RU

Azərbaycanda yay turizm mövsümünə start verilib

Şahdağ, 15 iyun, Leyla Muradzadə, AZƏRTAC

Ölkəmizdə yay mövsümünün açılışı ilə əlaqədar iyunun 15-də Dövlət Turizm Agentliyinin və “Şahdağ” Turizm Mərkəzi tərəfindən media nümayəndələrinin “Şahdağ”a mediaturu təşkil edilib.

AZƏRTAC xəbər verir ki, mediaturun məqsədi Azərbaycanda yay turizminin inkişafı və təbliği istiqamətində dövlət tərəfindən atılan addımlar, turizm istiqamətləri və məhsulları, həmçinin turistlərə göstərilən xidmətlər və əyləncələr haqqında ictimaiyyəti məlumatlandırmaq, eyni zamanda, “Şahdağ” Turizm Mərkəzində aparılan yenidənqurma və infrastruktur işləri, ziyarətçilərə təqdim olunan yeni xidmətlər, Mərkəzin hədəfləri və gələcək planları ilə tanış etməkdir.

Tədbir zamanı ölkənin, eləcə də "Şahdağ" Turizm Mərkəzinin yay mövsümünə hazırlığı, bu istiqamətdə görülən işlər, həmçinin turistlərə təklif olunan mövcud və yeni turizm məhsulları haqqında təqdimat nümayiş etdirilib.

Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə bu il turist sayının 2019-cu ilin rəqəmlərinə yaxınlaşacağına ümid etdiklərini bildirib. Deyib ki, ötən yanvardan bəri ölkəmiz 965 min 555 xarici vətəndaş qəbul edib, yəni, 35 faiz artım müşahidə olunub.

O diqqətə çatdırıb ki, bu il Azərbaycanda bir çox irimiqyaslı tədbirlər keçiriləcək və bu, ölkə turizminə müsbət təsir göstərəcək.

Müşavirin sözlərinə görə, cari il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib və buna görə də yaşıl turizmə üstünlük verilib.

Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Cavanşir Bayramov ölkənin turizm sənayesinin inkişafı strategiyasında yer alan əsas məqamlardan birinin mövcud turizm bazarları ilə əlaqələri dərinləşdirmək, eyni zamanda, digər bazarlara çıxış imkanlarını asanlaşdırmaq, Azərbaycanı təkcə qış turizmi baxımından deyil, yay mövsümündə də cəlbediciliyini artırmaq olduğunu vurğulayıb.

"Ötən ilin 5 ayı ilə müqayisədə bu il ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunub. Turistlər ölkəmizə ən çox Rusiya, Türkiyə və Hindistandan gəlirlər. İlin əvvəlindən ölkəmiz Hindistandan 90 mindən çox turist qəbul edib.

2023-cü ildə gəlmə turizmindən əldə olunan gəlirlərin 2022-ci illə müqayisədə 82 faiz artımı müşahidə olunur. 2019-cü illə müqayisədə 2023-cü ildə ümumi turizm gəlirləri 9 faiz artıb. 2023-cü ildə qeyri-neft-qaz sahəsi üzrə turistlərin yerləşdirilməsi və ictimai iaşənin ÜDM-də payı 3,5 faiz təşkil edib”, - deyə o bildirib.

C.Bayramov hazırda əcnəbi turistlərə yay mövsümündə haykinq, qlampinq, yamac paraşütü, vindsörfinq, kaytsörfinq, dayving, raftinq, kempinq kimi turizm məhsullarının təklif olunduğunu, bu məhsulların mövcud və yeni bazarlara uyğunlaşdırılması istiqamətində fəal marketinq və təşviqat kampaniyalarının keçirildiyini bildirib.

Kompleks ərazisində il ərzində infrastrukturun yenidən qurulması və modernləşdirilməsi, həmçinin yeni əyləncə sahələrinin yaradılması istiqamətində işlərin aparıldığını qeyd edən “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov ilin sonunadək mərhələli şəkildə bir sıra layihələrin həyata keçiriləcəyini deyib. O, yaxın aylarda ziyarətçilər üçün 2 xətdən ibarət, uzunluğu 1250 metr olan yeni zip-line xəttinin, kros motosikl turlarının, müxtəlif yaş kateqoriyalarında olan uşaqlar üçün avtodrom, tyubing və go kart əyləncələrinin istifadəyə veriləcəyini bildirib.

Bununla yanaşı, Turizm Mərkəzinin sədri kompleks ərazisində 5-ci faza üzrə tikinti işlərinə də start verildiyini, ilkin tikinti mərhələsinin 2025-ci ilin əvvələrində tamamlanacağını, həmin ərazidə FIS standartlarına uyğun inşa edilən yeni xizək stadionunun, yamacın, gondola tipli kanat stansiyasının və yeni parkinq ərazisinin salınacağını deyib.

Mediatur çərçivəsində media nümayəndələri turizm mərkəzində qonaqlara təklif olunan turizm xidmətlərindən, attraksionlardan və müxtəlif yay əyləncələrindən istifadə ediblər.

Qeyd edək ki, 2024-cü ilin yanvar ayından iyunun 15-dək “Şahdağ” Turizm Mərkəzinin tabeliyində fəaliyyət göstərən hotellərdə qonaq olan şəxslərin sayı 48 min 372 nəfər, kompleksə səfər edənlərin sayı isə 134 min nəfərə yaxın olub.

Избранный
159
15
azertag.az

10Источники