RU

Travma sonrası stress pozuntusu- Hansı əlamətlərlə müşahidə edə bilərik?

Posttravmatik stress pozğunluğu gözlənilmədən baş verən və insanları dərin qorxu, narahatlıq və çarəsizliyə sövq edən psixi pozğunluqdur. Buna zəlzələ, daşqın, yanğın kimi təbii fəlakətlər və ya yol qəzaları, müharibə və zorakılıq aktları, cinsi və ya fiziki hücum kimi hadisələr səbəb ola bilər. İnsanın həyatı boyu özünü çarəsiz hiss etdirən, qorxuya salan, narahat edən, gələcəyə ümidini itirməsinə səbəb olan bir çox səbəblər ola bilər. Lakin bu neqativ emosiyalar həmişə insanlarda travmatik təsir yaratmaya bilər. Bir hadisənin travmatik təsir göstərməsi üçün gözlənilməz və qəfil olmalıdır. Belə bir travmadan sonra stress pozğunluğu yarana bilər. Bu vəziyyət insanlarda fərqli əlamətlər göstərə bilər. Bəzi insanlarda stress pozğunluğu hadisədən qısa müddət sonra inkişaf edərkən, bəzilərində uzun müddət sonra baş verə bilər.

Bəs biz travma sonrası stress pozuntusunu hansı əlamətlərlə müşahidə edə bilərik? 

Olayların müsahibi psixoloq Minarə Səbzəliyevadır:

-Travma sonrası stress pozuntusu müxtəlif simptomlarla özünü biruzə verə bilər. Bunlardan bəziləri yuxusuzluq, qorxulu yuxular, narahat edici xatirələrin tez-tez zehnə gəlməsi, hadisələrin yenidən baş verəcəyi ilə bağlı təşviş və ya narahatlıq hissləri, asanlıqla irkilmə, tez aqressiyanın yaranması və bunun kimi başqaları. Eyni zamanda travma sonrası strees pozuntusu yaşayan şəxslərin zamanla özlərini sosial mühitdən izolyasiya da etdikləri bilinməkdədir. Bu simptomların hər biri xəstəliklərin beynəlxalq təsnifatı kitabında yer alır və diaqnoz psixiatr tərəfindən qoyulur.

-Şəxslər hansı əlamətləri daha çox müşahidə edə bilərlər?

-Qeyd edə bilərəm ki, yuxusuzluq travma sonrası stress pozuntusu yaşayan şəxslərin önəmli problemlərindən biridir. PTSP( Posttravmatik stress pozuntusu) diaqnozu almamış şəxslərə nisbətən bu şəxslər yuxuya getməkdə daha çox çətinlik çəkir. Məhz Vyetnam müharibəsində edilən bir araşdırmada PTSP diaqnozu olan şəxslərin 44%-nin gecələr yuxuya getməkdə çətinlik çəkdikləri müəyyən edilmişdir. Lakin PTSP olmayan qazilərin isə sadəcə 10%-dən azında yuxuya getmədə problemlərin olduğu tədqiqatlar əsasında müəyyən edilmişdir. PTSP-si olan şəxslər gecə boyunca tez-tez oyana bildiklərini bildirmişlər. Fikirləşdiklərindən daha tez yata bilərlər, yuxuya getsələr belə bu müddətin yetərli və sağlıqlı olmadığı bilinməkdədir. 
Bir digər önəmli simptom isə qorxulu yuxuların daha çox olmasıdır. Travma keçmişi olan şəxslərin şiddətli şəkildə pis yuxular gördüyü müəyyən edilmişdir. Bu situasiya bütün travmalar üçün keçərlidir. PTSP keçirən şəxslərin isə qorxulu yuxulardan şikayət etmə faizi daha yüksəkdir. Elə yenədə məhz Vietnam müharibəsində qazilərin digər şəxslərlə müqayisədə 52% nin sıxlıqla qorxulu yuxular gördüyü müəyyən edilmişdir. 
PTSP yaşayan şəxslər hadisələri yenidən yaşayırmış kimi və ya hal-hazırda olurmuş kimi hiss edə bilərlər.
Xüsusi müharibə zamanı yaranan travmaların yol açdığı psixososial problemlər toplumun yaşamında çox dərindən mənfi izlər qoymuşdur. Ailədaxili şiddət, cinsi istismar, ağır yol-nəqliyyat hadisələri kimi hadisələr də posttravmatik stress pozuntusuna səbəb ola bilər. Yaralanma, yaşanan qorxuya şahid olma və qarşılaşmanın birbaşa PTSP-ni yarada biləcəyi ilə bağlı araşdırmalar bir daha sübut etmişdir. 

-Araşdırma və tədqiqat nəticələri PTSP (Posttravmatik stress pozuntusu) haqqında nələr deyir?

-İzraildə aparılan bir araşdırmada əhalinin terrora 19 ay məruz qalmasından sonrakı dönəmdə aparılan araşdırmada travma nəticələrinin 16,4%-nin terroristlərin birbaşa hücumu, 37,3%-nin isə terrorla üz üzə qalmış şəxslərin ən az biri ilə ailə üzvü və ya dostu olduğu bildirilmişdir. Ən çox istifadə olunan mübarizə mexanizmi isə həmin dönəmdə şəxsin öz yaxınlarına məlumat verməsi və sosial dəstəyini həyata keçirməsi olmuşdur. 
Nyu Yorkda 2001-ci ildə "qoşa qüllələr" hücumundan 2 il sonra əhalidə PTSP-nin sıxlığının 12,6% olduğu bildirilmişdir. Burada qadın cinsiyyəti, aşağı təminatlı vəziyyət, təhsil vəziyyətinin aşağı olması risk kimi qələmə verilirdi. Yaralanma, yaşanan qorxuya şahid olma və qarşılaşmanın birbaşa PTSP-ni yarada biləcəyi ilə bağlı araşdırmalar bir daha bunu sübut etmişdir.
Qardaş ölkə Türkiyədə, İstanbulda 2003 cü ildə bir bombalanma sonrasında araşdırılan və hadisə yerinə yaxın bir məktəbdə olan 12-14 yaş qrupundakı 113 şagird arasında aparılan tədqiqatda isə hadisədən 1 ay sonra 51,3%-də travma sonrası stress pozuntusu simptomlarına rast gəlinmiş, 6 ay sonrasında isə bu əlamətlərin hələ də davam etdiyi lakin şiddətinin biraz daha azaldığı, lakin yenə də depressiya və təşviş kimi narahatlıqların baş qaldırdığı məlum olmuşdur. 
Diyarbakırda bir avtomobildə yerləşdirilən bombanın partlamasını görərək ya da səs olaraq eşidən şəxslərdə həmin hadisədən 1 ay sonrasında 12,5%, 3 ay sonrasında isə 9,6%-də PTSP olduğu müəyyən edilmişdir. 
Türkiyədə silahlı insidentin daha çox görüldüyü bir ərazidə hərbi xidmət personalları üzərində aparılan araşdırmada isə iştirakçıların yarısından çoxunun travmatik bir hadisə ilə qarşılaşdığı görülmüşdür. Hətta belə bir faktor müəyyən edilmişdir ki, özü belə bir hadisə ilə qarşılaşanlar və ya yaxınını, yaxın dostunu itirənlər digərlərinə nisbətən daha çox travmaya sonrası simptomları göstərirlər. Silahlı münaqişələrin olduğu hərbi ərazilərdə ptsp sıxlığı 47,6%, paralelində ağır depressiya 16,4% və ağır təşviş isə 18% olduğu bildirilmişdir.
Psixoloji travmaya səbəb olan hadisələrə cəmiyyətdə çox rast gəlinir. Araşdırmalar göstərir ki, hər iki insandan biri həyatında ən azı bir dəfə belə hadisələrlə qarşılaşır. Psixoloji travma ilə qarşılaşma şansı hər kəs üçün bərabər deyil. Cinayət nisbətinin yüksək olduğu yerlərdə yaşayanlar, digər psixi xəstəlikləri və ya alkoqol-psixoaktiv maddə asılılığı olanlar, əsgərlər, polislər, yanğınsöndürənlər qorxulu hadisələrlə daha tez-tez qarşılaşırlar. 

-Psixoloji travmadan hansı xəstəliklər yaranır?

-Psixoloji travmadan sonra ən çox yayılmış iki xəstəlik: depressiya və travma sonrası stress pozuntusudur.
Məlumdur ki, insanı qorxudan-qorxuya salan, acizlik hissi yaradan hadisələr uzun müddət davam edən psixoloji problemlərə gətirib çıxarır. Psixoloji travmadan sonra rast gəlinən pozuntulardan biri depressiyadır. Depressiyanın ən çox görülən əlamətləri istəksizlik, zəiflik, əhval-ruhiyyənin aşağı olması, yuxu və iştahanın pozulması, həyatdan həzz ala bilməməkdir. Psixoloji travmadan sonra ilk dəfə depressiya baş verə bilər və ya daha əvvəl depressiya keçirmiş insanlarda depressiyanın təkrarlanması kimi də baş verə bilər.
Bir insanın travmadan sonra hadisənin təsirləri ilə mübarizə aparmaq üçün istifadə etdiyi üsulların da nəticələrə təsir edə biləcəyi düşünülür. Hadisə olmamış kimi davranıb unutmağa çalışanlarda xəstəlikdən sağalma daha çox gecikdiyi halda, problemi üçün kömək istəyənlər, problemini başqaları ilə bölüşənlər daha tez sağalır. Bir insanın əldə edə biləcəyi sosial dəstək də travmadan sonra sağalmağa müsbət təsir göstərir. Sosial dəstək azdırsa, depressiya əlamətləri daha çox hiss olunur.

-Bəs, bu xəstəliklərim müalicə üsulları hansılardır?

-Psixoterapevtik yanaşmalar arasında təsirli olduğu sübut edilən müalicə növü koqnitiv davranış terapiyası adlanan üsuldur. Bu üsul məhz şəxsdə mövcud narahatlığa səbəb olan simptomlarının davam etməsinə səbəb olan səhv düşüncələri sağlam düşüncələrlə əvəz etmək məqsədi daşıyır. Bundan əlavə, xəstənin qorxu səbəbiylə qaçdığı situasiyaların öhdəsindən gələ bilməsi təmin edilərək bu vəziyyətlərdə yaşanan qorxunun azaldılması təmin edilir. Psixoloji müalicələr bu sahədə təhsili və təcrübəsi olan psixiatrlar və klinik psixoloqlar tərəfindən aparılır. Travma Sonrası Stress pozuntusu fərddə və onun ailəsində böyük narahatlıq yaradan, lakin müalicəsi mümkün olan bir xəstəlikdir. Bir çox insan travmadan təsirlənir. 

-Minarə xanım, hansı faktorlardan dolayı insanlar bu qədər ağır xəstəlik üçün müalicədən qaçınarlar? 

-Yaşadığı şeyin psixi pozğunluq olduğunu bilmədiyi üçün və ya əlamətlərini öz zəifliyi və ya əskikliyi ilə əlaqələndirdiyi üçün, problemlərin müalicə oluna biləcəyini bilmədiyi üçün, müalicə imkanlarından necə istifadə edəcəyini bilmədiyi üçün, aşağı sosial təminatın olduğu üçün, problemləri haqqında danışmaqdan utandığı, darıxdığı və ya narahat olduğu üçün və bunun kimi başqa səbəblər. Düşünürəm ki, müalicəyə gəlmə və müalicənin davamlılığına təsir edə bilər ki, bu da birbaşa şəxsin rifahına dərindən mənfi iz qoyur. Ancaq bu problemləri həm psixoloji, həm də dərman vasitəsi ilə uğurla müalicə etmək mümkündür.

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
96
olaylar.az

1Источники