasına qəbul oluna bilməz. Belə bir qayda savadlı müəllimlərin artmasına kömək edə bilərmi?

Bununla bağlı tanınmış aparıcı, professor Qulu Məhərrəmli “Yeni Sabah”a fikirlərini bölüşüb. Bildirib ki, müəllimlərin sertifikasiyası məsələsi çox aktual və vacib bir məsələdir:

“Çünki şagirdlər orta məktəbdə daha çox müəllimlərlə ünsiyyətdə olurlar. Xüsusən, 7, 8, 9 və daha yuxarı siniflərdə bunu daha çox müşahidə edirik. Şagirdlər müəllimlərdən çox şey öyrənməyə çalışırlar. Ona görə orta məktəb müəllimi yüksək səviyyəli mütəxəssis olmalıdır. Öz ixtisasını yaxşı bilməlidir, onu sevdirməyi bacarmalıdır. Bunlar vacib məsələlərdir. Yəni, sertifikasiyanın necə keçirilməsi, hansı şərtlərin qoyulması bir başqa məsələdir. Güman eləmirəm ki, həmin imtahan müəllimlər üçün tələdir. Əksinə, sertifikasiya imtahanı bir mərhələdir və keçirilməsi çox müsbət haldır. Müəllimlər özlərində məsuliyyət hiss etməli, hazırlaşmalıdırlar. Orta məktəb müəllimlərindən sertifikasiyadan keçənlərə ən yüksək maaş verilməlidir. Çünki ölkədə təhsil işçilərinin arasındakı maaş səviyyəsinin tədricən artması müəllimlər və müəllim olmaq istəyənlər üçün bir stimuldur”.

Ekspert bildirir ki, pedaqoji sahədə təhsil, tədris sahəsindəki tələblərdə heç nə dəyişmir:

“Şagirlər yaxşı hazırlaşdırılmalıdır, onlar repititor yanına gedib öyrəndiklərini məktəbdə öyrənməlidir. Tədris çox maraqlı, cazibədar olmalıdır. Nəyə görə özəl məktəblər bunu edə bilir, dövlət məktəblərində bu lazımi qədər alınmır? Çox yaxşı məktəblərimiz, çox gözəl müəllimlərimiz var. Amma bunların sayı azdır. Peşəkar, işini bilən, canyandıran, təhsil verməyə çalışan, vətəndaş formalaşdıra bilən müəllimlərimiz az da olsa var. Söhbət elliklə kollektiv şəkildə bunun bir sistem halına keçməsidir, institutlaşmasıdır. Bax buna diqqət yetirmək vacibdir. İndi orta məktəblərdən, ali məktəblərdən, oxumayan tələbələrdən, müəllimlərdən şikayət çoxdur. Bunlar anlaşılır. Ancaq mənə elə gəlir ki, millətin irəli getməsi, cəmiyyətin güclənməsi, gələcəyə ümidlə baxılması orta məktəbdəki təhsildən asılıdır. Ona görə bu sahədə atılan addımlar düşünülmüş, məsuliyyətli olmalıdır.  Orta məktəbdə əsas fiqur müəllimdir. Hərtərəfli, bilikli, intellektual, fəal vətəndaş mövqeyində olan müəllimlər olmalıdır. Yoxsa, müəllimlərdən bu və ya başqa məqsədlər kimi istifadə edilməsi yolverilməzdır. Biz müəllimlərin varlığını, onların şəxsiyyətinin, onların vətəndaş mövqeyində olmasının tərəfindəyik”.

Şeyla Səmiyeva


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
140
1
yenisabah.az

2Источники