RU

NASA Yerin asteroidlə toqquşmasının qarşısını ala bilməyəcəyini etiraf edib

NASA

Bakı, 24 iyun, AZƏRTAC

Yer kürəsi üçün potensial təhlükəli asteroid və kometaların hərəkətini axtaran, onları izləyən ABŞ Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) Planetin müdafiəsinin koordinasiyası ofisi yeni hesabat dərc edib. Hesabatda bildirilir ki, agentlik planeti asteroidlə toqquşmadan qorumaq üçün lazımi infrastruktura malik deyil.

AZƏRTAC “Tweak Town” texnoloji nəşrinə istinadla xəbər verir ki, hesabatda NASA-nın asteroidlərin toqquşması ssenarisi üzrə keçirdiyi daxili təlimlərdən bəhs edilir. Təlim 2038-ci il iyulun 12-də asteroidin Yerlə toqquşma ehtimalının72 faiz olduğu bir vəziyyəti əhatə edirdi. Hesablamalara görə, həmin asteroidin diametri 60 ilə 800 metr arasındadır, lakin onun diametrinin 100 ilə 320 metr arasında olması ehtimalı daha çoxdur. Toqquşma nəticəsində insanların xəsarət ehtimalları da göstərilib; bir insanın 45 faiz, 1000-dən çox insanın 47 faiz, 100 mindən çox insanın 28 faiz, 1 milyondan çox insanın 8 faiz, 10 milyon nəfərin isə 0,04 faiz təşkil edir. Təsirə məruz qalan sahə ABŞ, Meksika, Portuqaliya, İspaniya, Əlcəzair, Tunis, Liviya, Misir və Səudiyyə Ərəbistanı da daxil olmaqla geniş ərazini əhatə edir.

Bu təlimlərdə iştirak edən daxili bölmələrin çoxu NASA-nın əməliyyatlarında, xüsusən də planlaşdırma və kommunikasiya sahələrində çoxlu sayda kritik çatışmazlıqlar aşkar edib. Məsələn, hesabatda deyilir ki, planetə yaxınlaşan asteroid aşkar edilərsə, bunun əleyhinə dəqiq müəyyən edilmiş reaksiya prosesi yoxdur. Həmçinin qeyd edilir ki, bu günə kimi asteroidin Yerlə toqquşmasının qarşısını almaq üçün yalnız bir praktiki təcrübə aparılıb. Söhbət Double Asteroid Redirection Test (DART) missiyasından gedir ki, bu zaman eyni adlı kosmik gəmi uçuş yolunu dəyişdirmək üçün “Demorfos” asteroidinə çırpılıb.

“Asteroidin təsir ssenarilərində kosmik missiyaların həyata keçirilməsi üçün qərar qəbuletmə prosesi qeyri-müəyyən olaraq qalır. Bu proses nə Birləşmiş Ştatlarda, nə də beynəlxalq miqyasda adekvat şəkildə müəyyən edilməyib”, -deyə hesabatda bildirilir.

Müəyyən edilmiş problemləri həll etmək üçün NASA planetlərin müdafiəsi haqqında məlumatlılığı artırmaq və asteroid zərbəsi təhlükəsinə hazırlaşmaq və ona cavab verməyə hazırlığı gücləndirmək məqsədilə vaxtaşırı brifinqlər və təlimlər keçirməyi tövsiyə edib.

Qeyd edək ki, daha əvvəl alimlər 2024-cü ildə Yerə yaxınlaşan üç asteroidlə bağlı xəbərdarlıq ediblər. Onlardan ikisinin planetimizlə toqquşma ehtimalı var. “FT3-2007” astronomlar tərəfindən “itirilmiş” asteroid adlanır və ilk dəfə 2007-ci il martın 20-də müşahidə edilib, lakin indiki tədqiqatçılar artıq onu tapa bilmirlər. Bu asteroidin diametri 314 metr, çəkisi 54 milyon ton olaraq hesablanıb, əgər planetimizə düşərsə, toqquşmanın enerjisi trotil ekvivalentində 2,6 milyard tona çatacaq. Bəzi hesablamalara görə, bu asteroidin 2024-cü il oktyabrın 3-də Yerlə toqquşma ehtimalı var, lakin o, son dərəcə kiçikdir (11 milyonda 1 nisbətində). Bu səbəbdən NASA-nın mütəxəssisləri narahatlığa əsas olmadığını bildiriblər.

2024-cü ilin oktyabrında “2011 MD” kiçik asteroidi bu il ikinci və sonuncu dəfə Yerə yaxınlaşacaq (birinci yanaşma fevralda baş verib). Bu, planetimiz üçün heç bir təhlükə yaratmır.

“2022 YO1” isə “Apollon” qrupuna aid kiçik asteroiddir. İlk dəfə 2022-ci il dekabrın 17-də müşahidə edilib. 2024-cü ilin dekabrında “2022 YO1” asteroidi Yerlə toqquşa bilər (430-da 1 ehtimalla). Bununla yanaşı, asteroid planetimizin atmosferinə daxil olsa belə, çox güman ki, parlaq alov topu kimi yanacaq və Yerin səthindəki obyektlərə zərər verməyəcək.

Избранный
227
3
azertag.az

4Источники