RU

“Yaxın günlərdə böyük qiymət artımı və narazılıqla rastlaşacağıq” - Ekspert

Azərbaycanda taksi fəaliyyəti üçün icazə ( “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) alan sürücülərin sayı 11 mini ötüb. 

Bu barədə News365.az -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. 

Məlumata görə, bugünədək təlim keçən taksi sürücülərinın sayı 24 482 təşkil edir. 

Qeyd edək ki, bu gündən ölkədə buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələrinin taksi kimi fəaliyyət göstərməsi qadağan edilib. 

Göründüyü kimi icazə alan sürücülərin sayı kifayət qədər azdır. Halbuki, ilin əvvəllərində təkcə Bakıda 70 minə yaxın taksi vardı. Məhz bu hesab idi ki, taksi xidməti hamı üçün əlçatan idi. Lakin, sonradan bu sahəyə də müdaxilə edildi. Nəticədə ilkin olaraq minimum gediş haqqı 1,5 manatdan 2,4 manata qaldırıldı. Bu gündənsə minimum gediş haqqı 3, 5 manatdır. Minimum gediş haqqı 3 dəfə qalxsa da keyfiyyətdə heç bir dəyişiklik yoxdur. Əksinə taksi çatışmazlığından insanlar yolda qalır, əsəb sarsıntısı keçirir.

Mövzu ilə bağlı News365.az – a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirdi ki, taksilər barədə verilən qərarda bir tələskənlik var:

“Heç bir stimullaşdırıcı tədbir görülmədən, maddi-texnika baza yaradılmadan birdən-birə taksilər üçün çox ciddi şərtlər qoyuldu. Halbuki, bu şərtlərin icrası çoxlu zaman və böyüj miqdarda vəsait tələb edir. Məhz tələblərin ağırlığı üzündən bu günədək cəmi 11 min sürücü icazə vərəqi ala bilib. Yəqin ki, bu ölkə üzrə rəqəmdir. Hansı ki, təkcə Bakıda 30-40 min taksiyə ehtiyac var.

Göründüyü kimi tələb təklifi kəskin şəkildə üstələyir. Ona görə də yaxın günlərdə daha böyük qiymət artımı və narazılıqla rastlaşacağıq”.

İlhamə Qiyas, News365.az


Избранный
180
news365.az

1Источники