Rafael HÜSEYNOVAkademik
Xalqlar var ki, tarix axarında özləri qeyb olublar, dilləri qalıb - sahibi olmayan, ölü dil yaşayır, yaşadıqca da artıq olmayan xalqı diri saxlayır. Xalqlar var ki, özləri qalıblar, yaşayırlar, amma Vaxtın dərinliklərində dillərini itiriblər. Dillər var ki, milyonlarla insanın ünsiyyət vasitəsidir, onu dünyanın dörd bucağında danışırlar. Dillər də var ki, bir neçə min, bəzənsə bir neçə yüz adamın nitqində mövcuddur, bir kənddən qıraqda anlaşılmır.
Xalqı xalq edən, milləti millət edən yeganə amil dil deyilsə də, hər halda dil milli varlığın ən vacib bünövrə kərpiclərinin birincilərindəndir. Yer üzünün 3 minədək dili sırasında ana dilimiz ən şərəfli, həm də keşməkeşli bir tarix yaşamış dillərdəndir. Xalqımız, sərvətlərimiz, torpağımız kimi, tarix boyu dilimiz, dilimizin yazı görüntüsü olan əlifbalarımız da təcavüzlərə, qəsblərə, çeşidli basqılara məruz qalıb. Vətən torpağı, yurd hüdudları kimi, dilin də ərazisi var, üstündə yaşadığın torpağı əkib-becərdiyin, köksündə ocaq tüstüləndirdiyin, sərhədlərində keşikçilər qoyub arzu olunmayanları içəri buraxmadığın sayaq, gərək dilin də qulluğunda daimi durasan, onun sözlərini, ifadələrini danışığında, yazında yaşadasan, dilin ocağını həmişə közərdəsən, dili kəc baxışlardan, naməhrəm təcavüzlərdən qoruyasan.
Dilimizin bakirəliyini, ululuğunu, onun hər birimiz üçün nə qədər vacib milli dəyər olduğunu anlatmağı düşünən, dövlət və millət anlayışlarının yüksək fəlsəfəsini ilahi fəhmlə duymuş ulu babalarımız dilimizin sözlərinin bizə çatmasını yüzfaizli təminatları olsun deyə kağızla-qələmlə kifayətlənməyiblər, mətləblərini daşlara da köçürüblər.
Orxon-Yenisey abidələrindən, Gültəkin yazılarını bugündən ayıran vaxt sərhədi min ildən bir neçə əsr çoxdursa da, oradakı dilimizlə indiki dilimiz arasında çəpər yoxdur. 1500 il öncə daşlara həkk olunmuş şeirlərin sözlərinin əksəri dilimizdə bu gün də diridir. Qövmümüzün milli özlüyünü hər gələcək zamanda dərk etməsinin ən ilkin açarlarından birinin dil, söz olduğunu duyan Mahmud Kaşğarlı irqimizin tarixindəki ali qəhrəmanlığı göstərdi. O, cəsur döyüşçü idi. Amma bir toplayıcı, alim, dilçi kimi gördüyü iş qol və bədən zorundan qat-qat artıq idi. O, dilimizə heykəl yapdı. Etiraf edirdi: “Bu kitab ömrümü tükətdi”. Amma həm də inanırdı: “Adımı dünyanın sonuna qədər yad etdirmək və sonsuz hörmət qazanmaq üçün Allahdan kömək istəyib yazdığım bu kitaba “Divan-i lüğət it-türk” adını qoydum”.
Eyni xidməti Firdovsi fars dili üçün etmişdi və “Şahnamə”də belə yazarkən o da çox haqlı idi:
Bəsi rənc bordəm dər in sal-e si
Əcəm zende kərdəm bedin parsi.
Otuz il ağır zəhmətə dözmüşəm,
Bu farsca əsərlə dirilmiş əcəm.
Firdovsi “İranı diriltdim” demirdi, “Əcəmi diriltdim” yazırdı. Çünki onun epopeyası yalnız İranı yox, Turanı da əhatə edirdi, orta çağda “əcəm” deyilərkən ərəblərdən qeyri xalqlar və tayfalar, o sıradan türklər nəzərdə tutulurdu. Həqiqətən, Firdovsinin “Şahnamə”sində fars deyiş ahənginə uyğunlaşdırılaraq Əfrasiyab kimi təqdim edilən Alp Ər Tonqa və ümumən Turan aləmi barədə maraqlı bilgi və müşahidələrlə rastlaşırıq. Lakin ürəyində və beynindəkiləri ifadə üçün sənə ən münasib olan dil hansı dildirsə, sən o dilin övladısan və üstəlik sən qanınla da o dilin sahibi olan xalqın övladısansa, şüuraltı gücün diktəsiylə milli təəssübkeşliyini göstərməyə bilməzsən. Firdovsi də göstərməyə bilməzdi.
Lakin bu epopeyanın müqabilində Turan dünyasının da “Divani-lüğət it-türk”ü var, bu əsərdə bircə Alp Ər Tonqa haqqında şeirlərin, o şeirlərdəki münasibətin, yanaşmanın fars dahisinin əsəri ilə müqayisəsi yalnız dil fərqini deyil, dilin içərisindəki fərqli milli ruhları, milli təəssübləri ortaya qoyur.
VIII yüzildən etibarən dilimizə çox qatqılar olub. Ərəb gəlib-gedib, fars-gəlib gedib, rus gəlib-gedib. Ərəb və fars fiziki cəhətdən gəlib və gedib. Amma dillərini də qoyub gediblər. Lisan və zəbanları milli əsarət və təcavüzün ən güclü vasitəsi olaraq qoyub gediblər. Dilimizin bulaşması, öz saf sözlərindən aralanması səmtində o dillərin dilimizə etdiyini rus dili etməyib. Əsrlərcə elmi əsərlərimiz ucdantutma ərəbcə, poeziyamız farsca yazıldı. Ana dilimiz keçirildi arxa sıraya.
Və XVI yüzildə Füzuli dilimizin təəssübünü çəkə-çəkə ana dilində poeziya yaratmağın müşkülündən gileylənəndə haqlı idi. Türkcə, şeir dili olaraq, hələ ərəb mənşəli, həm də ərəbcənin dil və səs imkanlarına uyğun yaradılmış əruza yetərincə uyğunlaşmamışdı. Bu, əli qələmli hər kəsə bəlli həqiqət idi, amma Füzuli yalnız gileylənmədi. Qeyrət göstərdi, gərgin zəhmətə qatlaşdı və dilin gücünün artması, durulaşması yolunda çalışmağa, nəticəyə də nail olmağa özündə güc, qüdrət tapdı:
Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm kim,
Nəzm-i nazik türki ləfzi ilə ikən düşvar olur.
Məndə tövfiq olsa, bu düşvarı asan eylərəm,
Növbahar olğac dikəndən bərg-i gül izhar olur.
Füzulinin bu şikayəti mühüm bir məsələ barədə düşüncə oyadır. İş ondadır ki, nəzm-i naziyin - lirikanın türkcə yazılmasının çətin olması da siyasətin ifadəsi idi. Farscaya şeir dili olaraq açılan meydan, yaradılan imkan Azərbaycan türkcəsini şeir dili olaraq işlənməkdən aralayırdı, yazıda, ədəbiyyatda işlənmədikcə isə dil danışıq dili olmaq funksiyasından uzağa gedə bilmir. Odur ki, Füzulinin gördüyü iş sadəcə ədəbiyyat hadisəsi deyil, siyasi akt idi, dilimizin statusunu ağırlaşdırmaq, səlahiyyətlərini artırmaq istiqamətində əhəmiyyətli xidmət idi.
Dil uğrunda mübarizələri, ana dilində yazıb-yaratmağa milli mücadilə məsələsi kimi baxdığını Füzuli “Hədiqət üs-süəda”sında (“Xoşbəxtlər bağçası”) açıq şəkildə bəyan edirdi. Yazırdı ki, Kərbəla müsibəti ilə bağlı məclislərdə ərəb və fars dillərində olan məqtəllər oxunur, dinləyənlər bəhrələnir, ancaq biz türklər də həmin cəmiyyətin bir parçası olduğumuz halda həmin ləzzətdən istifadə etmək fürsətindən yararlana bilmirik. Və belə umulmaz vəziyyət ona təsir etdiyindən qərara alır ki, bu faciəni öz ana dilində qələmə alsın ki, türklər də oxuyaraq feyz ala bilsinlər.
...Zamanlar dəyişdi. Kəc tale ana dilimizi sonra ruscanın basqısına ürcah etdi. Azərbaycanın Quzeyi 70 il boyunca Sovet İttifaqı tərkibində yaşadı. Sovet onilləri ərzində elm, idarəçilik, dilimiz xeyli dərəcədə inkişafdan dayandı. Ana dilinə yasaq qoyulmamışdı - ibtidai məktəblər də, orta məktəblər də, ali məktəblər də oldu, ana dilində ədəbiyyatımız yarandı, nəhəng tirajlarla nəşr edildi, ana dilində teatrlarımız, radio-televiziyamız fəaliyyət göstərdi. Amma bununla yanaşı, ruscanın üstünlüyü, azərbaycancanın ikincidərəcəliliyi, aşağılığı, əyalətəxaslığı beyinlərə yeridildi və gerçəklikdə də düşünülmüş şəkildə, bir siyasət olaraq tətbiq edildi. Ancaq nə gözəl ki, sovet sisteminin ən mənəm-mənəm vaxtlarında, ən gücbatmaz əyyamlarında da bu təmayülə qarşı həm açıq, həm də gizli təşkilatlar yaradaraq mübarizə aparan igidləriumiz oldu (Sovet dönəmində dil mübarizələri aparmış belə gizli təşkilatlardan biri haqqında mən 2023-cü ildə işıq üzü görmüş “İkinci olmayacaq” kitabımda Azərbaycanın keçmiş Dövlət Təhlükəsizlik Komitəsinin arxivlərinə istinadla sübutlu-dəlilli geniş bəhs etmişəm). İranda Azərbaycan ziyalılığının farsdilli təbəqəsi yarandığı kimi, Sovet Azərbaycanında da cəmiyyətin rusdillilər təbəqəsi təşəkkül tapdı. Əsərləri ən əvvəl məhz bu təbəqəyə yönəlmiş, qəhrəmanlarını da çox vaxt onların sırasından seçən rusdilli yazarlar zümrəsi əmələ gəldi.
Orta çağdakı ərəb və fars dillərində yazanlardan onların əsas fərqi bu idi ki, ortaçağlı soydaşlarımız ərəb və farsca yazdıqları müvəffəqiyyətlə, bəlkə ondan daha artıq parlaqlıqla ana dilində də yaza bilirdilər. Bu müəlliflər isə ana dilini yaxşı halda danışıq dili səviyyəsində işlətmək gücündəydilər və fəzasında olduqları rus dili (nəzərə alsaq ki, hər halda bu, xalis, iliyinə qədər rusca deyil, Azərbaycan ruscası idi) onların milli düşüncəsinə təsirsiz qalmadı. Beyinləri ilə nə qədər patriot olsalar belə, onlar təkcə yazdıqlarının dili ilə yox, düşüncələrinin tərzi ilə də bütöv Azərbaycan xalqının ruhunun ifadəçisi deyildilər, ola da bilməzdilər. Çünki xalqın rusdilli zümrəsi bir ayrı, ruscanı mənimsəməmiş böyük hissəsi isə ayrı psixologiyaya sahib idi. Bu da düçar edildiyimiz daha bir bəla idi və o bəla bir çox görüntüləriylə indi də qalmaqdadır və sağalması üçün iri bir zaman kəsiyi də gərək ötə. Amma Üzeyir bəy də, Əbdürrəhim bəy də, Mirzə Cəlil də... rusca təhsil almışdılar, öz aralarında rusca da danışırdılar, rusca da məktublaşırdılar - bu dilə qarşı ögeylik, bu dildən istifadədə narahatlıq hiss eləmirdilər. Ya demokratik respublikanın millətpərvər fəalları - Əlimərdan bəy Topçubaşov, Həsən bəy Ağayev, Xudadat bəy Rəfibəyli... Lakin onlarda milli dil əcnəbi dildən öndə idi, milli ruh qüvvətli idi, sadəcə onlar xarici dili, konkret halda ruscanı əla bilirdilər.
Sovet dönəminin vurduğu ağır zərbələrdən əsası bu oldu ki, ruscaya kamil bələdliyin müqabilində ana dilinə vaqifliyi ahəstə-ahəstə aradan çıxartdı. İki dilə paralel dərəcədə yaxşı yiyələnmə vərdişi olmadı. Beləliklə, ziyalı təbəqəsi arasında, yüksək inzibati idarəçilik sferasında rusdillilərə münasibətdə “ana dili” deyimi sırf formal səciyyə daşımağa başladı. Bu, bir siyasət idi, bu siyasətin acısını həmin epoxanın içərisində həmin adamların duyması, bu acının fəlsəfəsinə dalması barədə söhbət ola bilməzdi. İndi dalırlar. Dili öyrənirlər, müəllim tutub, öz üzərində çalışaraq ana dilini daha mükəmməl mənimsəməyə çalışırlar. Amma psixologiyada, milli düşüncə tərzində fərqi necə aradan götürəsən, qana, ruha işləmiş bu fərqlənməni dəf etməkçün hansı müəllimlə işləyəsən, necə edəsən ki, səndə də bu millətin bir zümrəsi ilə yox, bütün təbəqələri ilə özünü eyni sayma əqidəsi yaransın?
İri zaman saflaşması lazımdır. Digər tərəfdən, Quzeydə bu gün ortaya çıxan digər narahatedici təmayül Qərbə meyillilik, Avropa dillərində təhsilə üstünlük verməkdir. Həm də bu da müşahidə olunmaqdadır ki, belələrinin çoxunda milli-mənəvi dəyərlərə sahiblik, Azərbaycan ədəbiyyatına aşinalıq əsla qənaətbəxş deyildir. Dilimiz ona qarşı ən azı 1300 ilə yaxın uzun bir zaman kəsiyində davam edən və acılar ki, hələ də bitməmiş ağır sınaqlar və imtahanlardan mərdanəliklə çıxmış, bu mərdanəliyin ən əyani təsdiqi də ikinci minilliyin bitəcəyinə Azərbaycan türkcəsinin bunca cilalı, saf, geniş ifadə imkanlarına və plastikaya malik bir halda yetişməsidir. Azərbaycan müstəqillik əldə edəndən sonra dilin qanunla təsbit edilmiş hüquqlarının artması şəksizdir. Ümumən qanunda dillə bağlı hər maddənin əhəmiyyəti böyükdür və bunun göstəricilərinin ən əyanilərindən biri sovet dövründə Azərbaycan dilinin konstitusiyada dövlət dili kimi təsbit edilməsi sayıla bilər. Xeyli dərəcədə formal xarakter daşıyırdı. Amma nə qədər formal olsa belə, bu bəndin əsas qanunda yer alması müəyyən imkanlar da açmışdı.
Tutalım, o maddə əsas qanunda yer alana qədər teleqramlar belə yalnız rusca göndərilirmiş. Və maddənin elan edilib işləməyə başlamasından dərhal sonra vətənpərvər, dilsevər insanlar ehtiyac oldu-olmadı, sadəcə dilin istifadə imkanlarının, rəsmi tanınma dairəsinin genişlənməsinə fərəhlərini gizlədə bilmədiklərindən bir-birlərinə hey teleqramlar yollayırmışlar.
XXI əsrin başlanğıcında Azərbaycan dili milli dil olaraq inkişafının yüksək bir səviyyəsinə yetişsə də, ədəbiyyatdan, elmdən tutmuş siyasətə, dövlət işinə qədər təkmilləşmə, cilalanma yaşasa da, problemlər hələ lap çoxdur.
Azərbaycan türkcəsində danışanların böyük əksəriyyəti ikinci minilliyi ağır dil qayğıları ilə başa vurmaq zorunda qaldı - Güney Azərbaycanda soydaşlarımızın sayı Şimali Azərbaycandakından 4 dəfə çoxdur.
Və İranda Azərbaycan türkcəsinin varolma şəraiti çox qəlizdir. Üzdə ölkə əhalisinin böyük əksəriyyəti hər gün türkcə danışır, ancaq onların yüzdədoxsanı ana dilində ədəbi dildə xətasız bir cümlə yazmaq imkanından məhrumdur. Çünki məktəbi yoxdur, o məktəbin yaranmasına da rəsmi dövlət siyasəti cidd-cəhdlə macal vermir. Daha böyük təzyiqlərə məruz qalmalarındandır ki, cənublu bacı-qardaşlarımız dilimizin qədrini, olsun ki, şimaldakılardan daha artıq bilirlər.
Onlar ana dilini milli dəyərlərin ən üstünü sayır, ana dilini hifz etməyi, bu dildə sadəcə danışmağı belə milli özünütəsdiqin əlaməti kimi hər imkanda qabardırlar. Azərbaycanlını azərbaycanlı edən keyfiyyətlərin hamısından üst qatda dayanan, güneylilərin nəzərincə, elə dildir ki, var! Onları göz qapalılığından daha müdhiş olan dil qıpıqlığına düçar eləyən dövlət də eyni qənaətdədir və millətin bu keyfiyyətini yürütdüyü dil siyasətində mütləq şəkildə nəzərə alır: həm milli adətlərinə, həm ənənələrinə, həm mərasimlərinə, bir sözlə, milli etiketi yaradan keyfiyyətlərinə yasaqlar qoyur. Dil üçünsə, bunun hətta təhlükəli olduğunu dərk etsə də, hər mümkün maneəni yaratmaqdan əl çəkmir. İmkan vermir məktəb açılsın, imkan vermir yazı-pozu, kitab, nəşriyyat işi genişlənsin. İmkan vermir dil danışıq dili olmaq çəpərlərini aşaraq ədəbi dil normalarını daha artıq əxz etsin. İmkan verməyib ki, bu dil tribunaya qalxsın, mikrofon qarşısına çıxsın, efirə dikəlsin. Həmişə bu dilin aşağılığı, ikincidərəcəliliyi, folklor səviyyəsindən, adi danışıq vasitəsi olmaqdan irəli gedə bilməməsi təəssüratını oyatmağa, farsca ilə müqayisədə inkişaf etməmiş bir dil olması fikrini təlqin etməyə çalışıb.
Farsca ilə türkcənin müqayisəsində hansının üstün olmasının, hansının daha çevik linqvistik keyfiyyətlərə malikliyinin ayrıntılarını, danılmaz sübutlarını Əlişir Nəvai hələ XV yüzildə məşhur “Mühakimət ül-lüğəteyn”ində vermişdi.
XX yüzildə isə “Mühakimət ül-lüğəteyn”ə nəzirə yazan doktor Cavad Heyət öz “Müqayisət ül-lüğəteyn”i ilə türkcənin farscadan üstünlüyünün daha əngin üfüqlərini açıb göstərdi.
Düşünürəm ki, XX yüzildə İranın ən böyük şairi, farsca yazan farsları həmin dildəki şeirləriylə xeyli arxada buraxmış Şəhriyarın ana dilindəki “Heydərbabaya salam”ına İranda şah rejimi vaxtında dözümlülük göstərilməsində də bir riya olmamış deyildi. Ədəbi farscanı bütün zəriflik və incəlikləriylə həmin dildə yaratdığı şeirlərdə canlandırmış, deməli, dildən istifadə texnikasına kamil dərəcədə malik olaraq belə hünərlər göstərə bilən qüdrətli şairin türkcə - ana dilində yazarkən ağız ədəbiyyatı, adi danışıq tərzində əsər doğurması rəsmi ideologiyanı təmin edirdi. Bax, sizin diliniz ali ədəbi istifadə üçün yararlı olsa idi, bu boyda şair hər halda ondan istifadə edə bilərdi; qabağını kəsməmişik, buyurun, yazdığı budur, o da ağız ədəbiyyatı biçimində. Dolayısı ilə bir daha bəyan edirdilər ki, bu dil hələ məişət, dükan-bazar, danışıq səviyyəsi, folklor dərəcəsi, aşıq ədəbiyyatı məqamındadır.
Orada dövlət radio-televiziyaya Azərbaycan türkcəsini geniş ölçüdə heç vaxt buraxmayıb və buraxmır, imkan verəndə də bunu dili şikəst edərək, içərisini zibilləyərək, lüğətsiz anlamaq mümkün olmayan şəklə salaraq edib.
Yəni gözdən pərdə asmaq üçün cüzi imkan verib və burada da məkrli siyasətini yeridib, Azərbaycan türkcəsinin yararsızlığını nümayiş etdirməyə çalışıb, ərəb-fars tərkibləriylə, pırtlaşıq izafət tərkibləriylə ləbələb, farscanın qrammatik qanunlarına uyğunlaşdırılan, tək feilləri türkcə olan radio mətnləri Tehran, Rəşt efir dalğalarından bizə çoxdan bəllidir. Yəni həmişə çalışılıb ki, göz veriləndə işıq mütləq əsirgənsin. Ancaq tarix 1945-ci ilin 21 Azərindən 1946-cı ilin 21 Azərinədək - iki dekabr arasındakı 1 illik Milli Hökumət dönəmini, o ildə ana dilində hər gün millətlə olmuş anadilli Təbriz radiosunu və onun yüksək səviyyəsini də, həmin 1 ilin içərisindəki anadilli məktəbləri də, ana dilində ayrı-ayrı siniflər üçün yazılmış kamil dərslikləri də, sağlam ana dilində buraxılmış “Azərbaycan” qəzetini və digər silsilə nəşrləri də yaxşı xatırlayır. O 1 ilin təcrübəsi və dərsləri, həmin 1 ildəki şərait onillərlə davam etsəydi, indi hansı mənzərə ilə üzbəüz olardıq?! Bunu sadəcə təsəvvür etməyin özü insanı həyəcanlandırır.
Və mən böyük, vahid, yenilməz Azərbaycanın parlaq gələcəyini məhz bu ülgü müstəvisində görürəm - o tayda və bu tayda orta məktəblərdə uyğunlaşdırılmış qrammatika əsasında şəkilləndirilmiş ədəbi dildə bir-birindən az fərqli ana dili, ədəbiyyat, tarix dərsliklərini oxyub yetişən yeni azərbaycanlı nəsilləri; eyni tərbiyəni alaraq, eyni mənəvi qəliblərə müvafiq böyüyən bu nəsillər daha Güneyli və Quzeyli olmayacaq, sadəcə AZƏRBAYCANLI olacaq. Vahidlik, bütövlük ən əvvəl könüldəki, düşüncədəki coğrafiyada olmalıdır. İçəridəki vahid coğrafiya xəritələrə günəşin çıxması, yağışın yağması, küləyin əsməsi qədər təbiiliklə köçür. Təməl - dil və onun verdiyi tərbiyədir. O dil və tərbiyə ürək istəyən kimi olarsa, günəş də çıxacaq, yağış da səpəcək, külək də əsəcək!!!
...Bu gün İranda ya tam, ya qismən Azərbaycan türkcəsində dərc edilən nə qədər qəzet-dərgi var - barmaqla sayılacaq qədər. Sayı 40 milyonu çoxdan aşmış xalq üçün dəryada damladır bunlar.
Bir zamanlar İranda nəşrsizlik bəlasını aradan qismən də olsa götürmək niyyətli cənublu yazarlar ədəbiyyatın yazılı və şifahi qanadları arasındakı ortaq bir xəttini tapmışdılar. Kaset ədəbiyyatı. Yazıçılar, şairlər ana dilindəki əsərlərini kasetlərə oxuyub yayırdılar. Bakıdakı “Araz” radiosundan səslənən ədəbi proqramlar, bədii verilişlər, müxtəlif radio-səhnələşdirmələr kasetlərə yazılaraq Güneydə bazarlarda səsli kitablar kimi satılardı.
Cənubda böyük müddətdə fars diliylə nəfəs-nəfəsə yaxın yaşamış, mövcud olmuş Azərbaycan türkcəsi təbii olaraq həmin dilin ciddi təsirlərinə uğramışdır.
Necə ki, sovet onilləri içində Şimalda bizim dilimizə rəsmən yüzlərlə rus və rus dili vasitəsilə Avropa sözü keçib. Üstəlik, danışıq dilimizə bir para alaq otu hesab edilə biləcək rus kəlmələri yapışıb ki, onları tez-tez qeyri-iradi nitqimizə qatırıq.
Hələ qoca Mahmud Kaşğari yazırdı: “Ən açıq və doğru dil ancaq bir dil bilib farslara qarışmayan və yabançı tayfalara gedib-gəlməyənlərin dilidir. İkidilli şəhərlərdə yaşayanların dili pozuqdur”.
Şimali Azərbaycanla Cənubi Azərbaycanın get-gəllərinin olmaması, sərt sərhəd rejimi dil qaynayıb-qarışmalarını məhdudlaşdırdığından və eyni dil sərhədin o və bu taylarında müxtəlif səviyyələrdə inkişaf etdiyindən adi kəlmə anlamlarından tutmuş bədii dil normalarınadək də xeyli fərqli təfərrüatlar ortaya çıxmışdır.
Bunu bilavasitə duyaraq mən 1990-cı illərdə “Amerikanın səsi” radiosundan hazırladığım “Cənuba pəncərə” verilişlər silsiləsində hər gün efirə çıxarkən nəzərə almalı olurdum. Auditoriya həm o tay, həm bu tay idi. Mətni tərtib edərkən hər dəfə həm o, həm bu tərəfin dil stixiyasını nəzərə almalı olurdum. Baxmayaraq ki, dil eyni idi, dinləyənlər hamısı Azərbaycan türkü idi. Parçalanmış xalq olmağın belə nisgilləri var, əziz soydaşlarım!
Biz Azərbaycan Respublikasında XIX-XX yüzillərdə də, XXI əsrin ilk onilliklərində yaranmış nəsr və poeziya örnəklərinin Güneydə daha çox oxunması istiqamətində arasıkəsilməz və genişhəcmli iş görməliyik. Cənubda və Şimalda fərqli cəhətlərə malik ədəbi dilimizi tədricən ortaq məxrəcə doğru irəlilətməkdə bu, çox mühümdür.
Kompüter texnologiyalarının açdığı girəvə bu yolda etibarlı yardımçımız ola bilər. Kirildən və latından Cənubi Azərbaycanda işlənən ərəb qrafikalı əlifbaya qüsursuz, mükəmməl işləyən təbdil proqramları hazırlanarsa, çətinlik çəkmədən cild-cild kitablarımızı onların istifadəsi üçün yönəldə bilərik. Bununla da dil nəhrimizin bu iki nəhəng qolunun qovuşması, bir-birindən nələrisə alaraq daha da durulması, zənginləşməsi, bu zənginləşmiş ortağı gələcək vahid ədəbi dilimizin üfüqlərinə səmtləndirməyə təşəbbüs etmiş olarıq.
Güney öz ərəb əlifbasını yaşatmaqla ibtidai məktəbdən başlayaraq latını öyrətməyi mütləqləşdirməli (darıxmayın, mən bilirəm nə deyirəm, milli tədrisimizin o günləri lap yaxındadır), Quzeydə də ərəb əlifbası ibtidai siniflərdən başlayaraq öyrədilməlidir (Bu, indiki halda artıq gözləmədən gerçəkləşdirilə bilən niyyətdir. Sadəcə, dövlət iradəsi tələb olunur).
İki, hətta üç rəsmi dövlət dili olub yaşayan ölkələr var. Bizimçün tarixi doğmalıq qazanmış iki əlifbanı - ərəb və latın qrafikalarını o üz-bu üz bütün Azərbaycanda hamının mənimsəməsi bu qabiliyyətli xalq üçün nə çətin işdir ki!
Bu işləri görməliyik, çünki dilimizə qarşı basqılar, dilimizə açıq və gizli təsiretmələrlə milli özünüifadəyə qarşı maneəyaratmalar bu gün də mütəmadi şəkildə davam etmədədir.
Xatirimdədir, 2000-ci il fevral ayının 26-da “Amerikanın səsi” radiosu ilə Berlində yaşayan İran azərbaycanlısı İsmayıl Təbrizlinin müsahibəsi səsləndi. Deyirdi ki, 3 uşağı var, böyüyü 10 yaşındadır. Almaniyadakı İran səfirliyinə 9 il yarım ayaq döyəndən sonra uşaqlarına doğum şəhadətnaməsi ala bilib. Bu da onun nəticəsində mümkün olub ki, Berlində azərbaycanlıların açdıqları radioda hər gün İran səfirliyinin insan haqlarına zidd belə hərəkətlərindən danışırmışlar. Səfirlik də onların ağzını yummaq üçün məcburiyyətdə qalaraq, nəhayət ki, şəhadətnamələri verib. Nə səbəb gətirərək sənədləri vermirlərmiş? İsmayıl bəy uşaqlarına Savalan, Səhənd, Təbriz adları veribmiş. Səfirlik bu adların separatist mahiyyət daşıdığını iddia edərək, təkəbbürlə “get adları dəyiş, sonra sənəd verək” deyirmiş. Oğlanlarının adı Oqtay və Atilla olan digər bir Berlin azərbaycanlısı da eyni təhqir və süründürməçiliyə məruzmuş. Ya başqa bir Berlin azərbaycanlısının Huşəng, Fərhəng, Sərhəng adlı oğlanlarına şəhadətnamə verib, Behrəng adlı uşağa şəhadətnamə verməkdən imtina edirlər. Nə var-nə var, bu ad güneylilər üçün bir rəmzdir, Səməd Behrəngini - Cənubi Azərbaycanın milli haqları uğrunda mübarizi, hələ şah zamanında məhz milli dikbaşlığına görə Araza qərq etdirilərək aradan götürülmüş görkəmli uşaq yazıçısını yada salır.
Yaxşı, bunlar dünəndə qalan söhbətlərdir, bəs bu günə, davam edən eyni xəttə nə deyirsiniz?
Ayətulla Əli Xameneyinin fərmanı ilə bundan sonra İran İslam Respublikasında yeni doğulan körpələrə yalnız fars adı veriləcək!
İmperiyalar həmişə belə olub. Adi sözdən də qorxub. Qələmin qabağında zağ-zağ əsib.
Dil həmişə belə olub. Ən adi kəlmələriylə milli ruhu tərbiyə edib, milli ruhu dirçəldib, minləri bircə sözün xəfif səslənişi ilə tarım çəkib, səfərbər edib.
Qəti əminəm ki, İranda Azərbaycan xalqının dilinə qarşı aparılan siyasət İranın dövlət maraqlarına ziddir, bunu edənlər İranı guya separatist təmayüllərdən, parçalanmalardan xilas etməyi düşünürlərsə, əksinə, gerçəkləşdirdikləri insan haqlarına zidd əməllərlə həmin arzu etmədikləri reallığa doğru milyonlarla insanı sövq etmiş olurlar.
Bu əqidədəyəm ki, Güney Azərbaycandakı dil prosesləri, dil normaları, ləhcələr, şivələr, bir sözlə, dil fəzası ayrı-ayrı pərakəndə araşdırmalar şəklində deyil, sistemli, xüsusu layihə olaraq Azərbaycan Milli Elmlər Akademiyasında tədqiqə başlanmalıdır, əslində Dilçilik İnstitutunda çoxdan bununla bağlı ya ayrıca şöbə, ya da müstəqil mərkəz təsis edilməli idi.
Bizim dilçilik elmi kifayət qədər yüksək elmi-nəzəri potensiala malikdir, Cənubi Azərbaycanla əlaqədar dil materialını cənublu araşdırıcılardan öncə məhz onlar (amma hökmən güneylilərlə sıx iş birliyi şəraitində) daha səriştə ilə təhlil edə, qəlibləndirə bilərlər.
Dil, o dilin yaratdığı ədəbiyyat oyanıq milli ruhun yetişməsində, tərəqqisində, yeni qüvvət kəsb etməsində müstəsna əhəmiyyət daşıyır.
XX yüzildə Azərbaycana istiqlal üç dəfə nəsib oldu. 1918-ci ilin 28 mayında, 1945-ci ilin 12 dekabrında, 1991-ci ilin 18 oktyabrında.
1918-ci ildə qazanılmış müstəqilliyimiz 23 ay yaşayaraq 1920-ci ilin 28 aprelində devriləndən sonra bu millət yenidən müstəqil olmağı 70 il boyunca bağrının başında yaşatdı. İstiqlal arzusu ilə Vətənin yüzlərlə mərd oğlunun həyatı həbslərdə, sürgünlərdə, qürbətlərdə çürüdü. Mübarizə dayanmadı. Ən mümkünsüz şəraitlərdə də davam etdi. Söz, ədəbiyyat daim bu mübarizənin ən əyani ifadələrindən idi. İstiqlal arzuları SSRİ sərhədləri içərisində - Sovet Azərbaycanında üstüörtülü, Ezop diliylə qələmə alınan şeir və nəsr əsərlərində, xaricdə - mühacirlərimizin nəşr etdikləri qəzetlərdə, dərgilərdə, kitablarda yer aldı.
1946-cı ilin 12 dekabrında - düz 1 yaşının tamamında süqut etmiş Güneydəki Milli Hökumətin müqəddəs idealları da həm orada, Güneydə düşüncədə, ürəkdə, ötkəm qələmlərdə yaşadı, həm də qismətinə mühacirliyin nadir bir çeşidi yazılmış, Güneydən Quzeyə - Azərbaycandan Azərbaycana, amma ayrı bir dövlətdən digər bir dövlətin, İrandan SSRİ-nin ərazisinə pənah gətirmiş ədiblərimizin yaradıcılıqlarında, köhnə fədailərin gündəlik həyatında davam etdi.
XX yüzili Quzey Azərbaycan bərpa edilmiş müstəqilliyinin 10 yaşına çataraq başa vurdu, artıq istiqlalımız 33 yaşındadır. İstiqlalın üstünə artan hər növbəti ilsə sadəcə müstəqilliyin ömrünün uzanması deyil, onun əbədi, qayıdışsız, dönməz olacağının zəmanətidir.
Həsrətində olduğumuz, ən əlçatmaz arzu kimi baxdığımız istiqlalı Vətənin şirin, dadlı dili ilə öyən, qan qaynadan, vətənsevərlik, Azərbaycan ideallarına sədaqət amalını aşılayan bolluca şeirlər, nəğmələr yarandı bu illər içində. Əvvəldən olanlara qovuşaraq bunlar zəngin bir xəzinəyə çevrilib.
Şeirə və məhz bu qəbil ruh tərpədən, səfərbər edən şeirlərə adi baxmayaq. Xüsusən milli inkişafımızın indiki durumunda adi baxmayaq. Onlar dualar kimidir və o milli dualara millətin böyüyən nəslinin ən dərin ehtiyacı var. Həm də millətin bütövləşməsini umuruqsa, gərək o şeirləri - o duaları həm o tayda, həm bu tayda böyüyən nəsillər eyni dərəcədə bilə. Millətin bir hissəsi bir cür, o biri hissəsi ayrı cür dualarla böyüyəndə inancların ən gözəli olan Millət Dini heç vəchlə vəhdət, bütünlük, sarsılmazlıq qazana bilməz.
Vaxtilə böyük türk şairi Mehmet Akif Ərsoyun (1873-1936) “İstiqlal marşı” adlı şeiri elan edilmiş müsabiqəyə təqdim edilən 724 mənzumədən biri olaraq seçilmişdi, o şeir ilk dəfə 1914-cü ildə Türkiyə Böyük Millət Məclisinin kürsüsündən oxunanda millət vəkilləri vəcdə gələrək elliklə yerindən qalxmışdı, şeiri ayaq üstə dörd dəfə alqışlara bürüyərək dinləmişdilər. Ehtiyac içində yaşayan, soyuq qış günlərində üzvü olduğu parlamentin iclaslarına paltosu olmadığından köhnə pencəkdə gələn Mehmət Akif həmin şeir üçün verilən o zaman yetərincə iri məbləğ olan 500 dollarlıq mükafatdan imtina etmişdi, “Vətən naminə gördüyüm bir iş üçün pul almaram”, - demişdi.
Belə bir şeir yazmağı İŞ hesab etmişdi. Bəli, haqlı idi şair. Bu, İŞ idi, özü də millət naminə görülən Böyük İş idi.
Millət adına, Dilimiz naminə belə böyük və nəcib İŞ görənlərimiz çox olsun!
...Dilimizlə bağlı nigarançılıq oyadan bir məsələ də dilin ifasıdır. Bizim millətə ortaq ədəbi dil ifasına yiyələnmək gərəkdir. Söz yox, buna zaman lazımdır. Ancaq o günə gözləməklə deyil, həmin günə doğru məqsədyönlü şəkildə durmadan irəliləməklə tez çatmaq olar.
“İfa” səhnə ilə, aktyor sənəti ilə bağlı bir sözdür, amma nəzərimcə, dili nitqində canlandıran hər vətəndaş gərək özünü elə yalnız fikrini ifadə eləyən adi adam yox, həm də bu dilin gözəlliyini nümayiş etdirən bir aktyor saysın.
Bu hərəkətiylə də dilin sıravi istehlakçısına yox, həm də ondan istifadə edə-edə eyni zamanda xidmətçisinə çevrilsin.
Böyük müğənnimiz Bülbül sərrast deyirdi: “Öz dilində elə danışmalı ki, sənin dilini anlamayanlarda da bu dilə rəğbət oyansın”.
F.Nitsşe bu mətləbin dərininə enir. Yazırdı: “Dildə ən çox anlaşılan sözün özü yox, onun tonu, vurğusu, modulyasiyalar, sözlərin müəyyən qisminin ifadə edildiyi temp - kəsəsi, sözlərin arxasında gizlənən musiqi, o musiqinin arxasında gizlənən ehtiras, o ehtirasın arxasındakı şəxsiyyət, bir sözlə, yazıya alına bilməyən keyfiyyətlərin məcmusudur”.
Biz dilimizi kifayət qədər cazibəli danışmağa hər an səy etməliyik. Güneydə və Quzeydəki kənd-kəsəyimizdə yüzlərlə ləhcə və şivə var. Ancaq onların hər birinə məhəbbətlə yanaşaraq unutmamalıyıq ki, dilimizə “Ana dili” deyirik. Və buradakı “Ana” yalnız bizi bətnində gəzdirmiş insanı nəzərdə tutmur. “ANA” həm də əsas, baş, ümdə olan deməkdir. Bizimçünsə dil fəzasında bütün şirin ləhcə və şivələrimizin zirvəsində Ədəbi Dilimiz dayanır. Ədəbi dil tərbiyəsi, təbii, öncə tədrisdən başlanır. Ancaq məktəb öz yerində, ondan az əhəmiyyətli olmayan radio-televiziyadır. Aydın məsələdir ki, Güneylə Quzeyin vəziyyəti bu baxımdan xeyli fərqlidir, hətta müqayisəedilməz həddə seçilir. Ancaq indi sərhədlər tanımayan internet şəbəkəsi var. O və bu tayda baxılan ortaq internet televiziya proqramları ortaq ədəbi dilimizin arzulanan biçimi qazanaraq daha geniş kütlələri əhatə etməsi üçün ən qısa körpülərdən biri kimi müəyyənləşdirilmiş xətt üzrə, bəlli bir yol xəritəsi cızılaraq istifadə edilməlidir.
Xaricilər dilimizə son illərdə getdikcə daha artıq maraq göstərirlər. Gələcəkdə bu maraq daha da artacaq. Belə maillik isə təzə söhbət deyil, bunu Mahmud Kaşğarlı da söyləmişdi: “Türklərə dərdini söyləmək üçün, ürəklərinə yol tapmaq üçün onların dilində danışmaqdan gözəl vasitə yoxdur. Hər kim onların dilinə sığınırsa, onu özününkü sayıb hər cür təhlükədən qurtarır. Buna görə də türk olmayanlar da türk dilinə sığınmaqla hər cür zərər-ziyandan uzaq olurlar”.
Əcnəbilərə Azərbaycan türkcəsini öyrədən ayrıca dərsliklər də yazmalıyıq.
Lakin əvvəlcə özümüzə umac ovaq. Azərbaycan dili dərslikləri keçmişlərdə Quzey Azərbaycanda elə bu tay nəzərdə tutularaq yazılırdı. İndi gərək o tay da hökmən göz önündə saxlansın. Demək, ana dili dərslikləri yaradıcılığında çox şeylər dəyişilməli, çox məqamlar müştərəklik baxımından süzgəcdən keçirilməlidir.
Biz oturub gözləyə bilmərik haçan münasib şərait yaranacaq, icazə veriləcək ki, Güneydə ana dilində məktəblər açılsın, orada azərbaycanlıların doğma dildə təhsili məsələsi illərcə arzulanmış axarına düşsün. Dünya elə dəyişəndir ki, bu, lap ən tez bir vaxtda, uzun hazırlıqlar görülmədən qəfilcə də baş verə bilər. Siyasətdir, görərsən üzü döndü, gün doğdu. Tarix gedişatının bütün məntiqi də istər-istəməz həmin səmtədir. Ancaq heç bir halda - bu niyyətin yaxın çağlardamı, ya bir qədər sonra gerçəkləşəcəyini oturub gözləmək əsla yaramaz. Güney məktəbləri üçün birincidən son sinifə qədər bütün ana dili və ədəbiyyat dərslikləri Quzeyli və Güneyli mütəxəssislərin birgə səyləri ilə ən qısa dövrdə mütləq yaradılmalıdır.
Və ləngimdən də Tədrisə Başlanılmalıdır!!!
Bu boyda GOOGLE və YOUTUBE varkən tərəddüdə və gözləməyə nə hacət?! Dərsliklər yazılıb hazır olunca onların PDF-ləri internet şəbəkəsində yerləşdirilir və “məktəb zəngi” çalınır.
Kanalını aç, müəllimlər hər sinif üçün hazırlanmış bəlli dərsliklər üzrə tədrisi oradan başlasın.
Bugünün texnolojiləri - nəcib və əzəmətli internet hörümçəyinin bütün dünyanı bürüyən toru sinfin kiçik bir otaq çərçivəsindən qurtularaq yüzlər və minlərlə öyrənci tutan nəhəng auditoriyaya, əngin tədris məkanına çevrilməsinə, bundan da asudəcə yararlanmağımıza meydanı çoxdan açıb.
İstifadə edək!
Güneyli-quzeyli 50 milyon, dünyadakı daşıyıcılarının miqdarı ilə 60 milyon olan azərbaycanca danışan insanları (bu göstərici indi belədir, şəksiz, gələcəkdə daha da artacaq) bütöv halında düşünərək Azərbaycan dilinin mükəmməl orfoqrafiya, sinonimlər, antonimlər lüğətləri düzəldilməlidir. İndiyədək olanlar bu bütöv xalqın yalnız bir hissəsinin dilindən alınmış materiallar əsasında hazırlanıb. Etimoloji, izahlı, orfoqrafiya lüğətlərimiz də Güney və Quzeyi birgə götürərək hazırlanmalıdır. Həmin bütövlükdə dilin zənginliyi və möhtəşəmliyi də daha artıq üzə çıxacaq.
Vahid bünövrə lüğətləri olmayan bir millət gerçək birlikdən necə dəm vura bilər!
Gendən adama mürəkkəb, qəliz kimi gələn milli birliyə nail olmaq amalı belə ümdə dayaqlar üzərində dikəlib bərqərar ola bilir.
Həm Güney, həm Quzey üçün çox mühüm, ikisinə birlikdə isə həyati əhəmiyyətli olan ana dilimizin daha da qüdrətlənməsi, irəliləməsi, ali hədəflərinə yetişməsi yolunda mübarizələri bir göz qırpımı, bir nəfəs dərimi qədərcə fasilə vermədən davam etdirmək gərəkdir. Bununçün ilk növbədə həmin mübarizəyə qatılanların hər birinin ürəyində sevgi alovu olmalıdır.
Dilə sevgini, əlbəttə ki, sevgi çağırışları ilə yaratmaq olmaz. Gərək iş olsun! Gərək səlahiyyət sahibləri də, hər bir soydaş da dilin namusunu çəkə! Həm də bu yolda ən əvvəl ortada gərək dilimizin ən canıyanan qayğıkeşlərindən Mirzə Cəlil demiş, əməl ola! Və tam Mirzə Cəlil deyən kimi təkrarlayıram: “Əməl! Əməl! Əməl!”
9 iyun 2024
Bizi Facebookda izləyin
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта