Evini tərk etməyən qadını zorla mənzilindən çölə çıxarıb, mənzilini söküblər.
Referans.az xəbər verir ki, bu barədə İctimai kanal sujet yayımlayıb.
Hadisə Yasamal rayonu, Murtuza Muxtarov 45 ünvanında baş verib. Ev sahibi Afət Quliyeva bildirib ki, evi uçurtmaq istəyənlər öncə evin işığını kəsiblər:
“Məni sürüdülər. Məcburi evdən çıxarmaqçün özəl şirkət təxribatçı adı ilə məni məhkəməyə verib və uduzub. Şirkət 1 otağa 20 min manat pul verdi. 20 minə nə ala bilərəm? 29 ildir ki, qızımla həmin evdə yaşamışam. Hadisə baş verən günü qızım işdə növbədə olub. Evin sənədləri qaydasında olub”.
Qadın bildirib ki, söküntülər zamanı dağıntılar altında qalıb. Şirkət sahibi isə telefona cavab verməyib. Ərazidə söküntü aparan şirkətin mühəndisi əraziyə gəlib və baş verənlərdən xəbərsiz olduğunu deyib.
Şəlalə Babayeva