RU

İsrail qüvvələri Fələstinin əmlakına ziyan vurub və Cenində çox sayda insanı əsir götürüb

Cenin şəhərində də fələstinlilərlə İsrail əsgərləri arasında qarşıdurma yaşanıb.

BiG.AZ xəbər verir ki, İsrail qüvvələri Fələstinin əmlakına ziyan vurub və Cenində çox sayda insanı əsir götürüb.

Şahidlərdən alınan məlumata görə, İsrail ordusu İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhərinə hücum edib. Basqına qarşı çıxan fələstinlilərlə İsrail əsgərləri arasında silahlı toqquşma baş verib.

Fələstinlilərin evlərinə və daşınmaz əmlaklarına ziyan vuran, şəhərin infrastrukturunu dağıdan İsrail əsgərlərinin basqını zamanı bölgədə partlayış və silah səsləri eşidilib.

İsrail qüvvələri Cenin Qaçqınlar Düşərgəsində 8 fələstinlini saxlayıb.

Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamada Cenində bir nəfərin əsl güllə ilə yaralandığı bildirilib.

Dünən İsrail ordusu Cenin şəhəri və Cenin Qaçqınlar Düşərgəsi ətrafındakı məhəllələrə basqın edərək sərbəst buraxılan 2 fələstinlini yenidən nəzarətə götürüb.

İsrail əsgərlərinin basqın etdiyi yerlər arasında Ceninlə yanaşı, işğal altındakı İordan çayının qərb sahilindəki Qalkilya, Beytüllahm, Hebron və Ramallah şəhərləri də var.

Bu şəhərlərdə saxlanılan fələstinlilərin sayı ilə bağlı hələlik heç bir açıqlama verilmir.

İsrailin Qəzza zolağına hücuma başladığı 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı həbslər, basqınlar və hücumlarda artım müşahidə olunur.

Bu müddət ərzində işğal altındakı bölgədə nəzarətə alınan fələstinlilərin sayı 9400-ə çatdığı halda, İsrail əsgərləri və Fələstin torpaqlarını qəsb edən israillilərin hücumları nəticəsində 553 nəfər həlak olub.


BiG.Az
Избранный
491
big.az

1Источники