“Məsələnin kökü ondan ibarətdir ki, Azərbaycan ailəsi bu gün olduqca gərgin vəziyyətdədir. Bu gərginliyi ortadan götürmək üçün hökmən yeni metodlar lazımdır. Biz bu gün Azərbaycan ailəsindəki problemləri həll etməyə çalışarkən 30-40 əvvəlki metodlardan istifadə edir, məsələni bu cür tənzimləmək istəyirik. Elə metodoloji səhvimiz də bundan ibarətdir”. Bu sözləri SİA-ya danışan sosioloq Əhməd Qəşəmoğlu deyib.
Onun sözlərinə görə, ilk olaraq ailənin əsas funksiyasının nə olduğunu dəqiqləşdirməliyik: “Ailənin əsas funksiyasını aydınlaşdırdıqdan sonra düşünməliyik ki, dəyişən cəmiyyətdə, mühitdə nələri etməliyik ki, həmin funksiyalar yenə də qorunsun və ailə o funksiyaları yerinə yetirsin. Biz bunun əvəzinə yenə yollar axtarırıq ki, kişini və yaxud arvadı necə sakitləşdirək. Beləliklə, metodoloji, sosial və humanitar sahədəki səhvlərimizə görə bu gün ailələrimizdə çox gərgin vəziyyət yaranıb. Əlbəttə ki, belə olan halda hər iki tərəf öz gücü çatan vasitələrdən istifadə edərək həmin gərginlikdə, münaqişədə iştirak edir. Qadınların gücü daha çox dilinə, kişilərinki isə yumruğa çatır. Müşahidə edirik ki, kişi ailəsinə qazanc gətirə bilməyəndə qadın onu hər gün evdə kiçildir, təhqir edir, psixoloji təzyiqlər edir, təəssüf ki, çox zaman bu uşaqların gözü qarşısında baş verir. Əlbəttə ki, bu bütün qadınlara aid deyil. Amma reallıqda bu cür faktlar çoxdur”.
“Bəzi ailələr var ki, orada qadınların da yumruğu güclüdür və kişinin yumruğu qarşısında o da yumruq vurur. Hansı ki, kişi fiziki cəhətdən zəifdir və qadın tərəfindən döyülür. Kişilər utandığından bu məsələni çox üzə çıxartmır. Deyim ki, göstərilən statistikadan xeyli çox evdə məişət zorakılığına məruz qalan kişi var. Digər tərəfdən, biz bu gün cəmiyyətimizdə yalnız qadın hüquqları, onun qorunması haqda danışır, müzakirə edirik. Kimlərsə qrant almaq xatirinə yüzlərlə bu cür layihələr həyata keçirir. Kişiləri isə düşünmür, bu yöndə onları maarifləndirmirik. Vəziyyət dəyişib, indi ailədə başqa münasibət var. Biz indi yuxarıda qeyd etdiyim prinsiplər əsasında ailələri xilas etmək haqqında danışmalıyıq. Təəssüf ki, hələ də bunu etmirik",- deyə o bildirib.
Ləman Sərraf