RU

Beynəlxalq münasibətlər sistemində daha səmərəli iştirakımız baxımından növbədənkənar parlament seçkilərinin keçirilməsi çox əhəmiyyətlidir – ŞƏRH

Beynəlxalq münasibətlər sistemində daha səmərəli iştirakımız baxımından növbədənkənar parlament seçkilərinin keçirilməsi çox əhəmiyyətlidir – ŞƏRH

Prezident İlham Əliyevin Sərəncamına əsasən sentyabrın 1-də ölkəmizdə Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Bu seçkiləri əvvəlkilərdən fərqləndirən əsas cəhətlərdən biri seçkilərin bütün ərazilərimizdə keçirilməsidir. Xalqımız artıq bir dəfə bu xoşbəxtliyi yaşayıb. Bu ilin fevralında keçirilmiş növbədənkənar prezident seçkilərinin Azərbaycanın bütün ərazisində keçirilməsi “Qarabağ Azərbaycandır!” reallığının dünyaya sübutu oldu. Bu seçkilərdə ən yadda qalan hadisələrdən biri də Prezident İlham Əliyevin öz ailə üzvləri ilə birlikdə Xankəndi seçki dairəsində səs verməsi oldu. Artıq xalqımız bu xoşbəxt günləri ikinci dəfə yaşamaq ərəfəsindədir. Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində hər bir soydaşımızın öz dədə-baba torpağında səs verməsi həm də onların seçki hüquqlarının bərpa olunduğunun təsdiqidir.

Bu fikirləri AZƏRTAC-a ölkəmizdə keçiriləcək növbədənkənar parlament seçkilərinə münasibət bildirən siyasi şərhçi Əliqismət Bədəlov səsləndirib.

Ə.Bədəlov deyib ki, ilk dəfə bütün ərazilərimizdə keçirilən prezident seçkilərindən sonra ölkəmizdə yeni dövrün tələbinə uyğun parlamentin formalaşdırılması zamanıdır. Qırx dörd günlük Vətən müharibəsindən və müzəffər Ordumuzun Qarabağda keçirdiyi bir günlük antiterror tədbirlərindən sonra, nəhayət, Azərbaycan özünü dünyaya tam suveren, azad, müstəqil dövlət kimi təqdim etdi. İlk dəfə olaraq bu ilin fevralında azad, suveren ölkəmizdə prezident seçkiləri keçirildi. Ölkəmizin müstəqilik tarixində bütün ərazilərimizi əhatə edən seçkilərin keçirilməsi yaddaşlara əbədi həkk olunan tarixi hadisədir. Bu, hər birimizin həyatında mühüm əhəmiyyət kəsb edən bir gündür. 1991-ci ildə Azərbaycan özünü müstəqil dövlət kimi elan etdikdən sonra həmin vaxtdan başlayaraq, ölkəmizdə keçirilən seçkilər heç vaxt bütün ərazilərimizi əhatə etməmişdir.

Bildirib ki, 33 il sonra - 2024-cü ildə keçirilən növbədənkənar prezident seçkiləri Azərbaycanın gücünü, qüdrətini dünyaya nümayiş etdirdi. Həmin seçkilərdə vətəndaşlarımız bütün ərazilərimizdə, öz doğma ata-baba yurdlarında seçki hüququndan istifadə edərək istədikləri namizədə sərbəst səs verə bildilər. Halbuki, torpaqlarımız Ermənistanın işğalı altında olanda soydaşlarımız seçki hüququndan istifadə edə bilmirdilər. İndi isə onlara utanc gətirən məcburi köçkün statusunda deyil, doğma yurdlarının sakinləri kimi, öz el-obalarında səs verirlər. Bu, hər birimiz üçün qürurverici hadisədir və Azərbaycanın qarşıya qoyduğu məqsədlərə çatmasını dünyaya nümayiş etdirən tarixi hadisədir.

Siyasi şərhçi deyib ki, 1991-ci ildən 2023-cü ilə qədər bütün ərazilərimiz boyunca suverenliyə sahib deyildik və öz ərazimizin bəzi yerlərində seçki keçirə bilmirdik. Ancaq 2023-cü ilin sentyabrında Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Ordumuzun gücü sayəsində bütün ərazilərimizdə suverenliyimiz bərpa edildi. Bundan sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu mərhələnin əsasını seçkilərin bütün ərazilərimizdə keçirilməsi təşkil edir. Dövlətimizin başçısı müsahibələrində də prezident seçkilərinin bütün ərazilərimizi əhatə etməsini yeni tarixi mərhələnin başlanğıcı kimi dəyərləndirmişdi. Bu tarixi mərhələdə qarşımızda yeni potensial resurslarımıza uyğun daha ciddi prioritet vəzifələr dayanır. Növbədənkənar prezident seçkilərinin ardınca növbədənkənar parlament seçkilərinin keçirilməsi zərurətdən irəli gəlib. Çünki bu seçkilər də ölkəmizin siyasi həyatında mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, beynəlxalq münasibətlər və əməkdaşlıq sistemində müasir dövrə uyğun daha səmərəli iştirakımız baxımından növbədənkənar parlament seçkilərinin keçirilməsi çox əhəmiyyətlidir.

Ə.Bədəlov qeyd edib ki, vətəndaşlarmızın doğma torpaqlarında səs verərək parlamenti yenidən formalaşdırması zərurətdən yaranmış ictimai sifarişdir. Təbii ki, bu siyasi əhəmiyyətli hadisə Azərbaycan tarixinin çox qürurverici anıdır. Bu seçkilər növbəti illərdə bizim milli hədəflərimizin müəyyənləşdirilməsində mühüm rol oynayacaq və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində xüsusi əhəmiyyət kəsb edəcək. Məlumdur ki, ölkəmizi qarşıda bir sıra qlobal səviyyəli tədbirlər gözləyir. Artıq Azərbaycan dünya birliyində mühüm əhəmiyyətli tədbirlərin insidentsiz, uğurla həyata keçirməsi ilə tanınır. Son illər hətta işğaldan azad edilmiş ərazilərimizdə də beynəlxalq əhəmiyyətli tədbirlərin uğurla keçirilməsi ölkəmizin bu sahədə böyük təcrübəyə malik olmasından xəbər verir.

“Ümid edirik ki, Azərbaycanın bütün ərazisini əhatə edəcək növbədənkənar parlament seçkiləri də prezident seçkilərində olduğu kimi, azad və şəffaflığına, demokratikliyinə və mütəşəkkiliyinə görə beynəlxalq aləmin diqqət mərkəzində olacaq”, – deyə Ə.Bədəlov bildirib.

Mənbə: AZƏRTAC

Избранный
61
ilk.az

1Источники