RU

Toivo Klaar özünü ifşa etdi- atəşkəsi pozan Ermənistanın təklifinə ciddi baxdı...

Image

Elşad Həsənov: “Klaarın açıqlaması Qərbin Ermənistanla bağlı ümumi siyasətinin bir hissəsidir”

Ermənistan-Azərbaycan sərhədində gərginliyi azaltmaq və atəşkəs pozuntularını aradan qaldırmaq üçün ikitərəfli mexanizm yaradılması təklifi alqışlanmalıdır. Bu sözləri Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar X səhifəsində yazıb. 

“AB-nin Gürcüstandakı monitorinq missiyası 15 ilə yaxındır fəaliyyət göstərir və təcrübəsini bölüşməyə hazırdır”, - Klaar qeyd edib. Qeyd edək ki, Ermənistan silahlı qüvvələri tərəfindən son günlərdə atəşkəs rejimi mütəmadi olaraq pozulur. Sərhəddə “ikitərəfli mexanizm” təklifini Ermənistan Baş naziri Nikol Paşinyan irəli sürüb.

Maraqlıdır, AB rəsmisinin Paşinyanın təklifimi belə tez-tələsik dəstəkləməkdə əsl niyyəti, məqsədi nədir? Bunun arxasında hansı maraq dayanır?

“Məqsəd Avropa İttifaqı egidası altında qüvvələrin atəşkəsə nəzarətini təmin etməkdir” 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən siyasi ekspert Elşad Həsənovun fikrincə, Qərb son dövrlər Cənubi Qafqazda aktivləşib: “Əsasən də ABŞ. Xüsusilə Ermənistana onların yüksək rütbəli rəsmilərinin səfərləri artıb. Əvvəlcə O`Brayn, sonra digər ABŞ rəsmisi İrəvana səfər etdi. ABŞ Dövlət Katibinin birinci müavini Riçard Verma İrəvana gəldi. Açıq bəyan etdilər ki, ABŞ-Ermənistan əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə qalxıb. Görünən odur ki, ABŞ Ermənistanda ciddi iş aparır. Artıq görünür ki, Ermənistan Rusiyadan qopur. Ermənistan ABŞ-la birgə təlimlər keçirir, oradan hərbi təlimatçılar gəlir və s. O cümlədən, Ermənistan bir ildən artıqdır KTMT-nin heç bir tədbirində iştirak etmir. Bir sözlə, Qərbin apardığı siyasətin nəticəsidir ki, Ermənistan Rusiyadan uzaqlaşır. Toivo Klaarın tez-tələsik Paşinyanın “ikitərəfli mexanizm” təklifini dəstəkləməsi də bunun tərkib hissəsidir. Bu, Qərbin Ermənistanla bağlı ümumi siyasətinin bir hissəsidir. Hamı yaxşı bilir ki, atəşkəs Ermənistan tərəfindən pozulur. Qərb birləşmələrini Ermənistana gətirmək üçün “ikitərəfli mexanizm” məsələsini ortaya atıblar. Artıq 2 ilə yaxındır ki, Avropa İttifaqının müşahidə missiyası Azərbaycan-Ermənistan sərhədində fəaliyyət göstərir. Onlar əvvəl az idilər. İndi onların sayı 1500 nəfərə çatdırılıb. Orada təkcə Fransa və Almaniyanın yox, eyni zamanda digər ölkələrin, o cümədən, Kanadanın da nümayəndələri var. Məqsəd Aİ egidası altında qüvvələrin atəşkəsə nəzarətini təmin etməkdir. Onların əsl niyyəti bununla bağlıdır. Əgər belə bir missiya yaratmaqda qərarlıdılarsa, mütləq orada Türkiyə olmalıdır. Hesab edirəm ki, bu, ABŞ-ın planıdır. Nəzərə almaq lazımdır ki, Fransanın son vaxtlar Ermənistanı silahlandırması da təsadüfi deyil. Ermənistanın müdafiə naziri Suren Papikyanın fransız həmkarı Lekorne ilə görüşü, hərbi əməkdaşlıq barədə saziş imzalaması bütün bu işlərin tərkib hissəsidir. Məhz bu səbəbdən Fransa Ermənistana “SEZAR” haubitsalarının verilməsinə qərar verdi. Bu artilleriya vasitələri isə müdafiə yox, hücum silahlarıdır. Görünən odur ki, Ermənistanı müharibəyə hazırlayırlar. Ancaq bunun nəticələri erməni tərəfi üçün ağır olacaq”.

Vidadi ORDAHALLI





Избранный
180
baki-xeber.com

1Источники