ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə deyib ki, Yeddilik Qrupu (G7) İtaliyada keçiriləcək sammitdə Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlirlərin Ukraynaya köçürülməsi üçün yeni addımları müzakirə edəcək.
Mövzunu Globalinfo.az-a şərh edən politoloq Zeynal Əmrəliyev bildirib ki, Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya yardım məqsədi ilə istifadə edilməsi gözlənilən idi:
“ABŞ sözügedən məsələdə daha israrlı çıxışlar edir. Proses baş tutarsa, iki mühüm məsələ həllini tapacaq. Birincisi, öz vəsaitlərindən istifadə etmədən Ukraynaya dəstək verəcəklər, ikincisi, Rusiyanın ehtiyatlarını zəiflədəcəklər. Çünki az da olsa Rusiyanın Avropa banklarında maliyyə ehtiyatları var.
Sanksiya tətbiq olunmuş Rusiya vətəndaşlarının maliyyə mənbələri də Ukraynaya köçürülə bilər”.
Politoloqun sözlərinə görə, Rusiyada Qərb şirkətləri yoxdur:
“Buna görə də Rusiya prosesə reaksiya verə bilməyəcək. Yaya qədər müharibənin daha da şiddətlənməsi gözlənilir. Çünki hər iki tərəfin resursları tükənir və atəşkəsə hazırlaşırlar. Ukrayna Qərbdən istədiyi dəstəyi ala bilmir. Hücumların şiddətlənməsi halında Qərb Rusiya aktivlərindən Ukraynaya dəstəyi artıracaq”.