Yeni Kaledoniyada müstəqillik tərəfdarlarının lideri Kristian Teynanın da aralarında olduğu 7 nəfərin Fransaya ekstradisiyasından sonra etirazların yeni dalğası başlayıb.
Busaat.az xəbər verir ki, bu barədə görüntülər xarici KİV-də yayılıb.
Məlumata görə, iyunun 24-də Teynanın Fransaya ekstradisiyasından sonra müstəqillik tərəfdarları yenidən ayağa qalxıb. Paytaxt Numeada polis bölməsi də daxil olmaqla bəzi bina və avtomobillər yandırılıb.
Xatırladaq ki, Yeni Kaledoniyada iğtişaşlar bu ilin mayın 13-də başlayıb. Bunun səbəbi Parisin yeni seçicilərə – 10 ildən çoxdur Yeni Kaledoniyada yaşayanlara yerli seçkilərdə səs vermək hüququ vermək qərarı ilə bağlıdır. Yerli əhali bu qərarın əleyhinə çıxıb.
Fransa Prezidenti Emmanuel Makron iyunun 12-si Yeni Kaledoniyada seçki islahatlarının dayandırıldığını açıqlayıb.