RU

Əsas hədəfimiz bundan sonrakı nəsillərə daha güclü bir türk dünyasını təqdim etməkdir

“44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bütün sahələrdə, o cümlədən xarici siyasətdə mühüm yeniliklərə yol açdı. Xarici siyasətimizin mühüm istiqamətlərindən biri kimi türk dünyasının birliyinin, həmrəyliyinin gücləndirilməsi yönümündə atılan addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Azərbaycan hər zaman olduğu kimi, istər Türk Dövlətləri Təşkilatına sədrliyi dövründə, istərsə də hazırkı mərhələdə həm türk birliyinin möhkəmləndirilməsi, həm də təşkilatın beynəlxalq nüfuzunun artırılması istiqamətində göstərdiyi səyləri ilə  diqqətdədir. Bu mühüm məqamı qeyd etməliyik ki, cənab İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının Ali Ordeni ilə təltif edilmələri iki dost, qardaş ölkənin türk dünyasının birliyinə verdikləri töhfələrin təqdimatı oldu. Bu gün bu birlik ən yüksək səviyyədədir. Dövlətimizin başçısı İlham Əliyev yeni dövrün başlanğıcı kimi dəyərləndirilən 7 fevral 2024-cü il tarixdə keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində qarşıdakı dövrün hədəflərini açıqlayarkən diqqəti Azərbaycanın xarici siyasət uğurlarına və onların fonunda müəyyənləşdirilən  prioritetlərə yönəltdi. Bir daha bildirdi ki, bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və  siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır,  ərazidir,  hərbi gücdür,  iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır,  artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna ancaq birlikdə nail ola bilərik.”

“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin deputatı Nurlan Həsənov bildirib.

Nurlan Həsənov qeyd edib ki, bu günlərdə, 15 İyun-Milli Qurtuluş Günündə Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Şuşada keçirilən “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfransda da bu çağırışlara xüsusi diqqət yönəldildi: “Cənab İlham Əliyevin konfrans iştirakçılarına müraciətində dövrün çağırışları öz əksini tapdı. Prezident İlham Əliyev həmin müraciətində bildirdi ki, xarici güc mərkəzlərinin təsiri və müdaxiləsi ilə dünyanın müxtəlif regionlarında çoxsaylı qarşıdurmaların – etnik və dini zəmində münaqişələrin, siyasi konfrontasiyaların baş verməsi, xaos və anarxiya mühitinin yaranması ayrı-ayrı dövlətlərə və bütövlükdə beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaratmaqdadır. Beynəlxalq hüquq normalarının kobudcasına pozulduğu və ikili standartlara əsaslanan selektiv yanaşmaların baş qaldırdığı belə bir şəraitdə milli maraqların qorunmasına hədəflənmiş və mövcud çağırışlara cavab verən siyasətin həyata keçirilməsi müstəqil dövlətlərin qarşısında duran başlıca vəzifələrdəndir. Son zamanlarda yeni strateji hədəflərə doğru inamla irəliləyərək dünya siyasətində yüksələn güc mərkəzinə çevrilən, beynəlxalq nüfuzu və geosiyasi təsir imkanları artmaqda olan Türk Dövlətləri Təşkilatında birləşən ölkələr də analoji çağırışlarla üzləşirlər.  Təşkilatda təmsil olunan ölkələrin münasibətləri həm milli və regional səviyyədə, həm də qlobal miqyasda sabitliyə, təhlükəsizliyə və inkişafa xidmət edən çox önəmli amildir.”

Millət vəkili vurğulayıb ki, Azərbaycan türk dünyasının birliyinə, həmrəyliyinə çağırışlarını əməli fəaliyyəti ilə təsdiqləyir: “Son illərdə türkdilli ölkələrin dövlət başçılarının qarşılıqlı səfərlərinə, Azərbaycanın ev sahibliyi etdiyi, yaxud fəxri qonaq qismində qatıldığı  Zirvə görüşlərinin say tərkibinə diqqət yetirmək kifayətdir. Ümumilikdə cənab İlham Əliyevin hər bir çıxışında türk dünyasının bundan sonra daha da gücləndirilməsi üçün müəyyənləşdirilən prioritetlər diqqətdə olur. Türk dünyasını böyük ailə kimi təqdim edən cənab İlham Əliyev bu ailənin daha da möhkəmlənməsi üçün mövcud imkanları da diqqətə çatdırır.”

Nurlan Həsənov bildirib ki, iyul ayında türk dünyasının, həmçinin islam dünyasının mədəniyyət paytaxtı kimi də  tanınan  Şuşa Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi  Zirvə görüşünə ev sahibliyi edəcək: “Hər bir tədbir çərçivəsində müzakirə edilən məsələlər və ümumi mövqenin ortaya qoyulması hədəflərə zamanında nail olmağa geniş imkanlar açır. Sözügedən Zirvə görüşündə iştirakçı ölkələrin nəqliyyat imkanlarına diqqət yönəldilərək əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün bu istiqamətdə zəruri addımlar təhlil ediləcək. Azərbaycan daim tranzit ölkə kimi dünyanın diqqətindədir. Ən əsası, ölkəmiz yerləşdiyi coğrafi məkana görə  ölkələri, xalqları  birləşdirən aktor kimi təqdir edilir.”

Millət vəkili belə bir ümumiləşdirməni aparıb ki, böyük ailə kimi təqdim edilən türk dünyası güclü köklərə malikdir. Bu, türk dövlətlərinin münasibətlərində özünün aydın ifadəsini tapır. “Dildə, fikirdə və işdə birlik” çağırışının reallıqda öz əksini tapması hədəflərə zamanında nail olmağa böyük stimul verir.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
17
1
ikisahil.az

2Источники