Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir
Prezident İlham Əliyev Cənubi Qafqazın təhlükəsizlik arxitekturasını yaradan liderdir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2024-cü il iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil and Qaz” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılış mərasimində iştirak etmişdir. Bununla əlaqədar Ölkəmizin Başçısı iyunun 21-də “Euronews” televiziyasına müsahibə vermişdir. Cənab Prezident İlham Əliyev müxbirə planlar barədə məlumat verərək bu tədbirin Azərbaycanın nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedici olduğunu və ”Masdar”ın da bərpaolunan enerji sahəsində ölkəmizin strateji tərəfdaşımız olduğunu bildirdi. Cənubi Qafqaz regionu həmişə özünün gərginliyi ilə seçilib. Çünki müxtəlif beynəlxalq güclərin barışmaz maraqları daha çox münaqişə ocaqlarının burada mövcud olmasını şərtləndirib. Lakin 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra Cənubi Qafqaz bölgəsinin münaqişə potensialı əhəmiyyətli dərəcədə azaldı. Belə ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev postmüharibə dövründə tarixdə ilk dəfə olaraq regionun təhlükəsizlik arxitekturasını yaratdı. Məlumdur ki, tarixən Cənubi Qafqazda regional təhlükəsizlik sisteminin qurulması üçün dəfələrlə cəhdlər edilib. Lakin heç vaxt uğurlu nəticələr əldə olunmayıb. Məhz Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra regionda sülh və təhlükəsizlik üçün real imkanlar yaranıb. 2020-ci ilə qədər dövlətimiz keçmiş münaqişə vəziyyətini dinc vasitələrlə həll etmək üçün qətiyyətli mövqe sərgiləyirdi. Ötən 17 ildə Prezident İlham Əliyev Ermənistana və onun havadarlarına təsir göstərmək üçün ayrı-ayrı beynəlxalq təşkilatlara çağırışlar edirdi. Lakin bizim bu çağırışlarımıza diqqət yetirən yox idi. Əksinə, bildirilirdi ki, guya münaqişənin hərbi həll yolu yoxdur. Bununla da onlar münaqişəni uzatmaqla Ermənistana işğal etdiyi Azərbaycan torpaqlarında möhkəmlənməyə şərait yaradırdılar. Təbii ki, Prezident İlham Əliyev nəticəsiz danışıqları sonsuzluğa qədər davam etdirməyəcəyini bildirirdi və belə də oldu. Özünü tam cəzasızlıq şəraitində hiss edən Ermənistanın növbəti təxribatlarının qarşısını almaqla yanaşı, torpaqlarımızın işğaldan azad olunması əməliyyatlarına da başlandı və 44 gün ərzində erməni işğalının nəticələri əhəmiyyətli dərəcədə aradan qaldırıldı. 2023-cü ilin sentyabrın 19-da isə birgünlük lokal antiterror tədbirləri nəticəsində terrorçu və separatçı xuntanın ləğvi gerçəkləşdirildi. Beləliklə, Azərbaycan Ordusu öz qüdrətini, Ali Baş Komandan İlham Əliyev isə öz iradəsini, əsl sərkərdəlik bacarığını bütün dünyaya nümayiş etdirdi. Bununla da Azərbaycan MDB məkanında öz ərazilərini məhz beynəlxalq normalara uyğun olaraq işğaldan azad edən, separatizmin kökünü kəsən ilk dövlət oldu. Nəticədə əvvəldə qeyd etdiyimiz kimi, Azərbaycan Cənubi Qafqaz regionunda yeni geosiyasi konfiqurasiya formalaşdırdı. Ən başlıcası isə Prezident İlham Əliyev dövlətin və xalqın məğlub obrazını da tamamilə dəyişdi. Bu gün artıq dünyada ərazi bütövlüyünü bərpa etmiş qalib Azərbaycan dövləti və qalib Azərbaycan xalqı var. Məhz güclü Azərbaycan haqlı olaraq postmüharibə dövründə Ermənistanı sülhə məcburetmə taktikası ilə küncə sıxışdırdı. Azərbaycan dövləti ərazilərini işğaldan azad etdikdən və ərazi bütövlüyünü təmin etdikdən sonra bölgədə yeni reallıqlar formalaşdı. Artıq bu reallığı dəyişəcək güc mövcud deyil. Çünki burada şərtləri diktə edən bizik. Xüsusilə qürurverici haldır ki, Azərbaycan Prezidenti dünyanın ümumi vəziyyətinə təsir etmək gücündə olan dövlət başçıları ilə eyni sıradadır. Ölkəmizin hazırkı nüfuzu və mövqeyi həm tarixi Qələbəmizi və həm də ümumilikdə bütün milli maraqlarımızı inamla qorumağa imkan verir. Bu gün Fransa başda olmaqla kollektiv Qərb Cənubi Qafqazda yenidən gərginlik ocaqları yaratmağa çalışır. Lakin onların regiona müdaxilə etmələrinə imkan verən münaqişə amili artıq mövcud deyil. Ona görə ki, Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi, böyük diplomatik bacarığı sayəsində ölkəmizə qarşı qərəzli siyasi mövqelərin formalaşdırılması cəhdləri tam fiaskoya uğrayıb. Prezidentimizin də vurğuladığı kimi, hazırda Azərbaycan Ordusu 2020-ci ildəkindən daha da güclüdür. Bu güc anti-Azərbaycan qüvvələr üçün bir kabusdur. Çünki müasir dövrdə hüququn gücü yox, gücün hüququ keçərlidir. Azərbaycan Ordusunun bugünkü gücü həm də dövlətimizin siyasi-diplomatik uğurlarının qarantı rolunda çıxış edir. Diqqətçəkən digər önəmli hadisə isə odur ki, biz öz ərazilərimizdə antiterror tədbirlərini həyata keçirdikdən cəmi iki ay yarım sonra COP29-un Azərbaycanda keçirilməsi haqqında yekdilliklə qərar qəbul edildi. Təbii ki, bu amili Azərbaycanın ədalətli mövqeyinin təntənəsi kimi də qiymətləndirmək olar. Eyni zamanda, bu, Azərbaycan dövlətinə və onun rəhbərinə olan böyük inam və etimadın göstəricisidir. Yəni, böyük dövlətlər 35 ildən sonra, nəhayət, görməyə başlayıblar ki, hansı coğrafiyada baş verməsindən və hansı etnik qrup tərəfindən törədilməsindən, hətta onların məlum fobiyaları və ayrı-seçkiliyi səbəbindən kiməsə tərəfkeşlik etmələrindən asılı olmayaraq, separatizm dünya birliyinin nizamına ciddi təhdid yaradan təhlükəli faktora çevrilib. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un 2024-cü ildə ölkəmizdə keçirilməsi ilə bağlı qəbul olunmuş qərar həm də bu gerçəkliyin etirafıdır. Bu, o anlamı verir ki, Azərbaycanın bir çox nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzundan qaynaqlanır. Eyni zamanda, Prezident İlham Əliyev bütün geosiyasi hədəflərinə böyük hərbi-siyasi gedişlər etməklə çatmağı bacarır. Xüsusilə Ermənistan üzərindən ölkəmizə qarşı qurulan bütün təhlükəli oyunların qarşısı alınır. Bir sözlə, bu gün Prezident İlham Əliyevin qarşıya qoyduğu ümummilli hədəflər dövlətimizi daha da güclü etməklə onun beynəlxalq proseslərə təsir imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir.
Bayram Xudayarov Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, “Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü