Azərbaycanda illik inflyasiya hədəf diapazonunun aşağı həddindədir.
"İki sahil" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Bu ilin may ayında 12 aylıq inflyasiya 0,3% təşkil edib ki, bu da AMB-nin aprel proqnozlarına uyğundur. May ayında 12 aylıq baza inflyasiya 0,4 % olub. İllik ərzaq deflyasiyası 1,4 %, qeyri-ərzaq inflyasiyası 1 %, xidmətlər inflyasiyası isə 2,2 % təşkil edib.
Ev təsərrüfatları arasında keçirilmiş sorğuların nəticələrinə görə qarşıdakı 12 aya gözlənilən inflyasiya hədəf diapazonunun aşağı həddinə yaxındır.
İnflyasiyanın xarici fonu ümumilikdə neytraldır. Dünya Bankının məlumatına əsasən, mayda illik əsasda əmtəə qiymətləri indeksi 5,6 %, o cümlədən qeyri-enerji qiymətləri üzrə 5,1 % artsa da, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə ərzaq qiymətləri indeksi 3, 4% azalıb. Manatın nominal effektiv məzənnəsinin (2023-cü ildə 19,3 % və 2024-cü ilin 5 ayında 3,2 %) bahalaşması idxal inflyasiyasının azalmasına əlavə töhfə verib.
"Son 2 ayda inflyasiyanın risk balansında əhəmiyyətli dəyişiklik müşahidə olunmayıb. Tərəfdaş ölkələrdə inflyasiyanın və dünya bazarında əmtəə qiymətlərinin dəyişkənliyi başlıca xarici inflyasiya riski olaraq qalır. Aparıcı iqtisadiyyatlarda monetar şəraitin sərt olaraq qalması isə qlobal inflyasiyanı azaldacaq amildir. İnflyasiyanı artıra biləcək başlıca daxili risk isə yerli xərc amillərinin, eləcə də məcmu tələbin izafi artımı ilə əlaqədardır. Bu səbəbdən ortamüddətli dövrdə büdcə xərclərinin genişlənməsinin və kredit aktivliyinin inflyasiyaya təsirləri diqqətdə saxlanılmalıdır.
Ümumilikdə, inflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırır. Mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə 2024-2025-ci illərdə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı gözlənilir. AMB əsas makroiqtisadi göstəricilər üzrə yenilənmiş proqnozlarını 2024-cü ilin iyul ayının sonunda elan edəcək.
Pul siyasəti ilə bağlı növbəti qərarlar faktiki inflyasiya və proqnozu, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaqdır. İnflyasiya amillərinin tarazlıq səviyyəsi, inflyasiyanın cari dinamikası və pul siyasətindən kənar amillərin monetar şəraitə və məcmu tələbə təsiri faiz dəhlizi parametrlərinin növbəti iclasda da dəyişməz saxlanılması ehtimalını yüksək saxlayır", - deyə açıqlamada qeyd olunub.