RU

Azərbaycanda innovasiya ekosistemi ilə bağlı müzakirələr aparılıb

Bakı, 13 iyun, AZƏRTAC

Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə Təhsilin İnkişafı Forumuna hazırlıq və universitet-sənaye tərəfdaşlığı çərçivəsində innovasiya ekosisteminin inkişafı məqsədilə Davamlı İnkişaf Mərkəzində dövlət və özəl sektor nümayəndələri ilə Türkiyənin “CATALYSADE Technology Transfer and Innovation Inc” şirkətinin təsisçisi və direktoru Sanem Yalçıntaş arasında görüş keçirilib.

Bu barədə AZƏRTAC-a Fonddan bildirilib. Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov qonaqlara ötən il “Təhsildən tərəqqiyə” devizi ilə keçirilən Təhsilin İnkişafı Forumun əsas məqsədi barədə məlumat verib.

Sanem Yalçıntaş isə “Azərbaycanda innovasiya ekosistemi” mövzusunda geniş təqdimatla çıxış edib. İnnovasiya ekosisteminin aparıcı iştirakçılarının rolundan bəhs edən S.Yalçıntaş bu sahədə müəyyən bir nəticəyə çatmaq üçün bütün maraqlı tərəflərin sıx əməkdaşlıq çərçivəsində fəaliyyət göstərməli olduğunu vurğulayıb. O, buna nümunə olaraq ötən il baş tutan Təhsilin İnkişafı Forumunu misal çəkib, bu il keçiriləcək sayca ikinci Təhsilin İnkişafı Forumunda innovasiya ekosistemini inkişaf etdirməyə çalışacaqlarını bildirib.

Daha sonra görüşdə iştirak edən dövlət və özəl qurumların nümayəndələri öz fəaliyyətləri, eləcə də Təhsilin İnkişafı Fondu ilə birgə həyata keçirilən layihələr barədə ətraflı məlumat veriblər. Tədbir iştirakçıları innovasiya ekosistemi sahəsində mövcud olan çətinliklər və bunların həll yolları istiqamətində interaktiv müzakirələr aparıblar.

Избранный
99
azertag.az

1Источники