Xəbər verdiyimiz kimi, məşhur cazmen, Azərbaycanın Əməkdar artist Şahin Növrəslinin təsisçisi olduğu musiqi bayramına yerli sənətkarlarla yanaşı, Fransa, Braziliya, Avstriya, Gürcüstan, Latviya və başqa ölkələrdən gəlmiş qonaqlar da qatılıblar. İki həftə ərzində Bakıda keçirilən 3-cü Piano Festivalı çərçivəsində rəngarəng tədbirlər hər kəsə unudulmaz təsir bağışlayıb.
Ötən günlərdə paytaxtın musiqi salonlarında çoxsaylı konsertlər keçirilib. Təqdimatlarda caz, flamenko, tanqo, Braziliya sambası və s. musiqilər ifa olunub, sərgilər, kino nümayişləri, yaradıcı mübadilələr təşkil edilib.
“Landmark Hotel”də “Piano, Art & Wine” adlı incəsənət tədbiri təşkil edilib. Gənc rəsm həvəskarları piano sədaları altında kətan üzərində əsərlər yaradıblar. Gecənin qonaqlarına fırça ustalarımız Dadaş Məmmədov, Eldar Babazadə, Röya Həsən, Nailə Məhərrəmova, Mələk Abbaszadə və Ləman Hacıyeva kömək ediblər.
Sonra keçmiş SSRİ-nin ən məşhur pianoçu və bəstəkarlarından biri olmuş Raymond Pauls haqqında “Yaradıcılıq və düşüncələr” adlı film nümayiş etdirilib. Bu ekran əsəri Latviyanın Azərbaycandakı səfirliyi tərəfindən təqdim edilib. Tədbirdə Azərbaycan cazının əfsanəsi Vaqif Mustafazadənin iştirakı ilə nadir arxiv kadrları da göstərilib. Kino eksperti Ülvi Mehdi tamaşaçılara Riqa kinostudiyasının istehsalı olan “Barxanlarda uzun yol” adlı məşhur film seriyasından Raymond Paulsun kino musiqisi haqqında uşaqlıqdan aldığı şəxsi təəssüratından danışıb. Bu musiqidə postsovet məkanının yaşlı nəsil caz musiqiçilərinə xas olan parlaq çalarlarla romantik leytmotivlər caz standartının nostalji improvizələrinə çevrilib.
Festival çərçivəsində “Rotunda Roof Garden”də mərhum Xalq yazıçısı Maqsud İbrahimbəyovun hekayələri əsasında hazırlanmış, müəlliflərini İsmayıl İman və Tərlan Rəsulovun olduğu tamaşa və braziliyalı musiqiçilərin iştirakı ilə Şahin Növrəslinin konserti də böyük maraqla qarşılanıb. Tamaşada rolları Azərbaycanın Əməkdar artistləri Şahin Növrəsli, Elşən Rüstəmov və Mələk Abbaszadə ifa ediblər. Gecənin konsert bölümündə Şahin Növrəsli “Isac Jamba Group”un braziliyalı musiqiçiləri ilə birlikdə bir neçə kompozisiya ifa edib. Festivalın əcnəbi iştirakçıları – İsak Camba (zərb alətləri) və Lusiano Vaskoncelos da Silva (bas gitara) da Azərbaycan bəstələrini ifa edib, tamaşaçıların sürəkli alqışlarını qazanıblar.
Konsertdən sonra İsak Camba öz çıxışı və Azərbaycana səfəri ilə bağlı təəssüratlarını müxbirlərlə bölüşüb.
– Şahin Növrəsli ilə çıxış etmək mənim üçün heyrətamiz bir təcrübə idi! Bu həm də çətin idi, çünki Şahin caz pianoçusu olsa da, çox qeyri-adi ifaçıdır. Bir-iki Azərbaycan melodiyasını da ifa etdik və bunlar bəyənildi. Elə alındı ki, tamaşanın bir növ tərkib hissəsi olduq və bunu bizim üçün maraqlı təcrübə adlandırmaq olar. Bu, ölkənizə ilk səfərimizdir, hesab edirəm ki, Azərbaycana mütləq yenidən gəlməliyik. Bakı çox gözəl, işıqlı, parlaq şəhərdir. Mən ölkələrimizin mədəniyyətləri arasında böyük əlaqənin də şahidi oldum, burada özümü çox rahat hiss edirəm.
Əsrarəngiz gecə barədə Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru, yazıçının həyat yoldaşı Anna İbrahimbəyova da təəssüratlarını bölüşüb:
– İfalar çox xoşuma gəldi. Mən Şahinin performansını çox sevdim, braziliyalı musiqiçiləri də bəyəndim. Onlar da süjet xəttinə təbii bir şəkildə daxil olmuşdular. Özümü bu axşam daha da xoşbəxt hiss etdim.
Maestro Şahin Növrəsli isə deyib ki, piano öz ətrafında hər şeyi birləşdirən kral alətidir, orkestr alətidir. Ona görə də artıq bu bayramı adi bir musiqi festivalı deyil, mədəniyyət festivalı adlandırmaq olar.
Beləliklə, iyunun 16-da başlayaraq, bakılılar və paytaxtın qonaqları üçün müxtəlif ölkələrin virtuozlarının belə gözəl, unudulmaz musiqi proqramları, digər bədii tədbirlərdən ibarət əlvan incəsənət çələngi təqdim olunub.
Ə.DOSTƏLİ
XQ