RU

2 çağırışın bir mənbəyi

Qərbin ikili “üzü”...

Caniləri himayə edənlər hansı “bəşəri” dəyərə əsaslanır? 

2020-ci ildə Azərbaycanın öz ərazi bütövluyünü, 2023-cü ildə isə suverenliyini təmin etməsi erməni lobbisini, onların havadarlarını məyus etdi. 30 ilə yaxın müddətdə guya “möhkəmləndirilən” qondarma xunta rejiminin cəmisi 24 saata “süqut etməsi” havadarların planlarını pozdu - illərlə məhz “Qarabağ kartı” ilə regiona müdaxilə imkanları axtaran qüvvələr, xüsusilə Fransanın təmsil olunduğu ermənipərəst dairələr çətin vəziyyətə düşdü. Xunta rejiminin rəhbərliyində təmsil olunan cinayətkarların həbs edilərək Bakıya gətirilməsi, ədalət məhkəməsində mühakimə olunması onlara “dayaq” olmuş dairələr üçün mühüm narahatlıqlar formalaşdırır - çünki separatizmin sonunun gətirilməsi, həmin şəxslərin qanun qarşısında cavab verməsi, eləcə də Azərbaycanın bölgədə güclənməsi, Cənubi Qafqazın real liderinə çevrilməsi, yeni əməkdaşlıqlar platforması ilə bağlı anonslar səsləndirməsi onların bölgə ilə bağlı “arzularını” da puç edir. Beləliklə, həmin daiələrə ənənəvi “təzyiq formalarına” müraciət etməli olurlar - bu mənada, artıq bir neçə beynəlxalq “təsisatın” anti-Azərbaycan xarakterli “qətnamələrinin”, “qərarlarının”, çağırışlarının şahidinə çevrilməkdəyik. 

Məsələyə keçməmişdən öncə, qeyd edək ki, heç bir hüquqi qüvvəyə malik olmayan bu kimi “qətnamələr” və çağırışlar erməni lobbisinin “könlünü qırmamaq” xarakteri daşıyır. Bundan öncəki proseslərə nəzər salsaq, Avropa Parlamentinin, elə AŞPA-nın bir neçə dəfə bu kimi ermənipərəst qətnamə qəbul etdiyini görə bilərik. Budəfəki çağırış da onların “davamıdır”.

Ədalət mühakiməsi: AŞPA cinayətkara “azadlıq” tələb edir...

Xəbər verildiyi kimi, Avropa Şurası Parlament Assambleyası (AŞPA) növbəti dəfə anti-Azərbaycan bəyanatla çıxış edərək qərəz və ikili mövqeyini ortaya qoyub. Qurum terrorçuluqda, insanlığa qarşı cinayətlər törətməkdə ittiham olunan şəxslərin “dərhal azad olunması” çağırışı ilə çıxış edib. AŞPA heç bir səbəb və arqument göstərmədən Bakıda həbsxanada məhkəmə qərarlarının icrasını gözləyən erməni separatçı və terrorçuların buraxılmasını zəruri sayıb. Xatırladaq ki, bu “çağırış” AŞPA-nın ötən ili sentyabrındakı antiterror tədbirindən sonra ilk bu kimi anti-Azərbaycan mövqe nümayişi - ötən il oktyabrın 12-də də AŞPA 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağda hərbi əməliyyatlarını pisləyən “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı “qətnamə” qəbul etmişdi və bir sıra qeyri-qanuni “tələblərlə” yadda qalmışdı. Budəfəki çağırış da həmin “sənədin” davamı qəbilindəndir. 

Bildirildiyi kimi, Qarabağdakı xuntanın çöküşü ilə Azərbaycan xalqına və dövlətinə qarşı qeyri-qanuni fəaliyyət göstərmiş, cinayətlərdə günahlandırılan şəxslər Cinayət Məcəlləsinin müvafiq bəndləri əsasında saxlanılaraq mühakimə qarşısına çıxarılıb. Ən əsası isə Qarabağdakı separatçıların keçmiş rəhbərləri Azərbaycanın ədalət məhkəməsi qarşısında cavab verirlər. Bu şəxslər Azərbaycan qanunlarını pozmaqda, separatizmi yaymaqda, terrorda və digər məsələlərdə günahlandırılırlar. Hətta bunlardan bəziləri, öz günahlarını geniş auditoriya qarşısında etiraf etmiş şəxslərdir. Məsələn, 44 günlük Vətən müharibəsində Azərbaycana qarşı bir sıra təxribatlarda iştirak edən Araik Arutyunyan Gəncə şəhərinə qarşı xain raket hücumunun əmrini verdiyini etiraf edib. Bununla bağlı videomüraciətdə o bildirib ki, məhz onun sərəncamı ilə Gəncə yaylım atəşinə tutulub: “Mənim sərəncamımla “arsax silahlı qüvvələri” yaylım atəş sistemi ilə Gəncə şəhərini vurub. Vaxtında qeyd etmişdim, xəbərdarlıq etmişdim. Təəssüflər olsun ki, bizim tarixi “Qandzak”ı - Gəncəni, “Kirovabad”ı, onların daimi hərbi yerləşdirmə yerlərini vurmuşuq. Çünki onlar buna məcbur etdilər. Özünüzə gəlin. Çünki daha böyük şəhərləri vurmağa ehtiyac olarsa, davam edəcəyik. Yeri gəlmişkən, düşmənə zaman verərək bir müddət böyük şəhərlərin raket və artilleriya ilə atəşə tutulmasını dayandırmaq əmrini vermişəm. O, xəbərdarlıq atəşi idi”.

İkili standart: AŞPA 30 il niyə susmuşdu?

Beləliklə, etdiyi terrorçu hərəkətləri açıq dillə etiraf edən şəxsləri AŞPA-nın himayə etməsi anlaşılan deyil - bu ona dəlalət edir ki, ya AŞPA həmin terrorçuları məsuliyyətdən yayındırmağa çalışır, ya da azərbaycanlılara qarşı həmin şəxslərin törətdikləri cinayətlərlə bu kimi “beynəlxalq” qurumların birbaşa əlaqəsi mövcuddur. 

“Canilərə azadlıq çağırışı” AŞPA-nın Cənubi Qafqaza yönəlik “yeni siyasi baxış”larının detallarını ortaya qoyur. Qurum yeni mərhələdə məhz istismar edilməsi nəzərdə tutulan, “özününküləşdirilən” vardanyanların, arutyunyanların “xidmətlərindən” istifadə etmək niyyətindədir.  Onlar proseslərin inkişaf istiqamətlərini artıq sezir - Azərbaycanla Ermənistan arasında sülhün imzalanması yenidən gündəmdədir. Bu sülh imzalanacağı təqdirdə isə Ermənistan üçün yeni perspektivlər formalaşır -iqtisadi layihələrə qoşulacaq və Cənubi Qafqazın bir hissəsi kimi ümumi inkişaf tempinə ayaq uyduracaq Ermənistan Qərbin, xüsusilə Fransanın siyasi- iqtisadi əsarətindən xilas ola bilər. Bu isə Qərb imperializmi və Fransa kimi neokolonialist siyasətindən əl çəkməyən ölkə üçün böyük itkidir, hətta həyati anlam daşıyır. Bu baxımdan, canilərə “azadlıq” çağırışı edən AŞPA özünə yeni kölələr formalaşdırmaq istəyir.

Digər tərəfdən, bu amil Qərbin ikili standart tətbiqinin növbəti bariz misalı kimi ortaya çıxır -insan haqlarını fəaliyyətinin ali prinsipi elan edən, bu gün isə cinayətkarlara “azadlıq” istəyən AŞPA Azərbaycan əraziləri 30 il işğal altında olduğu dövrdə 1 milyon qaçqın və köçkünün vəziyyəti ilə bağlı susurdu, on minlərlə itkin və əsir düşmüş vətəndaşlarımızın taleyi ilə maraqlanmırdı. Bütün bunlar qurumun “bəşəri dəyərlər” pərdəsi arxasında gizləndiyini və müəyyən ermənipərəstlərin əlində alətə çevrildiyini bir daha təsdiqləyir.

Yalan iddialar: ABŞ konqresmenlərinin “abidə” çağırışı...

AŞPA ilə eyni gündə ABŞ Konqresinin 48 üzvü Dövlət katibi Antoni Blinkeni işğaldan azad edilən Azərbaycan torpaqlarındakı guya “erməni milli irsini” qorumağa çağırış edib. Əsassız iddiaya görə, 500 mədəni irs abidəsi Azərbaycan tərəfindən məhv edilmə təhlükəsi ilə üz-üzə qalıb.

Halbuki Ermənistanın hərbi təcavüzü nəticəsində 30 il müddətində təkcə torpaqlarımız işğal altında saxlanılmayıb, eyni zamanda Azərbaycan xalqına məxsus çoxəsrlik qədim tarixi-dini abidələr dağıdılaraq yerlə-yeksan edilib, onların bir qisminin isə saxtalaşdırılmasına cəhdlər göstərilib. Təcavüzkar dövlətin bu cür vandal əməllərə əl atmaqda əsas məqsədi xalqımızın minilliklər ərzində yaşadığı torpaqlarda həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etmək olub. Bütövlükdə, 200 ildən artıq müddətdə Azərbaycan xalqına qarşı davam etmiş erməni təcavüzünün qurbanları həm də tarixi-dini abidələr, müqəddəs ocaqlar və məbədlərdir. Statistikaya müraciət etsək, rəsmi məlumata görə, işğal altındakı Azərbaycan torpaqlarında təsbit olunan tarixi-dini abidələrin sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb.

Beləliklə, ermənipərəst mərkəzlərin Azərbaycana qarşı apardığı yeni yalan kampaniyası da iflasa məhkumdur - heç bir əsası olmayan, iddiadan uzağa getməyən bu kimi “çağırışlar” həqiqətin üzərinə kölgə sala bilməz. Azərbaycan apardığı siyasətinin bütün detallarında beynəlxalq hüququ və ədaləti əsas götürür. Bu isə qələbəmizin ən əsas təminatlarındandır...

P.İSMAYILOV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
85
yeniazerbaycan.com

1Источники