"İllərdir aparılan maarifləndirmə işləri, tanıtım və dünyaya çıxışımıza baxmayaraq insanlarımız yenə də öz əyləncəli vaxtlarını planlı şəkildə qura bilmir, normal, mədəni, əyləncəli istirahətini təşkil edə bilmirlər". Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
O bildirib ki, yenə də Azərbaycanda istirahət deyəndə kofe, restoranlarda yemək, içmək, yaxud da kiminsə evinə qonaq gedib 6 saat bir masanın ətrafında kabab, plov yeməyi düşünürlər: "Dünyanın əksər ölkələrinin və inkişaf etmiş cəmiyyətlərini müqayisə etdikdə onlar 5-ci gün iş həftəsinin bitməsini gözləyirlər. Ondan sonra axşamüstü şəhər kənarına, meşə, dağ, görməli yerlərə yollanırlar. Yanlarında bir az yemək tədarükü, su götürüb qalanını isə aktiv istirahət üçün, yəni idman yarışlarını, təbiətdə dağları görmək, meşələrdə piyada gəzib torpaqdan gələn enerjini almaq üçün istifadə edirlər. Amma bizdə bu varmı? Bizdə hətta istirahətə gedən zaman belə mədəniyyətsizlik nümayiş etdirirlər.
Azərbaycanda parklar, bağlar, piknik yerləri, çimərliklər səliqəyə salınıb, əyləncə və istirahət mərkəzləri təşkil olunub. Amma bizim insanlarımız ən azı şəhəri necə edirlərsə, həmin yerləri də elə zibilləyirlər.
Kabab yeyəndən sonra bəzən meşə yanğınları baş verir, zibili hara gəldi atırlar, özlərindən başqa digərləri üçün istirahət etməyə məkan saxlamırlar. Bu, hər birimizi qayğılandırır. İllərdir ki, biz maarifləndirmə edirik, ilin müxtəlif fəsillərində əlimizə kisələr götürüb sahil yerlərini zibillərdən təmizləyib insanlar arasında maarifləndirici tədbirlər həyata keçiririk ki, onlar ətraf mühiti, təbiəti qorusunlar. Ən azı atılan hər bir zibil, qeyri-mədəni addımın özləri, gələcək nəsli, həm də Azərbaycanın gələcəyinə qarşı olduğunu nəzərə alsaq, mütləq insanlar düşünməlidir.
Respublikamızda istirahət mədəniyyətinin formalaşması çoxdan başlasa da, özəl şirkətlərin, turizm və səyahətlə bağlı xidmətlər təşkil edən, əyləncə sahələri sürətlə inkişaf edir. Bəzən onların keyfiyyətli xidmət göstərməsi ilə bağlı problemlərini qabardıb tənqid edirik, amma ilkin mərhələni yaşayırıq. Ona görə də biz istirahətin müxtəlif sahələrinin sürətlə inkişaf etdiyini və dövlətin də buna çox böyük maliyyə ayırdığını görürük. Azərbaycanda keçirilən Avropa, Şərq oyunları, müxtəlif beynəlxalq yarışlar, idman, Formula1 yarışları, turizmlə bağlı həyata keçirilən layihələr özəl fərdi biznes və istirahət mədəniyyətinin inkişafında pul qazanmaq istəyən şəxslər üçün dövlətin ayırdığı böyük resurslardır. Bu resurslardan daha çox istifadə etməliyik.
İstər xidmət sahəsi, istər əyləncə, istirahət sahəsində xidmət göstərənlər getdikcə öz xidmət mədəniyyətlərini də artırırlar. Amma gələn şəxslərin oradan yararlanması məsələsində problemlər var. İnsanlar meşəyə gedirsə, mütləq yanğın törədəcək, mütləq zibili meşəyə atacaqlar. Bəzən dəniz kənarını, sahili pis gününə qoyurlar və sair. Bunları etmək olmaz. İstirahət mədəniyyəti deyəndə bunun müxtəlif formaları var. Ekoloji istirahət mədəniyyəti var, aktiv və passiv istirahət formaları var. Bu istirahət formalarını həm də kollektiv, fərdi və yaxud qrup halında istifadə edən şəxslər var. Onlar getdikcə özləri və ətraflarını bu mədəniyyətin inkişafına təkan verəcək sivil alətlərlə təsir etməyə çalışmalıdırlar. İnsanlarımız Azərbaycan kimi cənnət məkan bir ölkədə əgər özlərini belə aparırlarsa, görün, xaricə gedəndə vəziyyət necədir. Bəzən xaricə gedən turistlərimizlə bağlı şikayətlər olur, özlərini apara bilmədikləri üçün konfliktlər yaranırdı. Polis onları həbs edəndə, cəzalandıranda inciməyə başlayırdılar. Ən azı öz hərəkətlərinizə fikir verin ki, digərləri də sizi qınamasın, inzibati məsuliyyətə məruz qalmayasınız".
"Respublikamızın müxtəlif yerlərində, xüsusilə də Bakı, Gəncə və Naxçıvanda çox gözəl istirahət, əyləncə mərkəzləri yaradılıb. Bunların əksəriyyətində qiymətlər yüksək olsa da, rəqabət o qiymətlərin də aşağı düşməsinə səbəb olacaq. Ölkənin dörd bir yerinə magistral yol salan dövlət turistlərin üç saat ərzində ölkəni gəzməsinə, vaxt sərf etməsinə şərait yaradıb. Lənkəran, Zaqatala, Füzuli və digər yerlərə aeroportların tikilməsi həm də beynəlxalq turistlərin cəlb olunması, yerli turistlərlə qlobal turistlərin təmasda olması, təcrübələrini bölüşmələri, istirahətlərini mədəni surətdə təşkil etməsinə səbəb olur. Bütün bu gözəlliklər, Xəzər dənizi, dağlar, meşələr, çaylar, gözlərimiz və ayaq dəyməmiş məkanlarımız istirahətimizi öz ürəyimiz və ruhumuzu saflaşdıra biləcək formada olmağa kömək edir. Ona görə insanlarımız da bu saflıq və gözəlliyi qorumağa çalışmalıdırlar.
Biz hərəkətlərimiz, istirahət edən zaman zibilləri yığıb lazımi yerlərə təhvil verməklə biz öz mədəniyyətimizi nümayiş etdirə bilərik. Çünki biz həmişə xalq olaraq ətraf mühiti sevmişik, təbiətə and içmişik. Bu and içdiyimiz müqəddəs yerləri də korlamağa haqqımız yoxdur. Öz istirahətimizi də cənnətdə yaşadığımız kimi hiss etməklə formalaşdırmağa və qurmağa, planlı əylənməyə çalışmaqla istirahət mədəniyyətini getdikcə yüksəltməliyik" - deyə o, əlavə edib.