Xəbər verdiyimiz kimi, Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimova Naxçıvana gedib. Muxtar Respublikada şəhid anaları ilə görüşən Səmayə Həşimova naməlum şəraitdə itkin düşən, 2 gün sonra isə Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Ceyhun Tofiq oğlu Hüseynovun ailəsini ziyarət edib.
Bizim.Media xəbər verir ki, bu gün Milli Qəhrəmanımızın anası şəhid anaları ilə birlikdə mərhumun Ordubad rayonunun Gənzə kəndində yerləşən məzarını ziyarət edib.
Analar mərhumun ruhuna dualar oxuyublar.
Qeyd edək ki, Naxçıvandan olan Azərbaycan Respublikasının hərbi qulluqçusu əsgər Ceyhun Hüseynovun nəşi bu il iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsində aşkar edilib. Ceyhun Hüseynovun nəşi 1994-cü ildə şəhid olmuş əmisinin - Ceyhun Hüseynovun dəfn olunduğu Gənzə kənd qəbiristanlığında torpağa tapşırılıb.
Baş Prokurorluğun iyunun 14-də yaydığı məlumatda mərhumun qətlə yetirildiyi bildirilib. Faktı üzrə Naxçıvan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.
Məlumat üçün bildirək ki, əslən Ordubaddan olan Ceyhun Hüseynov Azərbaycan Diplomatik Akademiyasının (ADA) tələbəsi olub. Universitetə yüksək balla daxil olub və ali məktəbi qırmızı diplomla bitirib. Burada təhsilini başa vurduqdan sonra Təl-Əvivdə magistratura təhsili alıb.
Ceyhunun adını daşıdığı əmisi Hüseynov Ceyhun Tahir oğlu isə 1994-cü ildə Talış kəndi uğrunda gedən döyüşlərdə şəhadət zirvəsinə ucalıb.
Bizim.Media