Cümə günü Azərbaycan parlamenti özünün buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması üçün Prezident İlham Əliyevə müraciət edib.
Parlament qərara gəlib ki, COP29 zamanı Milli Məclisin Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra yeni tərkibdə təmsil olunması, parlament diplomatiyasının verdiyi imkanlardan səmərəli istifadə edilməsi, habelə ölkə üçün bu əhəmiyyətli tədbir zamanı normayaratma fəaliyyətinin fasiləsiz həyata keçirilməsi üçün həmin vaxta qədər Milli Məclisin yeni çağırışının "tam formalaşdırılması zəruridir."
Azərbaycanda sonuncu parlament seçkisi də növbədənkənar olub və 2020-ci ilin fevralında baş tutub. Elə bu ilin fevralında keçirilən prezident seçkisi də erkən olub.
Parlament seçkisinin vaxtı irəli çəkilə bilərmi? Prezident hansı hallarda növbədənkənar seçki təyin edə bilər? Seçilmiş parlament neçə il fəaliyyət göstərməlidir? BBC News Azərbaycanca bu və digər suallara cavab tapmağa çalışıb.
Azərbaycanda niyə növbədənkənar prezident seçkiləri elan olundu?Azərbaycanda deputat və məmurların qəzəb yaradan əhvalatlarıSeçilmiş parlament neçə il fəaliyyət göstərməlidir?
Ölkə konstitusiyasında Milli Məclisin hər çağırışı üçün seçkilərin vaxtı beş ildən bir -noyabr ayının birinci bazar günü kimi qeyd olunub. Yəni, seçilmiş parlamentin səlahiyyət müddəti 5 ildir.
Lakin 2016-cı ildə konstitusiyaya edilən dəyişikliyə görə, növbədənkənar seçkilərdə seçilən 125 deputatın səlahiyyəti beş ildən az ola bilər.
Bu halda da seçkilər Milli Məclisin səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir.
Ölkədə sonuncu parlament seçkisi 2020-ci ilin 9 fevralında keçirildiyi üçün hazırki MM-in fəaliyyətinin beşinci ili bu il fevralın 10-dan başlayır.
Qanunvericiliyə görə, ölkədə növbəti parlament seçkiləri bu ilin noyabr ayının ilk bazar günü yəni, 3 noyabr 2024-cü il tarixinə təsadüf edir.
Parlament seçkisinin vaxtı hansı halda irəli çəkilə bilər?
Bu il erkən baş tutması planlaşdırılan seçki ilə Azərbaycanın 7-ci çağırış Milli Məclisi formalaşacaq.
Milli Məclisin Prezidentə erkən parlament seçkisinin keçirilməsi barədə müraciətinin təşəbbüskarı hakim partiya olub.
Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyəti parlamentdəki deputatlarına "COP29 (Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası kimi beynəlxalq tədbirlərlə parlament seçkilərinin eyni vaxtda keçirilməməsi üçün” Milli Məclisin buraxılması təşəbbüsü ilə çıxış etməyi tövsiyə edib.
Bəs qanunvericilik bununla bağlı nə deyir?
Azərbaycan qanunvericiliyində ölkədə keçiriləcək hər hansı tədbirə görə və ya başqa bir səbəbdən parlament seçkisinin vaxtının irəli və ya geri çəkilməsi ilə bağlı birbaşa müddəa yoxdur.
Lakin həm konstitusiyada, həm də Seçki Məcəlləsində, ümumilikdə, hansı hallarda seçki keçirilməməsinə dair müddəalar var.
Bu da fövqəladə və hərbi vəziyyət, müharibə, Azərbaycana təcavüz halları məsələləri ilə bağlı müddəlardır.
Yəni, Seçki Məcəlləsinə görə, ölkə ərazisinin 25 faizindən çoxunda hərbi və ya fövqəladə vəziyyət elan edilərsə, həmin vəziyyətin ləğvindən 3 ay müddət keçməyənədək referendum və ya seçkilər keçirilə bilməz.
Lakin konstitusiyaya edilən son dəyişikliyə görə, ölkə prezidentinin növbədənkənar seçki təyin etmək, parlamenti buraxmaq səlahiyyəti var. Buna isə müəyyən əsaslar olmalıdır.
Prezident hansı hallarda erkən parlament seçkisi təyin edə bilər?
Parlamentin buraxılması onun öz vəzifələrini ya tam, ya da normal icra edə bilməməsi ilə bağlı ola bilər. Yəni, parlament konstitusiya ilə üzərinə düşən vəzifələri yerinə yetirə bilmirsə, prezident Konstitusiyanın 98.1-ci maddəsinə əsasən onu buraxa bilər. Həmin vəzifələr aşağıdakılardır:
Əgər Milli Məclis eyni ildə 2 dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstəribsə;Və ya Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Mərkəzi Bankın İdarə heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Prezident iki dəfə təqdim etdikdən sonra qanunla müəyyən edilmiş müddətdə təyin etməyibsə;Həmçinin Konstitusiyanın müvafiq maddələri ilə - Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalar və həll etdiyi məsələlər (94-95-ci maddələr), onun qanunvericilik təşəbbüsü ilə bağlı məsələləri (96-cı maddəsinin II, III, IV və V hissələri) və qanunların imzalanmaq üçün təqdim olunması müddəti (97-ci maddə) ilə bağlı göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etməyibsə;
Bu hallarda, ölkə Prezidenti Milli Məclisi buraxa bilər.
Parlamentin buraxılması üçün hazırda hansı əsaslar var?
Parlamentin İlham Əliyevə müraciətində Milli Məclis Konstitusiyanın 95-ci maddəsinin 3-cü hissəsini - inzibati ərazi bölgüsünü rəhbər tutaraq erkən parlament seçkilərinin keçirilməsini istəyib.
Onlar bunun Milli Məclisin Konstitusiyada nəzərdə tutulmuş vəzifələrini tam icra edə bilməsi üçün "zəruri" hesab edirlər.
Erkən seçkilərin təşəbbüskarı olmuş YAP-ın sədr müavini Tahir Budaqov COP29 dövründə ölkə parlamentinin tam fəaliyyətdə olmasının "məqsədəmüvafiqliyinin də nəzərə alınmalı olduğunu" deyib.
YAP bu il olduğu kimi, 2019-cu ildə də onu təmsil edən deputatlara Milli Məclisin buraxılması təşəbbüslə çıxış etməyi tövsiyə etmişdi.
Həmin vaxt onlar Milli Məclisin “Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə adekvat olmamasını və son aylar ölkədə aparılan islahatlardan geri qalmasını” əsas tutaraq bu qərara gəldiklərini açıqlamışdılar.
Bundan sonra parlament özünü buraxmış və Prezidentdən erkən seçki istəmişdi.
Həmin vaxt İlham Əliyev bu müraciətlə bağlı qərar verməzdən öncə, parlamentin buraxılmasının konstitusiyaya uyğunluğunu yoxlaması üçün Konstitusiya Məhkəməsinə sorğu göndərmişdi.
Konstitusiya Məhkəməsi parlamentin buraxılması haqda nə demişdi?
Hələlik builki növbədənkənar seçkiylə bağlı Prezidentin qərarı, Konstitusiya Məhkəməsinə sorğu göndərib-göndərmədiyi bəlli deyil.
Lakin bundan əvvəlki erkən parlament seçkisi ilə əlaqədar Konstitusiya Məhkəməsi Prezidentin sorğusuna cavab olaraq qərara alıb ki, Milli Məclisin özünü buraxaraq, növbədənkənar seçki təyin etmək üçün prezidentə müraciəti və Prezidentin bu seçkini təyin etməsi Azərbaycan konstitusiyasına uyğundur.
Seçki məsələləri üzrə mütəxəssis Hafiz Həsənov BBC-yə deyib ki, Konstitusiya Məhkəməsinin özünü buraxan parlament haqda ümumi bir qərarla yox, xüsusi əsaslandırma ilə rəy verməsi daha yaxşı olardı.
“Çünki bu, ölkə üçün kifayət qədər önəmli bir qərardır. Konstitusiya Məhkəməsi yoxlamalıdır ki, parlament işini görə bilir, yoxsa, doğrudan da artıq Milli Məclis qərar verə bilmir? Məsələn, doğrudan da parlament Prezidentin Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Mərkəzi Bankın idarə heyətinin kollegial fəaliyyətinə zəruri olan sayda üzvlüyə namizədləri iki dəfə təqdim etdikdən sonra qanunla müəyyən edilmiş müddətdə təyin etməyib? Və ya doğrudanmı göstərilən digər müddəları pozub?", - deyə Hafiz Həsənov izah edir.
MM-in yeni tərkibi formalaşanadək özünü buraxmış parlament işləyə bilərmi?
Konstitusiya Məhkəməsinin həmin vaxtkı qərarında, həmçinin bildirib ki, növbədənkənar seçkidə Milli Məclisin yeni tərkibi formalaşanadək müstəsna hallar üçün buraxılmış parlament fəaliyyət göstərməlidir.
Belə ki, parlamentin ölkədə hərbi və fövqəladə (ölkə ərazisinin müəyyən hissəsi faktik işğal olunduqda, xarici dövlət və ya dövlətlər Azərbaycana müharibə elan etdikdə, ölkəyə qarşı real silahlı hücum təhlükəsi yarandıqda, respublikanın ərazisi blokadaya alındıqda, habelə blokada üçün real təhlükə olduqda) vəziyyət elan etməklə bağlı Prezidentin verdiyi fərmanları təsdiq etmək və s. kimi həyati əhəmiyyətli funksiyaları da var.
Buna görə də yeni parlamentin tərkibi formalaşanadək bu funksiyaların icrası ilə bağlı buraxılmış Milli Məclisin səlahiyyətləri saxlanılıb. Həmçinin buraxılmış parlamentin beynəlxalq təşkilatlarda təmsilçiliklə bağlı da səlahiyyətlərində dəyişiklik olmayıb.