RU

Azərbaycan qlobal enerji sektorunun inkişafına mühüm töhfə verir

Son illərdə dünyanın inkişaf etmiş ölkələri öz siyasətlərini daha çox davamlı inkişafı təmin etmək istiqamətində qururlar. İqtisadi inkişafın bir modeli olan davamlı inkişafda əsas məqsəd ətraf mühiti qorumaqla mövcud resurslardan insanların ehtiyacları üçün istifadə olunmasını təmin etməkdir. Belə ki, bu resurslar istifadə olunarkən yalnız hazırki vəziyyət deyil, eyni zamanda gələcək nəsillərin potensial ehtiyacları da nəzərə alınmalıdır. Müasir dövrdə enerjiyə və enerji resurslarına olan tələbatı nəzərə alsaq onda davamlı enerji siyasətinin nə qədər əhəmiyyətli olduğunu görə bilərik. Azərbaycanda da son illərdə bu məsələlərə diqqət artırılmışdır və bir sıra tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  2004-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” və 2009-cu ildə Alternativ və Bərpa Olu¬nan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin yaradılması bu istiqamətdə aparılan əsas işlərdəndir.

Azərbaycan Respublikası sürətlə yeniləşir və ölkə inkişaf templərinə görə, bir sıra istiqamətlərdə dünya və regional liderə çevrilib. Sənaye, kənd təsərrüfatı, xidmət sahələrinin diversifikasiyası, planlaşdırma və idarəetmənin  optimallışdırılması,  fasiləsiz   yeniləşən texnoloji tərəqqi ölkədə iqtisadi və sosial irəliləyişin və  ümumiyyətlə davamlı inkişafın uğu-runun  təzahürüdür. Əldə  edilmiş nailiyyətlər  bir çox beynəlxalq təşkilatların rəsmi hesabatlarında da əksini tapıb. Əlbəttə, qazanılan uğurların kökündə ölkə prezidenti tərəfindən reallaşdırılan və insan potensialına, innovativ texno¬logiyalara əsaslanan inkişaf strategiyası durur. Bu strategiya inkişaf prosesinin hər bir mərhələsində iqtisadi və sosial prioritetlərin ardıcıllığının düzgün müəyyən edilməsinə, qlobal və milli maraqların qarşılıqlı surətdə təmininə yönəldilmiş fəaliyyətdən keçir.

Bu gün aktual məsələlərdən biri də yaşıl iqtisadiyyatın inkişaf etdirilməsidir. Bildiyiniz kimi, yaşıl iqtisadiyyat multiplikator rolunu oynayaraq altı sahənin, yəni kənd təsərrüfatı, balıqçılıq, meşə təsərrüfatı, emal sənayesi (məsələn, yüngül və yeyinti sənayesi), bərpa olunan enerji təsərrüfatı və turizmin inkişafını zəruri edir ki, bu da yeni iş yerlərinin açılması üçün imkanlar yaradır. Azərbaycanda turizmin inkişafı üçün ölkənin iqtisadi gücü və coğrafi mövqeyi baxımından böyük imkanları vardır. Turizmin inkişafı isə dalğa effekti yaradaraq sadalanan sahələrdə işgüzar canlanma yaradır və məşğulluğu artırır. Sahələrin bir-biri ilə əlaqəli inkişafı onların defolta uğrama risklərini zəiflədir. Təsadüfi deyildir ki, məhz, Rio +20 zirvəsi də iqtisadiyyatın bu altı sektorunu yaşıl iqtisadiyyat üçün açar sahələr hesab etmişdir.

Müstəqillik illərində Azərbaycanın neft sənayesinin uğurlu sıçrayışı ilə yanaşı qeyri-neft sektorunda inkişaf, regionların canlanması, qlobaq iqtisa¬di inkişafa inteqrasiya və iqtisadiyyatın rəqabətədavamlılığının yüksəlməsi geriyədönməz xarakter almışdır. Hazırda Azərbaycan davamlı inkişafın bir komponenti olaraq yaşıl iqtisadiyyatın qurulması istiqamətində uğurlu siyasət yürüdür. Azərbaycanda ekoloji sivilizasiyanın əsas komponenti olaraq - yaşıl əmək fəaliyyəti, yaşıl təfəkkür və yaşıl həyat tərzi təşviq olunur. Ətraf mühit problemlərinin əhəmiyyətinin qabardılması və ictimai təşəbbüslərin dəstəklənməsi yaşıl  inkişafın  perspektivlərini  müəyyənləşdirir. Ölkədə 2010- cu il “Ekologiya ili” elan olunmuş, bu çərçivədə müxtəlif işlər görülmüş, spe¬sifik sahələr üzrə elektron mənbələr hazırlanmış və əhali arasında təbliğat genişlənmişdir. Həmçinin, ekoloji cəhətdən daya¬nıqlı sosial-iqtisadi inkişafa dair Milli Proqram qəbul edilib. Prezident İlham Əliyevin Sərəncamı ilə  bu il  “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.  Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir. “BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.  

Əlbəttə ki, bütün bunların fonunda Azərbaycan, onun həyata keçirdiyi siyasət və bu siyasətin real nəticələrini əks etdirən tədbirlər  dünyanın  diqqət mərkəzindədir.  Bu tədbirlərin məşhur  televiziya kanalları vasitəsi ilə yaymlanması, reportajların hazırlanması və  xüsusi ilə də Prezident İlham Əliyevdən müsahibə alınması dövlətimizin başçısının və ölkəmizin nüfuzunun  artmasının nəticəsidir. Bu günlərdə Prezident İlham Əliyevin də müsahibəsinin yer aldığı “Euronews” televiziyasında Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərindən reportaj yayımlanıb. Ölkə başçısı “Euronews”a verdiyi müsahibəsində  qeyd etdi ki,  həyata keçirilən  tədbirlər bizim yaşıl gündəliyimizi nümayiş etdirir və eləcə də göstərir ki, Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. Ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. Bunun üçün bütün imkanlar var. Öz müsahibəsində Prezident İlham Əliyev  vurğuladı ki, “ötən ilin oktyabrında biz 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışını etdik. Bu gün isə ümumi gücü 1 qiqavat olan üç Günəş və külək enerjisi stansiyalarının təməlqoyma mərasimini keçirdik. Bu, yalnız başlanğıcdır, çünki biz orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etməyi planlaşdırırıq. Hədəfimiz belədir. Potensial var. Siz Günəşi, istəyimizi və o cümlədən küləyi görə bilərsiniz”. Azərbaycan təhlükəsizlik və sabitlik adasıdır, etibarlı tərəfdaşıdır. Bu isə çox mühüm amildir. Azərbaycanın “Masdar”,  “ACWA Power” və BP tərəfdaşı və  sərmayədarlarıvar. Həmçinin ölkəmizlə bu sahədə əməkdaşlıq etməyi, birgə fəaliyyət göstərməyi  planlaşdıran digər ölkələrin bir çox şirkətləri var. 

Prezident İlham Əliyev müsahibə zamanı ildən-ilə konfransın  əhəmiyyətinin artdığını qeyd edərək vurğuladı ki: “Bakı Enerji Həftəsində 37-dən artıq ölkədən gəlmiş 300-dən çox nümayəndə iştirak etmişdir. Tədbir artıq 30 ildir keçirilir. Birinci tədbir hələ 1994-cü ildə təşkil olunmuşdur. Heç də hər enerji tədbiri ABŞ Prezidentinin müraciəti şərəfinə nail olmur. Bu tədbirin bütün illəri belə olub və bu, əslində, onun unikal mahiyyətini və gücünü nümayiş etdirir”. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan dünyada sülhün, rifahın, inklüzivliyin, inkişafın  tərəfdarıdır və bunu bütün platformalarda əzmlə nümayiş etdirir. 

Milli Məclisin Komitə sədri, professor Hicran Hüseynova

Избранный
138
2
adalet.az

3Источники