RU

Pulları harda saxlamalı?

Banklar hələ tam formalaşmazdan əvvəl insanlar aylıq xərclərindən əlavə qalan pullarını evində saxlayırdılar. Kimisi pulunu yastığın içinə, kimisi sandığa, kimisi də köhnə geyimlərinin cibinə etibar edirdi. Əşyalara etibar edilən pul isə əlavə gəlir gətirmirdi. Əlavə pulunu banka yatıraraq, ondan müəyyən gəlir əldə etmək mümkündür. Pulu gəlir mənbəyinə çevirməyin digər yolu isə həmin pulu əmlaka yatırmaqdır.

İmkanlı şəxslər, adətən, pullarını ya banka, ya da əmlaka yatırırlar. Çünki bunların hər ikisi puldan qazanc gətirir. Məsələn, həmin pula ev alıb, o evi kirayəyə verməklə qazanc əldə edənlər çoxdur. İndiki mürəkkəb iqtisadi vəziyyətdə bunlardan hansı daha sərfəli və etibarlıdır?

Bank əmanətləri insanları öz yığımlarınızı inflyasiyadan qorumağa kömək edir. Bundan əlavə, pullar etibarlı bir məkanda yerləşir. İnsanlar istənilən zaman onları rahat götürə bilərlər. Həm də onlar daha təhlükəsiz yerdədir, oğrulardan uzaqdır. Oyuncaq pulqabılar daha rahat ola bilər, amma ondakı pullar qiymətdən düşür.

İşləməyən, dövriyyədə olmayan pullar inflyasiyaya məruz qalır. Bu isə o deməkdir ki, qiymətdən düşür. Döşək altında saxlanılan pullar cinayətkarların və digər mənfi niyyətli şəxslərin əməllərindən qorunmur. Onları kim istəsə oğurlaya bilər. Həmçinin yanğın, subasma, adi diqqətsizlik və s. hallar da istisna deyil.

 

İqtisadçı ekspert Xalid Kərimlinin dediyinə görə, insanların pulları hər ay, hər rüb və ya il ərzində faiz şəklində gəlir gətirir və o pullar onların hesabına əlavə olunur. Əldə edilən faizləri depozitin əsas məbləği üzərinə əlavə etmək olar. Bu zaman gəlirlər daha çox olacaq. Banklarda qarət ehtimalları olduqca azdır. Amma hətta belə bir hal baş verərsə, insanlar yenə də öz əmanətini itirmir. Belə ki, depozit müqaviləsi imzalanan zaman bank insanların pullarını qaytarmaq ilə bağlı öz üzərinə öhdəlik götürür və onların təhlükəsizliyinin təmin edilməsi onun borcudur, əsas vəzifəsidir: "Əgər bank iflas olarsa, dövlət sizin əmanətinizin təhlükəsizliyinin təminatçısıdır. Əmanətlərin sığortalanması sistemi məhz bundan ötrü nəzərdə tutulub. Əgər hər hansı bir təcili hal yaranarsa, insanlar əmanətlərini bankdan götürə bilərlər. Bu zaman faizlərin bir qismi itiriləcək. Amma elə əmanət növləri də var ki, əmanətin bir hissəsini itki olmadan götürmək mümkündür. Bütün sadalanan nüanslardan sonra rahatlıqla belə bir nəticəyə gəlmək olar ki, evdə, hər hansı bir suvenirdə və ya seyfdə saxlanılan pul insanları məcbur edir ki, onlar puldan ötrü çalışsınlar"

İqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, pulları banklarda saxlamaq daha güvənlidir: "Əgər insanlar istənilən zaman kapitalı götürüb dövriyyəyə buraxmaq istəyəcəksə, sığorta əsasında banklarda əmanət saxlamaq daha güvənlidir. Yox, əgər uzun perspektivdə bunu strateji ehtiyat kimi mənzilə çevirmək, məsələn, ailənin hansısa gələcək planları, övladları üçün saxlamaq istəyirsinizsə, əmlak almaq daha uyğundur. Əmlak qiymətlərinin tədricən qalxması ilə yanaşı, tikinti xüsusi sürət alır. Müəyyən yerdə tikilən bina bir müddətdən sonra şəhərin sayılan və seçilən yerinə çevrilir".

Ekspertin sözlərinə əsasən, aylıq gəlir baxımından da banklardan alınan vəsait daha səmərəlidir: "Nəzərə almaq lazımdır ki, əmlak bazarında kirəyə üçün kifayət qədər təkliflər var. Bizdə kirayə verilmə institutu yoxdur. Məsələn, ən geridə qalmış Afrika ölkələrində belə mənzilllərin kirayə verilməsinə xüsusi yanaşma var. Qəbul olunmuş bir qanun var, öncədən depozitlər verilir, sığrtalanma prosesi gedir. Bizdə isə kortəbiidir. Kirayə mənzili bazara kim ürəyi hansı qiymətə istəyir, o qiymətə də çıxarır. Beləliklə də, bazarda kifayət qədər təklif var. Ona görə də Azərbaycanda evlərin kirayə verilməsi çox riskli və gəliri az olan prosesə çevrilib".

İqtisadçı-ekspert Emin Qəribli qeyd edib ki, bu gün qızıla tələbin çox olma səbəbi mərkəzi bankların qızılı ehtiyat rezervi kimi alıb saxlamasıdır: "Qızıl dövlət səviyyəsində əldə olunan bir resursdur. Qızıl alışında Çin, Yaponiya, ABŞ birinci yerdədir. O, elə bir əmtəədir ki, iqtisadiyyat qeyri-stabil olanda qiymətli kağızlar bazarına təsir göstərir. Qiymətli kağızlar bazarında müvafiq resurslar dəyərdən düşürsə, investorlar və dövlətlər qızıla müraciət edirlər. Çünki həmin vaxt qızıldan daha çox gəlir əldə etmək olur. Ancaq iqtisadi artım baş verəndə, qiymətli kağızların dəyəri artanda qızıla elə də üstünlük verilmir".

Vətəndaşlara gəldikdə isə ekspert bildirib ki, pul saxlamaq üçün qızıl alan şəxslər onu sikkə və ya külçə şəklində alsınlar, belə etsələr, uduzmazlar: "İmkanlı insanlar qızılı 200-500 qramlıq külçə şəklində alırlar. Belə alanda isə qızıl dəyərini itirmir, çünki əl işi olmur və satanda sırf qızıl dəyərinə satılır. Qızıl alqı-satqısı elədir ki, bir çox hallarda vətəndaşa qızıl satarkən ona əl işi kimi baxılır və zərgərin zəhmət haqqı da qiymətə əlavə olunur, lakin vətəndaş özü qızılı satmaq qərarına gələndə artıq məhsul sadə qızıl qiymətinə alınır".

Emin Qəriblinin sözlərinə əsasən, bu gün iqtisadiyyatda əsas problem likvitliklə bağlıdır: "İqtisadçılar likvit axtarışındadır. Çünki likvit resursları siz istənilən vaxt satıb pula çevirə bilərsiniz. Bu sarıdan daşınmaz əmlak və qızıl dəyər baxımından müəyyən dövr üçün daha stabil görünür. Qızıl əsrlər boyu likvit rolunu oynayıb, bundan sonra da oynayacaq. Vətəndaşlara gəldikdə isə əvvəldə də dediyim kimi, onlar düzgün mövqe tutmalıdırlar. Əgər investisiya qoymaq istəyirlərsə, qızılı əl işi kimi, daha kiçik formada deyil, külçə və sikkə şəklində alsınlar. Yadıma gəlir, o vaxt Nikolayın beş rublunu alırdılar, çünki o pul dəyərdən düşmürdü, əksinə, get-gedə dəyər qazandı. İnvestisiya qoyarkən isə dünya iqtisadiyyatının düşdüyü vəziyyətdən asılı olaraq addım atmaq lazımdır".

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, əmanət faizləri vətəndaşların vəsaitlərini tam olaraq inflyasiyadan qoruya bilməsə də, böyük bir qismini neytrallaşdırır. Azərbaycan vətəndaşları vəsaitləri evdə, yoxsa bankda saxlamaq seçimi qarşısındadır. Bankda saxlamaq daha düzgün qərardır. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda investisiya və vəsaitlərin yerləşdirilməsi imkanları geniş deyil. Maliyyə, səhm, qiymətli kağızlar bazarı inkişaf etməyib. Bu baxımdan, vətəndaşların vəsaitlərini evdə saxlamaq yerinə, əmanət yerləşdirmələri ən azından onların zərərini kompensasiya edir. Onun sözlərinə görə, daşınmaz əmlak bazarında fürsətlər nisbidir: "Daşınmaz əmlak bazarında gəlir məsələsi bir çox amildən asılıdır. Binalar yeni inşa olunanda qiymətlər aşağı olur, tikinti başa çatdıqdan sonra isə qiymətlər artır. Vətəndaşlar bu amili qısamüddətli faydaya çevirə bilərlər. Bundan başqa, daşınmaz əmlakın harada alınması da vacib məqamdır. Rayonlarda daşınmaz əmlakın qiymətinin artması imkanları məhduddur. Vətəndaş regionda öz vəsaitlərini tikintiyə xərcləsə, hətta çəkdiyi xərcdən də aşağı qiymətə sata bilər. Çünki rayonlarda likvidlik aşağıdır. Bakı və Abşeron yarımadasında isə likvidlik rayonlara nisbətən yuxarıdır. Buna görə də, bu ərazilərdə tikintiyə xərclədiyi vəsaitlərdən daha çox mənfəət əldə edə bilər. Daşınmaz əmlak bazarı ümumilikdə, likvid bazar deyil".

İqtisadçı ekspert Pünhan Musayevin dediyinə görə, insanlar evində nağd pul saxlamağa üstünlük verirsə, bu zaman onu xərcləməmək üçün özünə mütləq bir sərhəd də qoymağı bacarmalıdır. Çünki nağd şəkildə saxlanılan vəsait, həm də xərcləmənin alternatividir. Üstəlik, pulu evdə saxlamaq onun zədələnməsi və ya oğurlanması kimi hallarla da nəticələnə bilər. Bu baxımdan, pulun həm özünü, həm də dəyərini qorumaq üçün daha etibarlı yer banklardır: "Pulu banklarda saxlamağın son dərəcə əhəmiyyətli səbəblərinə, həmçinin onun inflyasiyadan qorunması üçün müəyyən faizlə və istənilən təhlükə zamanı sığorta ilə təmin edilməsidir. Bununla belə, birmənalı olaraq maliyyə institutlarının da bu cəhətdən tam güvənli olduğunu söyləmək olmaz. Ona görə ki, tarix dəfələrlə müxtəlif səviyyəli bank iflaslarının şahidi olub. Düzdür, tənəzzül zamanı dövlət əhalinin əmanətlərini qorumaq və bərpa etmək cəhdləri etsə də, bir çox hallarda bu pulun bir hissəsini və ən əsası gecikmələrlə əhatə edir".

İqtisadçının fikrincə, pulu bankda saxlamağın digər neqativ cəhəti isə yenə də maliyyə böhranları ilə əlaqədardır, bu, milli valyutanın dəyərini qorumaq üçün həyata keçirilən tədbirlərdən irəli gəlir. Məsələn, ölkə valyutasının məzənnəsi kəskin ucuzlaşarsa, onu dəyərləndirmək üçün mərkəzi hökumət bazarda milli valyutanın bolluğunu azaldır və bu çərçivədə insanların öz əmanətlərinə çıxışlarını məhdudlaşdırır. Bundan başqa, xüsusən fövqəladə hallar zamanı evdə müəyyən bir məbləğdə nağd pul saxlamaq ehtiyat tədbiri kimi yaxşı bir fikir ola bilər. Ancaq bu kimi hadisələrin hər zaman baş vermədiyini və daha əvvəl də sadaladığımız məqamları nəzərə alaraq, insanların öz əmanətlərini banklara etibar etmələri yenə də ən düzgün variant sayılmaqdadır".

Sevinc QARAYEVA






















Bizi İnstagramda izləyin

Избранный
78
525.az

1Источники