RU

İrəvan KTMT və MDB-nin iclaslarını boykot etdi

Ekspertlərə görə, Ermənistan hökuməti bir tərəfdən ABŞ-dan dəstək istəyir, digər tərəfdən Rusiya ilə ipləri qoparmaqdan ehtiyat edir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT Xarici İşlər Nazirlərinin Şurasının Almatıda keçiriləcək iclasında iştirak etmir. Bu barədə “Armenpress”ə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

Qeyd edək ki, iyunun 21-də Almatıda Qazaxıstan Baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleunun sədrliyi ilə KTMT XİN Şurasının iclası keçirilib.  İclasda beynəlxalq və regional təhlükəsizliyin aktual məsələlərinin müzakirəsi planlaşdırılır.

Görüşün yekununda KTMT-nin fəaliyyətinin daha da təkmilləşdirilməsinə yönəlmiş sənədlərin imzalanacağı, bir sıra siyasi bəyanatların qəbul ediləcəyi gözlənilir.

Bəllidir ki, İsveçrədə Ukrayna ilə bağlı Sülh Forumunda iştirak edən ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla  görüşün ardınca Vaşinqtondan İrəvana qısa məzmunlu mesaj göndərilib: “Tərəfinizi seçin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında qalıb-qalmamaqla bağlı qərar verin”.

Ekspertlərə görə, Ermənistan hökuməti bir tərəfdən ABŞ-dan dəstək istəyir, digər tərəfdən Rusiya ilə ipləri qoparmaqdan ehtiyat edir.

APA-nın Rusiya bürosu xəbər verir ki, Ermənistan Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyi ölkələri İqtisadi Şurasının 102-ci iclasına yüksək səviyyəli nümayəndə heyəti göndərməkdən imtina edib.

Belə ki, rəsmi İrəvan Moskvanın “Prezident” hoteldə keçirilən MDB İqtisadi Şurasının 102-ci iclasına Belarusdakı səfiri Razmik Xumaryanı göndərib.

Adətən MDB İqtisadi Şurasının tədbirində Ermənistanı baş nazirin müavini Mqer Qriqoryan təmsil edib. Bu dəfə də İrəvan tədbirə Belarusdakı səfirini göndərməklə kifayətlənib.

Qeyd edək ki, MDB İqtisadi Şurasının 102-ci iclasında Azərbaycanı Baş nazirin müavini Yaqub Eyyubov təmsil edir. Rusiya tərəfindən isə hökumət sədrinin müavini Aleksey Overçuk iştirak edir.

fikret.jpeg

Fikrət Yusifov

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan bu gün gerçəkdən “odla su arasında qalıb”: “Tamahını idarə edə bilməyənlərin aqibəti həmişə belə olur. Azərbaycan torpaqlarında ermənilərə qondarma dövlət quranlar indi şokdadırlar. Cənubi Qafqazda özlərinin forpostu hesab etdikləri Ermənistan, indi bu bölgədə rusların maraqlarını Qərbin xeyrinə ayaqlayıb keçmək istəyinə düşüb. Lakin hələlik bunu edə bilmir. Ermənistan hakimiyyətinin başında dayananlar yaxşı başa düşürlər ki, ruslar lazım gələndə  heç nə olmamış kimi bu dövlətin üzərindən tankla keçə bilirlər, çünki ruslar üçün beynəlxalq qaydalar mövcud deyil, onlar istədikləri dövlətlə özlərinə sərf edən qaydalar çərçivəsində davranırlar.  Bir sözlə, xəstə təfəkkürə malik ermənilər indi də başından, boyundan on dəfələrlə böyük olan iddialarının qurbanına çevrilməkdədir. Torpaq tamahları bu bədbəxt milləti sonda elə bir tələyə salıb ki, oradan qurtuluşun yolu görünmür. Məşhur filmdə olduğu kimi - indi Ermənistana biri deyir oxu, digəri deyir oxuma. Yəni öz boyundan dəfələrlə böyük ambisiyaları bu xalqı sonda belə bir vəziyyətə gətirib çıxartdı. İndi bütün ermənilər bir millət olaraq ağır psixoloji bir durumadadırlar. ”Sirkə nə qədər tünd olarsa öz qabını çatladar" deyib atalar...". 

Sabiq nazir erməni tərəfin Rusiyanın son sözünü deməsi üçün əlindən gələn hər şeyi etdiyini diqqətə çatdırdı: “İndi baş verən bu hadisələr fonunda daha uzağa baxmaq istəyirəm. Erməni xalqının xislətini yaxşı bilən biri kimi tam əminəm ki, ermənilər 44 günlük müharibənin və bir günlük antiterror əməliyyatının acılarını heç vaxt həzm edə bilməyəcəklər. Yəni onlar imkanları olarsa revanş götürməyə cəhd edəcəklər, ya da ömürlük milli stressdən qurtulmaq üçün bu torpaqları birdəfəlik tərk etməyə üstünlük verəcəklər. Təbii ki, Türkiyə-Azərbaycan hərbi ittifaqı, Böyük Turanın yaradılması gerçəkləri, Türk Dövlətləri Birliyinin yaranması və onun NATO tipli hərbi ittifaqının formalaşması fonunda revanşizm şansının sıfrın altında olduğunu dərk edib bu torpaqlardan rədd olub getməyə üstünlük verəcəklər. Yollar daşlı, tikanlı, lakin açıq olsun...

Rusiya hələ ki, Ermənistanın onunla siçan-pişik oynamasına dözüm nümayiş etdirir, son sözünü deməyə tələsmir. Ancaq deyəsən bu sözü deməyin vaxtı yaxınlaşır, ermənilər əllərindən gələni edirlər ki, Rusiya bunu etsin. Gec-tez bu baş verəcək...".

Rəşad

Rəşad Bayramov

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov Paşinyanın Qərb qarşısında götürdüyü öhdəlikləri icra etməkdən başqa yolunun qalmadığını vurğuladı. Onun sözlərinə görə, proseslərin gedişatı Ermənistanın tezliklə KTMT-dən çıxmaq haqqında qərar verəcəyini göstərir: “Ermənistan uzun müddətdir ki, öz davranışları ilə belə bir qərar verəcəyini nümayiş etdirir. Məsələ burasındadır ki, Ermənistanın başqa yolu da yoxdur. Qərb, xüsusilə də ABŞ Paşinyandan götürdüyü öhdəlikləri tez bir zamanda icra etməsini tələb edir. Məlumdur ki, Paşinyanın hakimiyyətə gəlişində ABŞ-ın, eləcə də Ermənistanda fəaliyyət göstərən Qərb institutlarının böyük dəstəyi olub. Bu dəstək fonunda Paşinyan qarşısında qoyulmuş öhdəlik isə Ermənistanın Rusiya ilə məsafə saxlaması və tədricən də olsa Rusiyanın iştirak etdiyi və faktiki olaraq rəhbəri olduğu KTMT-dən çıxmaq, eləcə də Rusiya hərbi bazasının Ermənistan ərazisindən çıxarılması olub. Çünki öz Cənubi Qafqaz maraqlarını təmin etmək istəyən Qərb, Rusiyanın hərbi güc olaraq regionda yalnız Ermənistanda təmsil olunduğunu və Ermənistanın Rusiyanın təsir dairəsindən çıxarılması ilə rəsmi Moskvanın Cənubi Qafqaza təsir imkanlarını minimallaşdırmağın mümkün olacağına inanır”.

Politoloq erməni baş nazirin qismən də olsa, istəyinə nail olduğunu da qeyd etdi: “44 günlük Vətən savaşı və ondan sonrakı proseslər təbii olaraq Cənubi Qafqaz üçün yeni reallıqları ortaya qoyub. Odur ki, Qərb də indi bu yeni reallıqlar fonunda zamanın yetişdiyini düşünür və bütün imkanları ilə Ermənistana təzyiq edir. Rəsmi İrəvan uzun müddətdir ki, KTMT-də fəaliyyətini dondurmasına baxmayaraq qurumun üzvlüyündən çıxmaq haqqında qərar verməməklə isə əslində faktiki olaraq Qərbi şantaj edirdi. Ermənistanın təhlükəsizliyi bəhanəsilə Qərbdən daha çox maliyyə və daha çox silah və texnika almaq istəyən Paşinyan hakimiyyəti indi tam olmasa da, öz istəyinə qismən də olsa nail olub. 

Odur ki, indi xüsusilə ABŞ artıq zamanın gəldiyini və konkret addımlar atmağı tələb edir. ABŞ-ın Azərbaycan və Ermənistan arasında tezliklə sülh sazişinin bağlanmasını istəməsi də əslində bununla bağlıdır. Plan ondan ibarətdir ki, Zəngəzur dəhlizi açılır, sülh sazişi bağlanır, avtomatik olaraq Ermənistan-Türkiyə sərhədləri açılır və bununla da Ermənistan regional layihələrdə iştirak hüququ əldə etməklə dəhlizin açılması, eləcə də Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması üçün özünün iqtisadi təhlükəsizliyini də təmin edir. Çox böyük ehtimalla imzalanacaq sülh sazişi və ya ən azından çərçivə sazişindən dərhal sonra rəsmi İrəvan KTMT-dən çıxmaq haqqında qərar qəbul edəcək".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
69
50
musavat.com

10Источники