RU

Xanım Əziz: Hamı kimi olmaq məcburiyyətində deyilsən, özəlliyini tapmalısan!

Xanım

Bakı, 27 iyun, Anara Axundova, AZƏRTAC

AZƏRTAC Azərbaycanın məşhur blogerləri ilə müsahibələr silsiləsini davam etdirir. Növbəti həmsöhbətimiz talış ləhcəsində danışan, ətrafdakı hər şeyi parlaq tənqidi üslubu ilə şərh edən lənkəranlı “Şoşu-nənə” kimi tanınan Xanım Əzizdir. O, bu və digər obrazların necə yarandığından danışıb və blogerlərin gələcəyini müzakirə edib.

- Gəlin əvvəldən başlayaq, bloqunuz nədən başladı?

- Bloq yaranmağa başlayandan, blogger olmaq fikrim yox idi. Mən bundan tamamilə uzaq idim. Məncə, bütün məsələ bundadır. Biz xaricdə yaşayırdıq - əvvəlcə, ABŞ-da, sonra Gürcüstanda. 2019-cu ilin sonunda Bakıya qayıtdıq və dərhal pandemiya başladı. Mən evdən işləyirdim - HR ilə məşğul oldum. Bir illik müqaviləm var idi və onun müddəti bitəndə başa düşdüm ki, bu il - hamı üçün çətin bir ildə gördüyüm işdən heç həzz almadım. Anladım ki, sərbəst olmaq istəyirəm. Mən həyat yoldaşımla danışdım və bu barədə ona bəhs etdim. Həyat yoldaşım mənə bir növ biznes açmağı təklif etdi. Deyirdi ki, mən bunu yaxşı edəcəyəm. O, mənə inanırdı. Düşündüm ki, sınaya bilərəm, lakin hər şeyi götür-qoy etməli idim. O vaxta qədər biz artıq bir ilə yaxın idi ki, Azərbaycanda yaşayırdıq. Gördüm ki, Azərbaycanda hər şey Instagram vasitəsilə edilir. Anladım ki, hansı biznesə başlasam, istənilən halda Instagram səhifəsi açmalıyam. Hansı bizneslə məşğul olacağımı hələ düşünməmişdim. 2021-ci ilin mart ayının ortaları idi. Səhifə açdım, oturmuşam və bunun nə olduğunu, hansı sahədən bəhs edəcəyini və necə adlanacağını da bilmirəm. Düşündüm ki, onu belə də adlandırım: “about nothing” (“heç nə haqqında” – müəllifin qeydi). Qoy insanlar dərhal bilsinlər ki, söhbət heç nədən gedir (Gülür). Sonda düşündüm ki, orada faydalı bir şey göstərməliyəm. Qərara gəldim ki, 11 il xaricdə yaşayan və indi Azərbaycana qayıdan bir ailənin mədəni reinteqrasiyasını göstərim. Mən sadəcə olaraq hara getdiyimizi, nə etdiyimizi göstərirdim - pandemiyadan dərhal sonra hər yer açılmağa başladı.

- Bəs sizin yumoristik obrazlarınız necə yaranıb?

- Məni işlə bağlı müsahibəyə dəvət etdilər. Dedilər ki, Azərbaycan dilində keçiriləcək. O vaxt mən Azərbaycan dilində çox pis danışırdım, amma indi artıq dilimizi yaxşı bilirəm, 11 il idi ki, bu dildə danışmırdım. Düşündüm ki, İlahi, bu sadəcə gülməli olacaq! HR haqqında Azərbaycan dilində necə danışacağam? Bunun nə qədər gülməli olacağını təsəvvür edəndə, hətta ürəkdən qəhqəhə çəkdim. Mən işlə bağlı Azərbaycan dilində müsahibədən necə keçdiyimə dair video hazırladım. Bundan əvvəl mənim 100-150 abunəçim var idi - və bütün dostlarım. Kim abunə olacaq ki? Bir aydır ki, bloq aparıram, orada maraqlı heç nə baş vermir, heç kim çanta açmır, bahalı əşyalar göstərmir, restoranda yeməklərin şəklini çəkmir - ailənin reinteqrasiyası haqqında çox darıxdırıcı bloq (Gülür). Ona görə də bu videonu yüklədim və o, “yerinə düşdü”. Dostlarım onu paylaşmağa başladılar və yavaş-yavaş tanımadığım insanlar səhifəmə gəldilər. Həmin andan “Ostap getdi” (Gülür). Sanki hansısa bağlı olan qapı açıldı.

- Nəticədə sizin üç komediya obrazınız var.

- Bir çox fərqli olanları var idi, amma üçü qaldı. Videolar çəkməyə, dostlarıma, həyat yoldaşıma göstərməyə başladım - o, mənim senzorum kimi çox dəstək oldu. Axşam evə gəlib soruşurdu ki, “necədir, bu gün yeni nəsə çəkmisən?” İlk personajım Şoşu-nənə - lənkəranlı nənə idi.

- Bu obraz necə yarandı?

- Evimizin yaxınlığında park salınırdı, həm də çox uzun müddət ərzində . Mən isə düşünürdüm – axı onlar bunu nə vaxt başa çatdıracaqlar! Hər dəfə eyvana çıxıb baxırdım. Şoşu-nənənin yarandığı gün birdən anladım ki, artıq ucadan danışıram, bu, necə olan şeydir? Onlar bir ildir ki, bu bədbəxt parkı tamamlaya bilmirlər! Orada nə qazırsınız? Sonra öz-özümə dedim: Xanım, sən nənə kimi danışırsan! Həmin an düşündüm ki, nənənin parkın tikintisinə necə nəzarət etməsi barədə bir video çəkim. Bizim həm də durbinimiz var (Gülür). Mən də nənə kimi geyinib onu çəkdim. Hər şey kortəbii idi, heç nə yazmamışdım. Talış ləhcəsi ilə danışan qarı, Şoşu-nənə haqqında ilk videoçarxım bax belə yarandı.

- Amma sizin tamamilə başqa obrazınız da var, orada heç də yaşlı qadın deyilsiniz!

- Masya (Gülür). Masya da ürəkdən gələn fəryaddır. Çünki Bakıya qayıdandan sonra hər yerdə bu “masya”larla qarşılaşırdım. Amma mən bu “masya”lara pərəstiş edirəm. Öz Masyama da pərəstiş edirəm, baxmayaraq ki, həyat yoldaşım ona nifrət edir və deyir: “Mən ona qulaq asa bilmirəm, ona baxa bilmirəm, görə bilmirəm!” (Gülür).

- Bəs Harmony?

- Harmony də narazılıqdır. Bu, hamımızın nifrət etdiyi obrazdır - ideal sosial media qadını. Onun haqqında bilirik ki, “səndə hər şey o qədər də gözəl deyil, əzizim...”. Ailəndə nə baş verdiyini, ərinlə aranda nə olduğunu və başına nələr gəldiyini bilirik! Amma eyni zamanda bloq açıb bütün dünyaya necə yaşamağı öyrədirsən. Səndə hər şeyin mükəmməl olduğunu və “ideallığın ta özü” olduğunu göstərirsən. Bu, hər kəsi çox həyəcanlandırır və mənə də çox pis təsir edirdi.

- Obrazlarınızdan istifadə edərək hər hansı bir şou hazırlamaq barədə heç düşünmüsünüzmü?

- Bu il mən nəhayət yutub kanalımı açmaq üçün özümdə güc tapdım; bu, Şoşu-nənə ilə yemək bişirməkdir. İndi bloqdan qazandığım bütün gəliri bu layihəyə yatırıram. Artıq iki proqram buraxılıb və daha ikisi hazırda montaj olunur. Bir il bunu davam etdirəcəyəm: yaxşı alınsa - əla, alınmasa, demək ki, yox. Mən bundan həzz alıram! Nə qədər ki, prosesdən zövq alıram, nə qədər ki, çəkiliş zamanı gülürəm, nə qədər ki, montaj zamanı qəhqəhə çəkiriksə, deməli, bunu etməliyik. Artıq gülməli, maraqlı olmadıqda, hamısını dayandıracağıq.

- Gəlin bloqunuzdan bir az uzaqlaşaq və ümumiyyətlə blogerliyin gələcəkdə - 5-10 ildən sonra necə olacağından danışaq.

- İndi bloq aparmaq çətindir, çünki Instagram özünü TikTok kimi göstərir və bu çox da yaxşı deyil. İndi onlar rilsı tam şəkildə təbliğ edirlər. Instagramın məqsədi nədir? İnsanlar bu platformada daha çox qalsınlar. Onlar bunu necə edirlər? Əlbəttə, blogerlər sayəsində. Ona görə də çox izlənilən blogerləri tanıtmaq onlar üçün faydalıdır. Kimi çox izləyirlər? Qısa rils hazırlayanları. Təbii ki, blogerlər buna uyğunlaşmaq məcburiyyətindədir... Bundan sonra nə olacaq, yəqin ki, ən güclü olanlar “sağ qalacaq”. Məzmunu çoxlu baxış sayına “gedənlər” duruş gətirə biləcəklər. Bu, orada keyfiyyətin yaxşı olması demək deyil. Burada sadəcə olaraq “baxılan məzmun” anlayışı var. Bunu bilmək və dərk etmək lazımdır, yəni sənin nə istədiyini? Niyə blogger oldun? Hər dəfə məzmunu "kəsdiyin" zaman, necə deyərlər, onun sənin nəyinə lazım olduğunu başa düşməlisən.

- Bloger olmaq istəyənlərə başqa nə məsləhətiniz var?

- Bir blog aç, özünü sına və nəticəsinə bax. Əsas odur ki, ondan zövq alıb-almadığını dərk edəsən. Bunu yalnız insanların səni restoranlara dəvət etmələrini və hədiyyələr vermələrini istədiyin üçün edirsənsə... Tamam. Bunu nə vaxta qədər edə bilərsən? Bir il? Üç il? Beş il? Sənin üçün maraqlı deyilsə, bu, çox çətin iş olacaq. Hamı kimi olmaq məcburiyyətində deyilsən – səni başqalarından nəyin fərqləndirdiyini göstərmək üçün öz özəlliyini tap. Heç vaxt özünü “çırağın qulu” etməməlisən. Sabah bloqumu bağlaya bilərəm və deyə bilərəm: hamınıza təşəkkür edirəm, bu, əla təcrübə idi və gedib başqa işlə məşğul olaram. Ancaq bloqdan asılısansa, bu, pisdir. Ona görə də bloqunu inkişaf etdirmisənsə, daha bir başqa işlə də məşğul ol. Populyarlığına güvənmək lazım deyil - bu, bütün psixi sağlamlığını, özünə qiymətini sərf edə biləcəyin ən çox əldən çıxa bilən anlayışdır. Heç bir halda özünə qiymətini bloqdan asılı tutmamalısan! Bax bu prioritetləri əvvəlcədən özün üçün müəyyən etməlisən, sonra isə bloger olmaqla bağlı qərar verməlisən.

- Sağ olun, Şoşu-nənə!

Избранный
174
azertag.az

1Источники