RU

Heyvan bazarına gedən yolda qəza: Zərərçəkənin oğlu atasını vurub qaçan sürücünü axtarır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qazax rayonunun Çaylı kəndi ərazisində yerli sakini vuran avtomobilin sürücüsünün hadisə yerindən yayındığı iddia olunur.
Bununla bağlı zərərçəkənin oğlu Xəyal Nuriyev Oxu.Az-a açıqlamasında bildirib ki, həmin vaxt onlar Qazax rayonunda yerləşən heyvan bazarına gedirmişlər:
"Mən atamla birlikdə gecə saat 3 radələrində Qazax rayonunun heyvan bazarına satmaq üçün heyvan aparırdıq. Çaylı kəndindən 300 metr aralıda əvvəlcə heyvanları, sonra da atamı avtomobil vurdu. Mən şokda idim, özümü itirdim, atamın yanına qaçdım və qəza törədən şəxsə fikir vermədim. Düşündüm ki, maşından düşüb yanımıza gələcək. Amma baxdım ki, maşını sürüb qaçdı. Daha sonra atamı Qazax Rayon Mərkəzi Xəstəxanasına apardıq. Polis çağırıldı və gəlib atamdan xəstəxanada izahat aldı. Atam Gəncədə çiynindən əməliyyat olundu, çiyninə mil qoyuldu. Şəkəri, təzyiqi var, vəziyyəti yaxşı deyil. Bir xırdabuynuzlu heyvan da öldü".
Şikayətçi bildirir ki, həmin vaxtdan 10 gün keçməsinə baxmayaraq, atasını vuran şəxs hələ də tapılmayıb:
"Hadisə yerindən 300 metr irəlidə radar, ondan da bir az qabaqda müşahidə kamerası var. Marketlər var, hamısının da kamerası var. Polis deyir, o radar nazirliyə tabedir, biz müdaxilə edə bilmirik, nazirliyə sorğu göndərmişik, cavab göndərəcəklər. Dəfələrlə "qaynar xətt"ə müraciət etmişəm. 10 gündür, bir xəbər yoxdur. Mənə hər hansısa bir maşını göstərirlər ki, bu həmin maşındır? Mən də onlara bildirdim ki, həmin vaxt şok vəziyyətində olmuşam. Avtomobilə diqqət etməmişəm. Yerində yardım etməyib, heç olmasa, indi maddi kömək etsin. Əməliyyat üçün də çox adamdan borc almışam. İndi tapılsın və xərcləri qarşılasın".
Məsələ ilə bağlı Qazax Rayon Polis Şöbəsindən Oxu.Az-a bildiriblər ki, hadisəni törədərək yayınan sürücünün müəyyən olunması istiqamətində araşdırma aparılır, tezliklə məsələyə hüquqi qiymət veriləcək.
Almaz Qasımova
Избранный
35
50
oxu.az

10Источники