RU

Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi ŞƏRH

Məlumdur ki, Qubadlı ölkəmizin təbii sərvətlərlə ən zəngin rayonlarından biridir. Rayonun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı vardır. Həmçinin rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngin olub. Bərəkətli torpağı olan Qubadlıda işğala qədər taхıl, üzüm, tütün, bostan məhsulları becərilir, heyvandarlıqla məşğul olunurdu. Rayonun “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzləri xüsusilə yüksək məhsuldarlığı olan torpaqlar idi. Tütünçülük rayonun iqtisadiyyatında mühüm yerlərdən birini tuturdu. Əsas əkin sahələri “Gəyən” və “Yazı” düzlərində, dağ ətəyi meşə zonasında, Bərgüşad və Həkəri çaylarının vadisində yerləşirdi. Lakin bütün bu zənginlikdən indi əsər-əlamət qalmayıb. 27 il davam edən işğal dövründə erməni qəsbkarları rayonun faydalı qazıntı yataqlarını qanunsuz olaraq istismar etmiş, sərvətlərini talamış, mədəni-tarixi abidələrimizi vandalcasına dağıdaraq viran qoymuşlar. Qubadlı rayonu 1993-cü ilin avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə işğal olunmuşdur. Lakin buna qədər də rayon 1988-ci ildən başlayaraq Еrmənistan ordusunun və Qarabağdakı separatçı cinayətkar rejiminin qanunsuz silahlı birləşmələrinin hissələri tərəfindən mütəmadi olaraq təcavüzkar hücumlara məruz qoyulmuş, dinc əhaliyə qarşı tеrror törədilməsi sistеmli şəkildə davam еtdirilmişdir. İşğal nəticəsində rayonun 94 yaşayış məntəqəsi, minlərlə fərdi yaşayış evi, yüzlərlə sosial və mədəniyyət obyektləri, inzibati binalar, məscidlər, körpülər dağıdılmış, yararsız vəziyyətə salınmışdır. Rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir.Yeri gəlmişkən, 25 oktyabr tarixi 44 günlük Vətən müharibəsinin gedişində əhəmiyyətli dönüş nöqtəsi olub. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün davam etdi. Şəhəri azad etmək üçün ilk növbədə ətrafdakı yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdə hərbçilərimizi təhdid edən gücləndirilmiş atəş nöqtələri yaratmışdı. Azərbaycan Ordusu Qubadlı uğrunda gedən döyüşlərdə də yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirdi. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri və digər strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələrinin hissələri şəhəri düşməndən təmizlədilər. Növbəti iki həftə ərzində rayonun daha 38 kəndi azad olundu. Ümumilikdə isə, Vətən müharibəsinin gedişində Qubadlı şəhəri və rayonun 41 kəndi işğaldan azad edilib. Birmənalı olaraq demək lazımdır ki, tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədilə dövlətimiz tərəfindən qəbul olunan qərarlar mühüm əhəmiyyət kəsb edir. O cümlədən, 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi və Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə on beş min nəfərdən artıq qəhrəman hərbçilərimiz bu medalla təltif olunublar. Həmçinin möhtərəm Prezidentimizin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Həmin Sərəncama əsasən 25 oktyabr Qubadlı Şəhəri Günü kimi müəyyən olunub.Cənab Prezident İlham Əliyevin dediyi kimi, bu gün Qubadlıya artıq öz sahibləri qayıdıb və hal-hazırda rayonun yenidən qurulması istiqamətində irimiqyaslı işlər görülür. İşğaldan sonra dövlət başçımızın azad edilmiş digər ərazilərə olduğu kimi, Qubadlıya da etdiyi müntəzəm səfərləri rayonda aparılan bərpa-yenidənqurma işlərinin xüsusi diqqət mərkəzində saxlandığından xəbər verir. Məhz bu səfərlər zamanı Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, həmçinin Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli qoyulub.Ən əsası, Ölkə Başçısı cənab İlham Əliyevin birbaşa nəzarəti altında həyata keçirilən layihələrin miqyası və görülən işlərin dinamikası insanı heyran edir.Fərid Dünyamalıyev,Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvü, YAP Göygöl rayon təşkilatı üzrə Heyvandarlıq Elmi Tədqiqat İnstitutu ərazi partiya təşkilatının sədr müavini

Избранный
308
sesqazeti.az

1Источники