Akif Nəsirli: “Avropa ölkələrinin bu siyasi yanaşması Avropa banklarının da işinə təsir göstərib və qəsdən gecikmələr baş verib”
“Ölkəmiz Avropanı qazla təmin etdiyi halda, Avropa bankları maliyyələşməni təmin etməyə hazırlıq nümayiş etdirməyiblər, lakin Asiya İnkişaf Bankı bunu edib”. Bunu Prezident İlham Əliyev iyunun 27-də Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakavanı qəbul edərkən bildirib.
Prezident Əliyev, xüsusilə Azərbaycan təbii qazının nəql edilməsi layihələrinə Avropa maliyyə institutları tərəfindən bəzi maliyyə gecikmələrinin olduğu zaman bu məsələdə Asiya İnkişaf Bankının birmənalı dəstəyini yüksək qiymətləndirib. Prezident bununla bağlı xatırladıb ki, əvvəllər də dediyi kimi, ölkəmiz Avropanı qazla təmin etdiyi halda Avropa bankları maliyyələşməni təmin etməyə hazırlıq nümayiş etdirməyiblər, lakin Asiya İnkişaf Bankı bunu edib.
Avropa bankı Azərbaycanın qaz layihələrinin maliyyələşdirilməsinə töhfə verməyib, bir sözlə, bu sahədə “düşmənçilik” aparır.
“Bu öz ərazi bütövlüyünü təmin edən Azərbaycana qarşı düşmən siyasətinin göstəricilərindən biri kimi görsənir”
Məsələyə münasibət bildirən Liberal İqtisadçılar Birliyinin rəhbəri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində “Bu məsələ iqtisadi mənadan çox siyasi məna daşıyır. Bilirsiz ki, Avropa ölkələri 2023-cü ilin sentyabr ayında baş verən bir günlük məhdud antiterror tədbirlərindən sonra Azərbaycanla münasibətləri korladı. Belə görsənir ki, bu dövlətlər Azərbaycanın daxilində ərazi bütövlüyü probleminin qalmasında maraqlı idilər. Məsələn, Fransa, eləcə də Avropanın digər ölkələri, ABŞ və bir sıra beynəlxalq təşkilatlar Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsini istəmirdilər. Bu baş verdikdən sonra ABŞ Konqresinin də Azərbaycana münasibəti dəyişdi. Ola bilsin ki, bunun təsiri Avropa banklarına da sirayət etsin. Yəni Avropa ölkələrinin bu siyasi yanaşması Avropa banklarının da işinə təsir göstərib və qəsdən gecikmələr baş verib. Bu gecikmələr o həddə çatıb ki, artıq Azərbaycan Prezidenti bunu dilə gətirir. İndiyə qədər heç bir iqtisadi göstəricilərdə bu barədə heç nə deyilməyib”-deyə bildirdi.
A.Nəsirlinin sözlərinə görə, amma ekspertlər qrupuna, Azərbaycan mütəxəssislərinə məlum idi ki, əvvəllər də Avropa bankları bir sıra qaz maliyyələşmələrində müəyyən gecikmələrə yol verirdilər. “Bunun bir tərəfi də ondan ibarətdir ki, artıq Avropa ölkələri Azərbaycanla qaz ticarətinin tam oturuşduğunu düşünür. Çünki Azərbaycanın əsas qaz boru kəməri Avropaya doğru yönəlib və bu layihələr işlənib. Bunlar dəqiq bilir ki, Azərbaycan bu layihədən vaz keçməyəcək. Yəni bir növ Azərbaycan hazırda Avropadan imtina etdikdə başqa bir istiqamətə qaz sata bilmir. Düzdür, Adriatik dənizi vasitəsilə alternativ olaraq İtaliyaya qədər boru kəmərinin uzanması prosesi getdi. Amma məsələ burasındadır ki, o çıxış da Avropa ölkələrinə bağlıdır. Yəni Avropa arxayındır ki, Azərbaycanın güclü qaz müştərisdir. Ona görə də onlarda bir qədər arxayınlıq var. Müəyyən maliyyə çətinlikləri olanda belə gecikmələrə yol verirdilər. Azərbaycan da bunu nəzərə alırdı. Amma görünür ki, dediyim kimi, bir günlük antiterror tədbirlərindən sonra Avropanın və Amerikanın Azərbayancana münasibətinin dəyişməsi ilə əlaqədar olaraq təbii qazının nəql edilməsi layihələrinin maliyyələşdirilməsini banklar gecikdiriblər.
Məndə bu haqda geniş məlumat yoxdur. Amma yenə də hesab edirəm ki, bu prosesin baş verməsi bir günlük antiterror tədbirlərindən sonra Avropa ölkələrinin bizə münasibətinin dəyişməsi ilə əlaqədar ola bilər. Yəni bu öz ərazi bütövlüyünü təmin edən Azərbaycana qarşı düşmən siyasətinin göstəricilərindən biri kimi görsənir”.
A.Nəsirli qeyd etdi ki, bu birmənalı olaraq siyasi məsələdir və Avropa ölkələri bununla öz mövqeyini göstərmiş olub. A.Nəsirli hesab edir ki, Azərbaycanın buna qarşı tədbir görməsi yalnız qaz ixracatının şaxələndirilməsi ola bilər.
Iradə SARIYEVA