Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkəti (AAM) Azərbaycanda müqavilə sahələrində işlənməmiş qızıl ehtiyatlarını 400 min unsiyadan çox qiymətləndirir.
Redaktor.az bu barədə AAM-nin məlumatına istinadən xəbər verir.
“Azərbaycanda müqavilə sahələrinin işlənməmiş ehtiyatları 400 min unsiyadan çox qızıl və 700 min tondan çox mis təşkil edir. 2024-2028-ci illəri əhatə edən inkişaf strategiyası çərçivəsində ardıcıl olaraq 4 yeni mədən – “Gilar”, “Xarxar”, “Qaradağ” və “Zəfər” istismara veriləcək”, - şirkət qeyd edib.
AAM-a görə, şirkət enerji keçidi və “xalis sıfır” karbon emissiyasına nail olmaq üçün kritik metal olan misin 2026-cı ilə qədər əsas istehsal məhsuluna çevriləcəyini gözləyir: “2028-ci ildən şirkət mis istehsalını ildə təxminən 36 min tona çatdırmağı planlaşdırır”.
Xatırladaq ki, hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir. “Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin işlənməsinə başlayıb. Bu il “Vejnəli” və “Gilar” yataqlarından hasilata başlanılması planlaşdırılır.
Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanmışdı və 6 yatağın işlənməsini nəzərdə tuturdu. Müqavilədə Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı 49 % təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.