Yeni Azərbaycan Partiyasını (YAP) Milli Məclisdə təmsil edən deputatlar altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciəti Milli Məclisdə dinlənilir.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı iyun ayının 20-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclasında qərar qəbul edilib.
Yeni Azərbaycan Partiyası Təftiş komissiyasının üzvü Elman Nəsirov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bu addımın atılmasını şərtləndirən amillər bəllidir:
"İlk növbədə bu, onunla bağlıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 98-ci maddəsinin birinci bəndinin ikinci hissəsinə görə, ölkəmizdə növbədənkənar parlament seçkiləri cari ilin noyabr ayının 3-nə təsadüf edir və həmin zamanda da Azərbaycanın paytaxtında dünyanın ən nəhəng beynəlxalq tədbiri keçiriləcək.
Söhbət COP29 tədbirindən gedir və bir çox beynəlxalq təşkilatlar belə öz sammitlərini həmin tədbir çərçivəsində həyata keçirəcəklər. Belə olan vəziyyətdə qeyd edilən tədbirlərin yüksək səviyyədə təşkili və parlament seçkilərinin yüksək səviyyədə həyata keçirilməsi eyni zamana təsadüf edir. Bu reallıq fonunda artıq qeyd etdiyimiz kimi, erkən parlament seçkilərinə getmək məsələsi aktuallaşır. Həmin qeyd olunan yüksək səviyyəli beynəlxalq tədbirdə həm də tam tərkibi ilə parlamentin deməli mövcudluğu da vacib şərtdir”.
Onun sözlərinə görə, bütün bu reallıqları nəzərə alıb hakim partiyanın İdarə Heyətinin toplantısında qərara alındı ki, Yeni Azərbaycan Partiyasını parlamentdə təmsil edən deputatlar, parlamentin buraxılma və növbədənkənar parlament seçkilərin keçirilməsi ilə bağlı ölkə prezidentinə müraciət etsinlər.
“Bu gün Milli Məclisin iclasında bu addım atılıb. Bu addım həm də o baxımdan əhəmiyyətlidir ki, işğaldan azad olunmuş ərazilərimizdə prezident seçkiləri keçirildi. Bu reallıqda parlament seçkilərinin də bütün işğaldan azad olunmuş ərazilərimizdə keçirilməsi baş tutacaq və bunlar çox mühüm məsələlərdir. Hesab edirəm ki, bu addım ictimaiyyət tərəfindən də yüksək qiymətləndiriləcəkdir”, - o əlavə edib.
Günel Abbas