RU

Qarpız kəsdim bal kimi...

Yayda açılan ən ləziz süfrəni yemiş-qarpızsız təsəvvür etmək çətindir. Yemiş bu fəslin ən sevilən təamlarından biridir. Çətin ki, kəsəndə onun ətrindən, yeyəndə dadından doyan tapıla.

Təndir kimi bürkülü günlərdə bos­tanı yanından biganə keçmək olmur. Kənddə iyul–avqust aylarına “bostançı­nın kar vaxtı” deyirlər. Hətta məhsulun aşıb-daşan günlərində ona bəxtəvərlik oxuyanlar da olur. Onu kənddə bəxtəvər adama çevirən uzandıqca uzanan ya­şıl tağların arasında dolanmağı, gün­dən-günə dada, şirəyə dolan sapsarı yemişi öz əli ilə saplağından üzməyi və bu gözəllik dünyasının sahibi olmağıdır. Amma bəxtəvərlik verməklə deyil ki? Onun da öz qayğıları var. Gərək gecə vaxtı bostanın müxtəlif yerlərində şirin­liyindən partlayan yemişləri tapıb ət­rafını təmiziləyəsən ki, səhər qurd-quş tökülüşməsin.

Günəvər yerdə bitən yemişin şirin­liyindən doymaq olmaz. Doğranmış yemiş dilimləri gendən adama “gəl-gəl” deyir. Ən nəfssiz, ən tamahsız adam da ondan yan keçə bilməz. “Ölü yesə dirilər” ifadəsi elə bil onunçün deyilib. İntəhası, nəbadə onu balla yeyəsən.

Yemiş güc-qüvvət, məhəbbət rəm­zidir. Onun adına şamama deyilən kiçik və ətirli bir növü də var. Oğlan­lar həmişə sevdikləri qıza məhəbbət rəmzi olaraq şamama hədiyyə edirlər. Onun şifonerin başına, stolun üstünə qoyulması günlərlə xoş ətrin evdən çə­kilməməsinə səbəb olur.

Yağlı və gec həzm olunan qidalardan sonra yemiş yeyilmə­si maddələr müba­diləsini sürətləndirir və mədədə olan ağır­lıq qısa vaxt ərzində keçib gedir. Yemiş həm də susuzluğu aradan qaldırır, sinir sistemini sakitləşdirir və su-duz mübadilə­sini tənzimləyir. Lakin onun çox miqdarda qəbul edilməsi qətiyyən məsləhət deyil, çünki bağırsaqların yüklənməsinə sə­bəb ola bilər. Dietoloqlar yemişi başqa qida məhsulları ilə birlikdə qəbul etmə­yin həzm pozulmasına səbəb olduğunu deyirlər. Onlar yemişi qida qəbulundan iki-üç saat sonra yeməyi tövsiyə edirlər.

Xalq şairi Səməd Vurğunun məşhur “Vaqif” dramındakı surətlərdən biri belə bir ifadə işlədir: “Yaz ola, dovğa ola yar­pız ilə, yay ola, pendir ola qarpız ilə...” Doğrudan da pendirlə soyuq qarpız ağ­zının dadını bilən hər kəs üçün ən ləziz təamdır. Günəşin göydən yerə od ələ­diyi vaxt heç bir qida onun yerini verə bilməz.

Qarpızın qəribə bir xüsusiyyəti var. Onu kəsib günün altına qoyursan, bir az sonra baxırsan ki, bumbuz olub. Qa­baqlar kənd yerlərində qarpızı saman­lığa və ya soğan qapığının arasına qo­yub qışa qədər saxlayardılar. Çox vaxt kiçik yaşlı uşaqlara “səhəngin işində qarpız var, sən yatandan sonra kəsə­cəyik” deyib başını aldadırlar.

Qarpız böyrəkdə olan daşları, duz­ları əritmək üçün ən yaxşı vasitədir. El arasında əbəs yerə demirlər ki, çox qarpız yeyənin böyrəyində daş olmaz. Qarpızın suyunu bal və zəncəfillə qa­rışdırıb içəndə bəlğəmi kəsir, dənələ­rini isə tum kimi çırtlayırlar. Qarpız tumu böyrək daşını salır. Yaxşı qarpız adla deyilir: Sabirabad qarpızı, Şabran qarpızı, Zirə qarpızı...Hərəsinin öz şi­rinliyi, öz dadı var. Əbəs yerə qədim bir xalq mahnısında oxumurlar: “Qar­pız kəsdim bal kimi, dilimlədim nar kimi...”

Süleyman QARADAĞLI

Избранный
33
xalqqazeti.az

1Источники