RU

Sosial şəbəkələrdə toplanan yardımlar ünvanına çatır? – Ekspertlər və DİN-dən AÇIQLAMA

Son dövrlərdə sosial şəbəkələr vasitəsilə yardım kampaniyalarının təşkili dəb halına gətirilib. Lakin bəzi hallarda bu kampaniyaların nəticəsi mənfi sonlanır. Bəzən ümumiyyətlə köməyə ehtiyacı olmayan birinin şəkli yayılaraq saxta kart hesabı açılır və bu hesaba toplanan məbləğin hara xərcləndiyi məlum olmur. Ya da köməyə ehtiyacı olan şəxsin məlumatlarını ələ keçirən üçüncü şəxslər bu məlumatlardan istifadərək şəbəkə istifadəçilərini, yaxud daha geniş ifadə etsək, əhalini aldada bilir.
Məsələ ilə bağlı “Yeniləşən Dövlətə Dəstək” İctimai Birliyinin sədr müavini, xeyriyyəçi Sadiq Adiloğlu Avtosfer.az-a açıqlamasında deyib ki, belə hallarla tez-tez rastlaşır.


“Dəfələrlə olub ki, mənə köməyə ehtiyacı olması və yardım kampaniyasının genişləndirilməsinin mütləqliyi ilə bağlı müraciət edilib. Biz də yardımsevərlər cəmiyyəti olaraq, çalışırıq ki, heç kəsi əliboş yola salmayaq. Kömək etdikdən sonra öyrənmişik ki, bu adam ölkə xaricindədir, kiminsə məlumatlarını oğurlayıb, yayıb, yığılan pulları da götürüb aradan çıxıb. Bu adam ölkə xaricindədir deyə, belə şəxslərin tapılmasında da problemlərlə üzləşirik. Həmin adamların tapılmasından bəzən polis belə çətinlik çəkir”.
Xeyriyyəçi onu da vurğulayıb ki, bu problemin həlli ilə bağlı hansısa addımlar atılmazsa, bu əhali arasında bir-birinə inamı daha çox azaldacaq.
Sosioloq Lalə Mehralı saytımıza açıqlamasında bildirib ki, belə yardım kampaniyalarının təşkili nəticəsində xeyli insanın öz sağlamlığına qovuşduğunun, probleminin həll edildiyinin də şahidi olmuşuq.


“İnformasiya azadlığı və texnoloji inkişaf dövründə yaşadığımız üçün, bu gün klaviatura arxasında əyləşən istənilən şəxs yardım toplamaq bacarığına, hüququna sahib olur. Bununla bağlı qanunlarda da heç bir məhdudiyyət yoxdur. Belə şəxslərin icazə almaq, hesabat vermək kimi öhdəlikləri də olmur”.
Ekspert sonda onu da qeyd edib ki, müxtəlif məqsədlər üçün yardım toplanması başqa ölkələrdə də mövcuddur. Bəzi ölkələrdə yardım toplama ilə bağlı qanun, bəzilərində isə müxtəlif prinsiplər var.
“Məsələn, Türkiyədə yardımların toplanması ilə bağlı prosedur və prinsipləri əks etdirən qanun var ki, onlar da əsasnamə ilə tənzimlənir. Fiziki şəxslər, birliklər, qurumlar, fondlar, idman klubları, qəzet və jurnallar öz məqsədlərinə çatmaq, ehtiyacı olan insanlara yardım göstərmək üçün ictimai maraqlara uyğun olaraq yardım toplaya bilərlər. Lakin səlahiyyətli orqandan icazə almadan fiziki şəxslər və təşkilatlar yardım toplaya bilməz. Yardım toplayacaq şəxs və təşkilatlar yardım toplama fəaliyyətini hansı rayonun hüdudları daxilində həyata keçirərsə, o rayonun icra hakimiyyətinə ərizə ilə müraciət edərək icazə almalıdır. Bu zaman yardımın hansı məqsədlə və nə qədər toplanacağı, yardım toplama fəaliyyətlərinin davam edəcəyi şəhər və rayon, yardımların toplanması üsullarından hansının istifadə olunacağı göstərilir”. 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov sorğumuza cavab olaraq bildirib ki, televiziya, radio, eləcə də sosial mediada yardım kampaniyası adı altında yığılan məbləğin bəzən kənar şəxslər tərəfindən mənimsənilməsi ilə bağlı polisə şikayətlər daxil olur.
“Daxil olmuş müraciət əsasında insanların etibarından sui-istifadə edən şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür. Bir daha vətəndaşları saxta səhifələr vasitəsilə yardım adı altında aparılan kampaniyalara qarşı diqqətli olmağı çağırırıq. Tanımadığınız şəxslərə pul və fərdi məlumatlarınızı göndərməyin. Şübhəli linklərə keçid etməyin. Şifrələrinizi heç kimlə bölüşməyin”.
Ekspertlər tövsiyyə edir ki, qanunun bu istiqamətində olan boşluqlar mövcud olduğu müddətdə fırıldaqçlara aldanmamaq üçün yardım toplanan şəxsin özü, yaxud ailə üzvləri, yaxınları ilə şəxsən görüşmək mütləqdir. Qanunda isə tezliklə bu məsələni tənzimləmək əsas məqsədə çevrilməlidir. Problemin həlli gecikdikcə, həqiqətən köəməyə ehtiyacı olan şəxslər ehtiyac duyulan məbləğdən, nəticədə sağlamlıqlarından məhrum  olurlar. Qısası, qurunun oduna yaş da yanır.


Səfər Əlizadə

Избранный
97
avtosfer.az

1Источники