2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasının nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 iyun tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilmişdir.
Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə namizədliyin qeydə alınması üçün imza vərəqələri və onlara əlavə edilmiş digər seçki sənədləri müvafiq dairə seçki komissiyalarına təqdim edilməli, qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə araşdırma aparıldıqdan sonra seçki komissiyalarının nəzdində fəaliyyət göstərən işçi qrupunun rəyi də nəzərə alınmaqla namizədliyin qeydə alınıb-alınmaması məsələsi həll olunmalıdır. Namizədliyin qeydə alınması məsələsinə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında (bundan sonra – Mərkəzi Seçki Komissiyası) baxılmasına zərurət yarandığı halda imza vərəqələrindəki imzaların və digər məlumatların düzgünlüyünün yenidən yoxlanılması üçün Mərkəzi Seçki Komissiyasının nəzdində də mütəxəssislərdən ibarət tərkibdə İşçi qrupunun yaradılması zəruridir.
Bu məqsədlə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.2-ci maddəsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbaycan Respublikası Hesablama Palatasının mütəxəssisləri sırasından ekspertlər daxil edilməklə müvafiq İşçi qrupu yaradılmalı, Mərkəzi Seçki Komissiyasının həlledici səs hüquqlu üzvlərindən biri həmin qrupa rəhbər təyin edilməlidir.
Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 59.2-ci maddələrinə uyğun olaraq qərara alır:
1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə namizədin qeydə alınması üçün təqdim edilən imza vərəqələrində olan imzaların və digər məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə Mərkəzi Seçki Komissiyasının nəzdində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbaycan Respublikası Hesablama Palatasının mütəxəssisləri sırasından ekspertlərdən ibarət İşçi qrupu yaradılsın.
2. Mərkəzi Seçki Komissiyasının üzvü Etibar Quliyev İşçi qrupunun rəhbəri təyin edilsin.
3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov