RU

TƏBİB-də “Açıq qapı” günü keçirilib

TƏBİB-də media və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün “Açıq qapı” günü keçirilib. 

"Cebhe.info" xəbər verir ki, “Açıq qapı” gününün keçirilməsində əsas məqsəd Müraciətlərlə iş departamentinin fəaliyyəti ilə iştirakçıları əyani tanış etmək, müraciətlərin cavablandırılması və qeydə alınması proseslərini izləmələrinə şərait yaratmaq, onları maraqlandıran sualları cavablandırmaqdan ibarət olub.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova bildirib ki, quruma daxil olan müraciətlər “Vətəndaşların müraciətləri haqqında” Qanuna, digər qanunvericilik aktlarına uyğun olaraq qeydiyyata alınır və baxılır:

“Vətəndaşlar TƏBİB-in Çağrı Mərkəzi (815) ilə əlaqə saxlaya, yazılı müraciətləri birbaşa quruma təqdim edə, qurumun rəsmi internet səhifəsi, eləcə də [email protected] elektron poçt ünvanı üzərindən onlayn şəkildə müraciətlərini ünvanlaya bilərlər”.

TƏBİB-in Müraciətlərlə iş departamentinin rəhbəri İlham Hüseynov departamentin daxilində Ümumi, Vətəndaş müraciətləri və Çağrı xidməti şöbələrinin fəaliyyət göstərdiyini qeyd edib. İ.Hüseynov vətəndaşların müraciət qaydası və prosesi barədə iştirakçıları məlumatlandırıb. O bildirib ki, 2024-cü ilin 5 ayı ərzində TƏBİB-ə 11 min 819 müraciət daxil olub.

“Onlardan 6 min 690-ı ərizə, 5 min 110-u şikayət, 19-u təklifdən ibarət olub. Digər qurumlardan nəzarət qaydasında daxil olan müraciət sayı 658, daxil olan təkrar müraciətlərin sayı 2 202-dir. Kollektiv daxil olan müraciətlərin sayı isə 189 olub. 2023-cü ilin eyni dövrü ilə müqayisədə bu il müraciətlərin sayında 17,6 % artım qeydə alınıb. 2024-cü ilin 5 ayı ərzində TƏBİB-in inzibati binasında qəbulda iştirak edən vətəndaş sayı isə 1 843 nəfər təşkil edib” - deyə departament rəhbəri bildirib.

Daha sonra TƏBİB-in Çağrı xidməti şöbəsinin müdiri Firad Rəsulov tərəfindən xidmətin fəaliyyət istiqamətləri barədə təqdimat nümayiş olunub. O qeyd edib ki, bütün ölkə ərazisindən xidmətlə əlaqə saxlamaq mümkündür:

“TƏBİB-in səlahiyyətlərinə aid olan məsələlərlə bağlı şöbə həftənin 7 günü, sutkaboyu dayanmadan fəaliyyət göstərir. Məqsədimiz vətəndaş məmnunluğunu təmin etmək və daxil olan hər bir müraciətə çevik, operativ reaksiya vermək və müraciətlərin həlli istiqamətləri üzrə dərhal tədbirlər görməkdir”.

F.Rəsulov qeyd edib ki, 2024-cü ilin yanvar-may ayları ərzində şöbənin əməkdaşları tərəfindən 56 min 623 zəng cavablandırılıb:

“Vətəndaşların müraciətləri əsasən işə qəbul qaydaları, arayışların verilməsi, icbari tibbi sığortanın Xidmətlər Zərfi, müayinə və müalicənin təşkili, peyvəndlər və digər məsələlərlə bağlı olub. Vətəndaşların müraciətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb, onların həlli istiqamətində zəruri tapşırıqlar verilib”.

“Açıq qapı” günü iştirakçıların sual-cavab sessiyası ilə yekunlaşıb.

"Cebhe.info"

Избранный
124
14
cebheinfo.az

10Источники