Azərbaycan polisi təhlükəsizliyin təminatı, ölkədaxili sabitliyi yaradan və qoruyan, vətəndaşın asayişin mühafizə edilməsi, dövlətin, vətəndaşların qanuni mənafelərinin və mülkiyyətinin hüquqa zidd əməllərdən qorunması, insanların azad, sərbəst yaşaması üçün lazımi şəraitin yaradılması istiqamətində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Sevinc Hüseynova və siyasi şərhçi Elçin Mirzəbəyli Trend-ə açıqlama verib.
S.Hüseynova bildirib ki, Azərbaycan polisi ölkənin sabitliyi, vətəndaşların təhlükəsizliyi üçün böyük fədakarlıq nümayiş etdirir və bu, ölkə ictimaiyyəti tərəfindən təqdir edilir.
Deputat qeyd edib ki, müstəqilliyimizin ilk illərində Azərbaycanın daxili işlər orqanları həm müstəqilliyimizin qorunmasında, həm də erməni təcavüzünə qarşı mübarizədə böyük fədakarlıq nümayiş etdirib.
"Ermənistanın hərbi təcavüzünə milli müqaviməti də ilk olaraq məhz polis orqanları təşkil ediblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda şiddətli döyüşlərdə də daxili işlər orqanlarının əməkdaşları ön xəttə mübarizə aparıblar. Bu ağır döyüşlərdə daxili işlər orqanlarının şəxsi heyəti 1695 şəhid verib, 1710 əməkdaşı isə yaralanıb.
Ulu Öndər Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın daxili işlər orqanlarının fəaliyyəti daim diqqətdə saxlanılıb. Ümummilli liderin hakimiyyətə qayıdışından sonra hüquq-mühafizə orqanlarının, xüsusilə DİN-in qanunauyğun fəaliyyətini təmin etmək, peşəkar kadrları bu orqanda irəliyə çəkməklə onu xalqın və dövlətin layiqli müdafiəçisinə çevirmək istiqamətində lazımi tədbirlər həyata keçirildi", - o deyib.
S.Hüseynova vurğulayıb ki, sonrakı dövrdə Prezident İlham Əliyev daim Azərbaycan polisinin texniki təchizatının, sosial təminatının yaxşılaşdırılmasını diqqətdə saxlayıb, bu istiqamətdə müvafiq addımlar atılıb.
"Bunun nəticəsi idi ki, həm koronavirus pandemiyası dönəmində, həm də 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan polisi üzərinə düşən öhdəlikləri ən yüksək səviyyədə yerinə yetirdi. Vətən müharibəsində Daxili Qoşunların 66 əməkdaşı şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb. Onların bu şücaəti dövlət başçısı tərəfindən yüksək qiymətləndirilib. Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər cənab Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla orden və medallara, o cümlədən 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb", - deyə deputat əlavə edib.
Elçin Mirzəbəyli isə bildirib ki, Şüvəlanda başqalarının həyatını öz həyatlarından üstün tutduqları, nəyin bahasına olursa-olsun insan həyatını qorumağa çalışdıqları üçün qatil gülləsinə tuş gələn polislərimizin fədakarlığı gerçək bir qəhrəmanlıq nümunəsidir.
"Son 30 il ərzində Azərbaycanın dünyəvi, demokratik dövlət quruluşunu, vətəndaşların təhlükəsizliyini, asayişi qoruyan polislərimizə atılan güllələrin, qumbara qəlpələrinin, ürəklərinə sancılan xəncərlərin ağrısını öz bədənimdə, ürəyimdə hiss edirəm. 44 günlük müqəddəs Vətən savaşında, aqressiv, qaniçən separatizmin kökünün torpaqlarımızdan kəsilməsiylə, şər, fitnə-fəsad yuvasının darmadağın edilməsiylə nəticələnən antiterror əməliyyatlarında həyatını, sağlamlığını itirən igidlərimizin acısını da həmçinin. Onlar da bizim kimi yaşamaq, övladlarının, doğmalarının xoş günlərinə şahidlik etmək, xoşbəxt olmaq istəyirdilər. Amma həyatlarını vəzifə və insanlıq borclarını yerinə yetirmək üçün qurban verməyi, canlarını təhlükəsizliyimiz namin fəda etməyi üstün tutdular", -, əlavə edib.
Siyasi şərhçi qeyd edib ki, Azərbaycan polisinin fədakarlıq və qəhrəmanlıq səlnamələrinin cüzi bir hissəsini təşkil edən bu faktları əbəs yerə xatırlatmadım.
"Məqsədim var. Çünki bəzən sosial şəbəkə "qəhrəman"larının, korporativ maraq daşıyıcılarının, nüfuz müvəkkillərinin polisə münasibətdə amansız, faktlara deyil, şayiələrə, sifarişli, qərəzli və qondarma ittihamlara söykənən yanaşmalarının şahidi oluram. Polisə qəribə bir yanaşma var belələrində. Sanki polis əməkdaşları hansısa başqa bir planetdən gəliblər, onların da hamı kimi ailələri, doğmaları, yaxınları, hissləri, arzuları, xəyalları yoxdur.
Bu qədər qərəz olmaz! Bu ifratçılığın ən son həddidir.
"Uzaqdan baxana döyüş asan gəlir", - deyib atalar. Maraqlıdır, görəsən hətta öz uğursuzluqlarına görə də polisi ittiham edən adamlar nə zamansa düşünüblər ki, onların öz fikirlərini bu qədər sərbəst şəkildə ifadə etmələri, rahat və təhlükəsiz yaşamaları üçün nə qədər böyük və gərgin əmək sərf olunur. Biz yalnız nəticəni görürük.
Təsəvvür edin, cəmi bir neçə saat polis öz vəzifəsini icra etməsə, nələr baş verə bilər. Təsəvvür etmək belə istəmirəm. Çünki bu bir neçə saatın hər dəqiqəsində nə qədər böyük cinayətlər törədilə biləcəyini, bu dəqiqələrin hər saniyəsinin qan qoxuyacağını yaxşı başa düşürəm.
Azərbaycan polisinin vəzifəsi bizim təhlükəsizliyimizi, ölkəmizdəki sabitliyi qorumaq olduğu kimi, bizim də borcumuz bu prosesə dəstək vermək, Azərbaycan polisinin şərəfli adının üzərinə kölgə salmamaqdır. Çünki polisin nüfuzunun zədələndiyi yerdə yaranan boşluqları qatillər, oğrular, terrorçular, həyatımıza, əmlakımıza, dövlətimizin təhlükəsizliyinə qənim kəsilən cinayətkarlar tutur", - Mirzəbəyli vurğulayıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun