“Proseslər göstərir ki, Azərbaycanda ictimai qayda və ictimai təhlükəsizlik tam şəkildə təmin edilir. Dövləti, cəmiyyəti və milli maraqları təhdid edən istənilən qəsdin qarşısı qətiyyət və peşəkarlıqla alınır.
Lakin Rusiyada baş verən son terror aktı, həmçinin digər region ölkələrində müşahidə olunan qeyri-stabil vəziyyət göstərir ki, təhlükəsizlik məsələsində yalnız daxilə fokuslanmaq olmaz və bütövlükdə təhlükəsizlik mühiti xarici təhdidlərlə uzlaşdırılmış şəkildə qiymətləndirilməlidir.
Bu mənada, Nazirlər Kabinetinin Qərarı ilə xüsusi karantin rejimi müddətinin uzadılması təhlükəsizlik baxımdan mühüm önəmə malikdir. Cənab Prezidentin aprelin 23-də ADA Universitetindəki çıxışında da ifadə etdiyi kimi, quru sərhədlərimizi bağladıqdan sonra milli təhlükəsizliyimiz üçün çox böyük faydalar gördük və bu Azərbaycanda təhlükəsizliyi gücləndirib”.
“Cebhe.info” xəbər verir ki, bunu deputat Bəhruz Məhərrəmov parlamentin bugünkü iclasında deyib.
Deputat qeyd edib ki, indiki həssas dönəmdə, dünyada terror və digər cinayətkarlıq meyillərinin ayrı-ayrı dövlətlər səviyyəsində rəsmən dəstəkləndiyi bir şəraitdə belə təhdidlərin Azərbaycana yol tapa bilməməsinin səbəblərindən biri məhz quru sərhədlərin bağlı qalmasıdır:
“Unutmamalıyıq ki, yalnız güclü və suveren dövlət indiki həssas məqamda öz təhlükəsizliyi ilə bağlı müstəqil qərar verə bilər, o cümlədən təhlükəsizlik elementi kimi quru sərhədini bağlı saxlaya bilər. Sərhədlərlə bağlı qərar göstərir ki, ölkəmiz bu güc və imkana sahibdir.
Təbii ki, bu situasiya regionda qeyri-sağlam maraqlar güdən gücləri qane edə bilməz və ölkə daxilində "5-ci kolon"un iki gündür məsələ ətrafında hay-küy salması təsadüf deyil. Xatırlayırsınızsa, bunlar hətta Nazirlər Kabineti qarşısında aksiya- filan keçirmək eşqinə düşmüşdülər. Amma təbii ki, Azərbaycan meydanlarda məsələ həll olunan anarxiya dövləti deyil. Heç kim cənab İlham Əliyevin iradəsinə təsir edə bilməz və bu qətiyyət Azərbaycanı daha təhlükəsiz coğrafiyaya çevirməkdədir.
Bilirsiniz ki, indi də başqa istiqamətdən hərəkətə başlayıblar, qaragüruhun VI çağırış parlamentın fəaliyyətinə kölgə salmaq səylərinə şahidlik edirik. Seçki vaxtı parlamentə can atanlar bu gün parlamentin nüfuzsuzlaşırmasına cəhdlər edir”.
B.Məhərrəmov bildirib ki, VI çağırış Milli Məclis ən şərəfli və mürəkkəb periodlarda layiqli hakimiyyət qolu kimi fəaliyyəti ilə özünü doğruldub və indi də növbədənkənar seçkilər - hansısa uğursuzluğun, böhranın, məğlubiyyətin yox, möhtərəm Prezidentin liderliyində qələbələrdən, uğurlardan doğan reallığın diqtəsidir:
“Eyni zamanda, heç şübhəsiz ki, növbədənkənar parlament seçkiləri həm də siyasi sistemin heç bir sosial bazisi olmayan, sosial medianın ödənişli paylaşımları hesabına ayaqda qalan antimilli ünsürlərdən, özünü “xalqa yaxın”, “milli” göstərən saxtakarlardan, müstəqilliyə aparan yeganə yol olan Heydər Əliyevin istiqlal yolundan özünə pay çıxarmağa, rol biçməyə çalışan tükənmiş populistlərdən arınması, siyasi sistemimizin təmizlənməsi üçün mühim mərhələ olacaq”.