İngiltərə yığmasının və “Bayern”in mərkəz hücumçusu Harri Keyn qarşıdakı Avropa çempionatı (AÇ-2024) haqda söhbət açıb.
Arena.az UEFA-nın rəsmi saytına istinadən, İngiltərə yığmasının kapitanının bu barədə fikirlərini təqdim edir:
“Mən həyəcanlıyam. Belə anlarda həmişə həyəcan hiss edilir, xüsusən də ev sahibi ölkəyə gələndə, otelə daxil olanda və hər şeyin harada olduğuna baxmağa başlayanda. Ancaq bu anda hər kəs olduqca sakitdir, baxmayaraq ki, xoş bir intizar hiss edir.
İngiltərə yığmasının kapitanı olmaq, yəqin ki, bir oyunçu kimi əldə edə biləcəyim ən böyük imtiyazdır. Mən isə bunu heç vaxt təbii qəbul etməyəcəyəm. Bu, müstəsna hissdir. Dördüncü dəfə böyük bir yarışda kapitan olmaq mənim üçün böyük şərəfdir. Yarımfinal, final və 1/4 finalımız olub, ona görə də ümidvaram ki, bu dəfə kuboku qazanacağıq.
Düşünürəm ki, bu komanda forma baxımından və bir çox oyunçularımızın keçirdiyi mövsüm baxımından ən yaxşısı olmasa da, ən yaxşılarından biridir. Bizim çoxlu gənc və istedadlı futbolçularımız var ki, heç bir qorxu hiss etmirlər və sadəcə meydana çıxıb oynamaq istəyirlər”, deyə Harri Keyn vurğulayıb.
Xatırladaq ki, sayca 17-ci Avropa çempionatının final mərhələsi Almaniyada keçiriləcək və düz bir ay – iyunun 14-dən iyulun 14-dək davam edəcək. AÇ-2024-ün oyunlarına Almaniyanın 10 şəhərinin 10 stadionu ev sahibliyi edəcək.
İngiltərə millisi qitə birinciliyində Sloveniya, Danimarka və Serbiya yığmalarının yer aldığı “C” qrupunda mübarizə aparacaq.