RU

Vüqar Rəhimzadə: 106 illik yolun təqdimatı ərazi bütövlüyüdür

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 106 il ötür. Şübhəsiz, bu tarixi hadisədən ötən 106 illik yolu bir yazıda tam  əhatə etmək qeyri-mümkündür. Bu yolun uğurlu addımlarının nəticəsində hazırda dünyaya səs salan, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını sonsuz qürurlandıran tarixi Zəfərə imza atdıq, ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdik. Bir daha sübut olundu ki, 106 illik şərəfli tarixə sahib olan Azərbaycan Ordusu üzərinə düşən istənilən missiyanı layiqincə yerinə yetirmək gücündə, qüdrətindədir. Buna əmin olmaq üçün təkcə müstəqilliyimizin bərpasından ötən dövrdə ordu quruculuğu istiqamətində atılan addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışına qədər Azərbaycanın yaşadığı faciələr, təhlükələr tariximizin  qara səhifəsi olaraq daim vərəqlənir və bir daha sübut olunur ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun qorunub saxlanılması ondan da çətindir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan müstəqilliyini, bir dövlət olaraq varlığını itirmək təhlükəsi ilə üz-üzə qaldı. Həmin dövrü xarakterizə edən mühüm məqamlardan biri də Silahlı Qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət etməsi idi. Bu isə son nəticədə torpaqlarımızın işğalına səbəb oldu.

 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin  xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi, ordu quruculuğunda da uğursuzluqlara son qoyuldu. Başqa sözlə, Azərbaycan Milli Ordusunun formalaşması prosesində yeni mərhələ başladı.  Ümummilli Lider Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqqında sazişin imzalanmasından sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndirildi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət göstərildi. Onu da qeyd etməliyəm  ki, Ulu Öndər Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə hərbi kadrların yetişdirilməsini diqqətdə saxlayaraq  Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasına nail olmuşdu. Qürur hissi ilə vurğulamaq gərəkdir ki, müstəqilliyimizin bərpasından sonra bu hərbi lisey Azərbaycanda ordu quruculuğunun əsas bazalarından birinə çevrildi.

 Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, ölkəmizdə ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, Silahlı Qüvvələrin beynəlxalq standartlara uyğun formalaşdırılması bütün dövrlər üçün aktuallığını qoruyaraq bu istiqamətdə mühüm addımların atılması ilə xarakterizə edilir. Ordu quruculuğu prosesinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində atılan addımlar sırasında bu məqamı xüsusi qeyd etmək istərdim ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və Analiz Prosesi” Proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və fəaliyyətini NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi. Bununla yanaşı, hərbi kadrların yetişdirilməsi məsələsi də prioritetliyi ilə diqqətdə oldu. Ulu Öndərin 1999-cu ildə imzaladığı Fərman əsasında Azərbaycan Hərbi Akademiyasının yaradılması da bunun bariz nümunəsidir. Akademiyanın fəaliyyətinin əsas məqsədi Azərbaycan Respublikası Silahlı Qüvvələri üçün xüsusi ixtisaslar üzrə ali hərbi təhsilli zabit kadrları hazırlamaq və hərb elmləri sahəsində elmi-tədqiqat işlərinin aparılmasını təşkil etməkdir. Həmçinin Ulu Öndər Heydər Əliyevin  2001-ci ildə imzaladığı Sərəncama uyğun olaraq Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı. Təbii ki, atılan hər bir addım müstəqilliyimizin və suverenliyimizin qarantı kimi dəyərləndirilən ordumuzun daha da güclənməsinə, qüdrətlənməsinə xidmət etdi. Ümummilli Liderin 22 may 1998-ci il tarixli Fərmanı ilə Əlahiddə Azərbaycan Korpusunun yarandığı günün  – 26 iyun tarixinin Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunması da orduya dövlətin diqqət və qayğısının bariz nümunəsidir. Nəzərə alaq ki, hər bir bayram, əlamətdar tarixi gün keçilən yolun təhlilini bir tələb kimi qarşıya qoyur. Hesabat xarakteri daşıyan bu tarixlərdə  konkret sahənin inkişafı istiqamətində atılan addımların təhlili fonunda qarşıdakı dövrdə görüləcək işlər diqqətə çatdırılır, hədəflər açıqlanır.

YAP Xətai rayon təşkilatının sədri onu da qeyd edib ki, son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, beynəlxalq nüfuzunun artırılması istiqamətində atdığı addımlar da davamlılığı ilə diqqətdədir. Keçilən 106 illik yolun təqdimatı tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsidir. Azərbaycan 30 il işğal altında olan torpaqlarının azad edilməsi üçün bu müddətdə dünya güclərindən ədalət gözlədi. Sülh danışıqlarına üstünlük verən Azərbaycan dövləti müharibə şəraitində yaşayan ölkə olaraq ordu quruculuğunu da xüsusi diqqətdə saxladı. Ümummilli Lider Heydər Əliyevin çağırışlarında qeyd edildiyi kimi, ordu olmalıdır, ona görə yox ki, biz hansısa bir dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək istəyirik. Yox. Biz sülhsevər dövlətik. Biz heç kəsin torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək istəyirik. Azərbaycan xalqının ali məqsədi bundan ibarətdir. Azərbaycan dövlətinin apardığı siyasət, əməli fəaliyyət bundan ibarətdir. Bunun üçün və gələcəkdə dövlət müstəqilliyimizi qoruyub saxlamaq üçün güclü ordumuz olmalıdır. SEO Xidməti

Vüqar Rəhimzadə bildirib ki, son 20 ildən artıq dövrdə ordumuzun qüdrətinin, döyüş qabiliyyətinin artırılması, bir sözlə, Qələbəyə hazırlanması istiqamətində atılan addımların uğurlu nəticələri zaman-zaman qazandığımız zəfərlərdə özünün aydın ifadəsini tapıb. Belə ki, tarixi Zəfərimizə gedən yolun başlanğıcı kimi dəyərləndirilən  2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza yenidən Qələbə sevinci yaşatdı. Bu Zəfərin davamı olaraq 2018-ci ildə Günnüt əməliyyatı Silahlı Qüvvələrimizin imkanlarını bir daha nümayiş etdirdi. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Ermənistan silahlı qüvvələri aldığı bu dərslərdən nəticə çıxarmadı, yenə də hərbi təxribatları davam etdirdi. Nəticədə 2020-ci ilin 27 sentyabr tarixində başlanan İkinci Qarabağ müharibəsində rəşadətli  Azərbaycan Ordusu erməni silahlı birləşmələrinə tarixdə heç zaman unutmayacaqları dərsi verdi. 44 günlük Vətən müharibəsinin sonunda Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur edildi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu.

YAP Xətai rayon təşkilatının sədri Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Bizim Ordumuz təlimlərdə yox, paradlarda yox, döyüş meydanında öz gücünü göstərmişdir” fikrini önə çəkərək qeyd edib ki, istər hərbi əməliyyatların  həyata keçirilməsi, istərsə də humanitar məsələlərin həlli baxımından Azərbaycan Ordusu bütün dünya üçün nümunə yaratdı. Azərbaycan Ordusu hərbi əməliyyatlar zamanı daim  humanitar  tələblərə uyğun davranır. 44 günlük İkinci Qarabağ müharibəsi, ötən il həyata keçirilən bir günlük antiterror tədbirləri bunun bariz nümunəsidir.  Bu əməliyyatlar  zamanı mülki əhali ziyan görmədi, onıların qorunması üçün zəruri addımlar atıldı. Ermənistan silahlı qüvvələrinin 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə məğlubiyyətlərini həzm edə bilməyərək  bu və ya digər ərazilərimizi raket atəşinə tutmalarını, mülki əhaliyə vurduqları zərəri, insan itkisini xatırlatmaqla onların  dünya güclərinin gözləri qarşısında beynəlxalq hüququn norma və  prinsiplərini necə kobud şəkildə  pozmaları heç vaxt yaddaşlardan silinməyəcək. Təəssüf ki, yeri gəldi-gəlmədi daim haqqdan, ədalətdən dəm vuran dünya gücləri yenə də ermənilərin bu vandalizm aktlarına  susmaqla bir növ işğalçı dövlətə dəstəklərini nümayiş etdirdilər.

Vüqar Rəhimzadə onu da əlavə edib ki, İkinci Qarabağ müharibəsi zamanında Azərbaycan Ordusunda bir nəfər də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərə tezliklə sağalıb   döyüş meydanına,  öz missiyalarını başa vurmağa qayıtmaq arzusunda olduqlarını bildirir və bu istəklərini reallaşdırırdılar. Budur, Azərbaycan əsgərinin, zabitinin torpaq, Vətən sevgisi, şərəfli missiyasını yerinə yetirmək bacarığı, mərdliyi və qəhrəmanlığı. Bu gün beynəlxalq ekspertlər hələ də Azərbaycan Silahlı Qüvvələrinin döyüş təcrübəsini öyrənir, təhlil edirlər. Hər bir sahədə ilklərə imza atan Azərbaycan modern müharibə taktikası ilə də dünyanın diqqətində oldu.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, tarixi Zəfərə imza atıb, ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etsək də ordu quruculuğu daim prioritet məsələ kimi öndədir. Tarixi Zəfərimizdən ötən dövrdə bu istiqamətdə atılan addımların uğurlu nəticələrini ötən ilin 19-20  sentyabr tarixlərində ordumuzun apardığı 23 saatlıq  lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi zamanı  gördük. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür və cəmi bir neçə saat davam edən antiterror əməliyyatı bunun bariz nümunəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyev 7 fevral 2024-cü il tarixdə keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbəsindən sonra keçirilən  andiçmə mərasimində bütün sahələrdə hədəfləri açıqladı. Ordu quruculuğu istiqamətində atılan addımların təhlili əsasında belə bir çağırışı səsləndirdi ki, bizim siyasətimiz beynəlxalq hüquqa əsaslanır.  Ermənistan ərazisinə iddiamız yoxdur, ancaq onlar da öz iddialarını geri döndərməlidirlər: “Bizdən əsassız iddialarla şantaj dili ilə danışmaq onlara baha başa gələcək və onu yəqin ki, hər kəs görür. Beləliklə, ordu quruculuğu prosesi davam etdiriləcək. Bizim dövlət büdcəmizdə bu gün də ən böyük xərclər hərbi xərclərdir və hərbi xərclərlə bərabər, Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır.”Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki, şanlı Silahlı Qüvvələrimizin yaranmasının 106-cı ildönümü ərəfəsində Ağdamda, Füzulidə, Laçında, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Şuşada, Hadrutda, Xocavənddə,  Xocalıda, Ağdərədə, Əsgəranda, Xankəndidə, bütövlükdə müqəddəs Qarabağ və Şərqi Zəıngəzur torpaqlarımızın hər qarışında  olduğumuz üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarıq. Qanları, canları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik.


Telegram kanalımız
Избранный
121
10
yenisabah.az

10Источники