RU

4 gün “yox”a çıxan baş katib – “vəfat edib” xəbəri yayılan Brejnev efirdə qədəhlə görünüb...

1970-ci illərin ortalarından başlayaraq Leonid Brejnevin səhhətindəki ciddi problemlər istər siyasi elitada, istərsə də bütövlükdə ictimaiyyətdə tez-tez müzakirə mövzusuna çevrilib. Hətta baş katib bir neçə gün efirdə görünməyəndə onun qəfil ölümü ilə bağlı söz-söhbətlər də dolaşıb. 1979-cu ildə isə Brejnevin 4 gün "yox"a çıxması qərb mətbuatına da sızıb.

Maraqlıdır, fotoları mərkəzi qəzetlərdən, görüntüləri xəbərlər proqramlarından düşməyən Brejnev 4 gün ərzində harada olub?

Milli.Az musavat.com-a istinadən bildirir ki, adətən sovet liderlərinin ölkədaxili və xarici ölkələrə səfərləri haqqında ictimaiyyətə geniş məlumat verilib. O cümlədən birincilərin məzuniyyətləri haqqında da ölkə vətəndaşları məlumatlı olublar, onların hansı bölgədə, hansı məkanda istirahət və müalicələri də ictimaiyyətdən gizli saxlanılmayıb. Amma bəzən elə hallar da olub ki, baş katiblər Kreml gərginliyindən çıxmaq üçün bir-iki günlük "gizli" istirahətə yollanıblar. Elə 1979-cu ildə də Brejnev ən yaxın dostlarından biri olan, gələcəkdə varis kimi gördüyü Ukraynanın birinci katibi Vladimir Şerbitskinin şəxsi dəvətini qəbul edərək Kiyevə qeyri-rəsmi səfər edib. Bu "gizli" səfərdə baş katibi nə siyasilər, nə ailə üzvləri, nə xidməti personalı müşayiət edib. Yalnız iki nəfər, Brejnevin köməkçisi və mühafizə rəisi baş katibin yanında olublar.

Brejnev Kiyevdə hava limanından birbaşa Şerbitskinin bağ evinə yollanıb. Bir-iki saat dincəldikdən sonra onlar ova çıxıblar. Ov tədbiri yeddi saatdan artıq davam edib. Axşamdan xeyli keçmiş bağ evinə qayıdan dostlar üçün ziyafət təşkil edilib. Brejnevin səhəri gün Moskvaya qayıdacağı planlaşdırılıb.

Səhəri gün saat 10 radələrində Brejnevin səhhətində ciddi problemlər yaranıb. Şerbitski dərhal yerli həkimləri bağa çağırtdırıb. Bütün səylərə baxmayaraq, baş katibin sağlamlığında stabillik yaratmaq mümkün olmayıb. Brejnev Şerbitskiyə təcili Dmitri Ustinova (SSRİ-nin müdafiə naziri) zəng vurmağı tapşırıb və təkrar-təkrar bildirib ki, yalnız Ustinova, başqa heç kimə.

Şerbitski təcili Ustinova zəng vuraraq vəziyyət haqqında ona məlumat verib. Nazir vəziyyətin nə yerdə olduğunu anlayaraq ilk növbədə Kiyevə həkim briqadasının göndərilməsini vacib sayıb. Həmin ərəfədə isə Kremlin baş həkimi sayılan Səhiyyə Nazirliyinin 4-cü idarəsinin rəisi Yevgeni Çazov Almaniyada elmi konfransda olub.

Çazov sonralar yazdığı xatirələrində həmin günü aşağıdakı kimi xatırlayıb:

"Mən adətən Brejnevi bütün səfərlərdə müşayiət edirdim. Səfərlər haqqında əvvəlcədən mənə məlumat verilirdi. İşlərimi planlaşdırmaq üçün bu məlumatlar mənə vacib idi. Həmin ərəfədə baş katibin səfəri gözlənilmirdi. Mən isə Almaniyada elmi konfransda iştirak etməliydim. Olduqca mötəbər bir tədbir idi və mən əsas məruzəçilərdən biri idim. Konfransın ikinci günü çıxış etməliydim. Çıxışıma 15-20 dəqiqə qalmış konfrans keçirilən binanın inzibatçısı içəri daxil oldu, mənim zaldan çıxmağımı xahiş etdi. Nə baş verdiyini anlamırdım. Zaldan çıxdım, o mənə bildirdi ki, təcili Moskvaya zəng vurmalıyam. Kimə zəng vurmağımı da söylədi. Mən elə həmin binadan Moskvaya, Ustinova zəng vurdum. Heç bir giriş, izahat olmadan marşal həyəcanlı səslə göstərişini verdi:

- Hazırda harada olmağınızdan asılı olmayaraq təcili aeroporta yollanın, bizim təyyarəmiz sizi gözləyir.

Əlavə heç bir sual vermədən portfelimi yığışdırıb binanı tərk etdim. Qapının qarşısında bizi səfirliyimizin xidməti avtomobili gözləyirdi. Səfirin müşaviri qısa şəkildə məsələni mənə anlatdı. Mən xahiş etdim ki, əvvəlcə səfirliyə gedək. Moskvaya təkrar zəng vurmalıydım. Həkim briqadasına hazır olmağı tapşırmalıydım. Əlaqə yaratdım və sonra Ustinova yenidən zəng vurdum. Marşrutu dəqiqləşdirməli idim. Mənə bildirdi ki, birbaşa Kiyevə uçacağam. Belə olan halda həkim briqadasının Kiyevə göndərilməsini ondan xahiş etdin. Marşal bir az əsəbi, bir az da səbirsiz bildirdi ki, təyyarə artıq onlar üçün də hazırdır. Kiyevə çatdım. Moskvadakı həkim briqadası da baş katibin yanında idi. Vəziyyət heç də yüngül deyildi. Brejnev ov zamanı özünü fiziki gərginliyə çox salmışdı, bir az içki məsələsi, bir az da yuxusuzluq onun ürəyini tam zərbə altında qoymuşdu. Belə vəziyyətdə onu tərpətmək olmazdı. Bütün lazımi tədbirləri həyata keçirdik, vəziyyət nisbətən öz qaydasına düşdü. Amma üç gün Kiyevdə qalası olduq. Həmin günlər ərzində Brejnevin bir neçə xarici ölkənin nümayəndə heyətləri ilə görüşləri də var idi. Baş katib bu görüşlərin heç birində iştirak edə bilmədi. Onun yerinə nümayəndə heyəti ilə Suslov və Kirilenko görüşürdü. Bütün bu görüşlər isə axşamlar "Vremya" proqramında göstərilirdi. Artıq Moskvada söz-söhbət dolaşırdı ki, Brejnev vəfat edib..."

Bu söhbətlərə son qoymaq üçün Mərkəzi Komitə təcili tədbirlər həyata keçirib. Belə ki, Brejnev Moskvaya qayıtdıqdan sonra Kremldə baş katibin kosmonavtlarla görüşü təşkil edilib. Rəsmi hissədən sonrakı ziyafətdə baş katib əlində qədəh kosmonavtların şərəfinə tost söyləyib. Bu kadrlar isə televiziyada daha çox işıqlandırılıb. Yəni Brejnev sağdır, gümrahdır, hətta qədəh qaldırmaq gücündədir...

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
139
5
milli.az

10Источники