Ötən ilin sentyabrında Azərbaycan ordusunun keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra özünü buraxdığını elan edən keçmiş oyuncaq rejimin qondarma "Milli Təhlükəsizlik Xidməti"nin işçilərinə Ermənistan Milli Təhlükəsizlik Xidmətində (MTX) işləmək imkanı yaradılır.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, müvafiq layihə Ermənistan hökumətinin bu gün keçirilən iclasında bəyənilib.
Layihə müzakirə olunaraq qəbul olunmaq üçün parlamentə göndərilib.
Belə ki, keçmiş separatçı qurumun "çekist"ləri, o cümlədən yüksək "rütbə"si olanlara Ermənistan Milli Təhlükəsizlik Xidmətində işləmək imkanı veriləcək. Dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, Ermənistan MTX-də xidmət etmək istəyənlərin bir çoxu qondarma rejimin "xüsusi xidmət orqanları"nda işləyiblər.
Lakin hətta onların Ermənistan vətəndaşlığını almaları da Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidmətində bərabər hərbi vəzifəyə təyin olunmaq üçün kifayət qədər əsas olmayıb. Qanun layihəsinin qəbulu ilə bu maneə aradan qaldırılacaq.