RU

Stalinin avtomobil hədiyyə etdiyi cərrah – Həmkarları onu “qızıl əllər” adlandırıb…

O, siyasətdən uzaq adam olub, nə siyasi proseslərə, nə də bolşevik hərəkatına qoşulmayıb. Amma buna baxmayaraq Vladimir Rozanov öz iradəsindən asılı olmayaraq tez-tez birincilərin ətrafında görünüb.

Medianews.az musavat.com-a istinadla xəbər verir ki, həmkarları tərəfindən “qızıl əllər” adını qazanan cərrah Rozanov öz dövründə sovet liderlərinin inandığı və güvəndiyi həkimlərdən biri sayılıb.

1872-ci ildə Moskvada anadan olan Rozanov orta təhsilini başa vurduqdan sonra Moskva Universitetinin tibb fakültəsində ali təhsil alıb. 1910-cu ildə o, ilk olaraq Moskvada Botkin adına xəstəxanada cərrahiyyə şöbəsini yaradıb və ona rəhbərlik edib.

Siyasətə maraq göstərməyən Rozanov siyasətçilərdən nə qədər uzaq olmaq istəsə də peşə fəaliyyətinə görə dövlət məmurları ilə tez-tez üzləşməyə məcbur qalıb. Hətta həkimlərlə ünsiyyətdə olmağı sevməyən Leninin və Stalinin də ona işi düşüb.

aea19ca0e1c53473eb946e4fefa18da7.jpg

1918-ci ilin avqust ayında Lenin sui-qəsd nəticəsində ciddi xəsarət alanda həkimlər onun həyatını xilas edə biliblər. Amma Lenin həmin müalicələr zamanı bədənində qalmış qəlpəni çıxarmağı həkimlərə icazə verməyib. Bəlkə də o, həkimlərə etibar etməyib. Dörd ildən sonra həmin qəlpə Leninin səhhətində ciddi problemlər yaradıb. Həkimlər qəlpənin bədəndən çıxarılmasını zəruri sayanda Lenin cərrahiyyə əməliyyatının kim tərəfindən keçiriləciyini çox düşünüb. Nəhayət, o, məsələ ilə bağlı öz fikrini məktubla Stalinə də bildirib. Bu günə kimi də arxivdə saxlanılan həmin məktubda aşağıdakılar qeyd edilib:

“Əməliyyatım üçün Almaniyadan cərrah Borxardt dəvət olunub. Yoldaş Semaşkonun (Rusiyanın xalq səhiyyə komissarı) söylədiyinə görə bizim cərrah Vladimir Rozanov da bu işdə yüksək peşəkardır. Hər halda Semaşko həkimləri yaxşı tanıyır. Belə düşünürəm ki, əməliyyatda hər iki cərrahın iştirakı daha düzgün seçim olar…”

Stalin Leninə düzgün qərar çıxardığını bildirib. Belə ki, hələ bir il öncə, 1921-ci ildə Rozanov Stalinin özünü əməliyyat edib. Düzdür, əvvəlcə Rozanov bu əməliyyatı boynuna götürmək istəməyib. Müayinədən sonra cərraha aydın olub ki, Stalinin problemi təkcə kor bağırsağında deyil, həmçinin onun yoğun bağırsağına da müdaxilə etmək lazım gələcək və bu məsuliyyətdən yayınmağa çalışıb. Ancaq sonda Rozanov bu əməliyyata partiyanın tapşırığı adı altında razılaşmağa məcbur qalıb. Əməliyyat uğurla sona çatsa da, təhlükə yalnız beş gündən sonra tam sovuşub.

get_img

Rozanovun iştirakı ilə Leninin əməliyyatı da uğurla keçib. Alman cərrah Lenini əməliyyatdan sonra evə buraxmaq istəsə də Rozanov onu iki gün xəstəxanada saxlamağı vacib sayıb. Rus cərrahın bu təkidi alman cərrahın əsəbiləşməsinə və narahatlığına səbəb olub. Bu fikir ayrılığından sonra elə həmin gün Rozanov özünü sığortalamaq üçün Stalinə rəsmi məktub göndərib:

“Nəzərinizə çatdırıram ki, Vladimir İliç Leninin üzərində keçirdiyimiz əməliyyat uğurlu oldu. Onun bədənində müxtəlif fəsadlar yaradan qəlpə çıxarıldı. Hazırda Lenin özünü tam normal hiss edir. Alman mütəxəssislər əməliyyatdan sonra onun evə buraxılması ilə bağlı qərarlarını bildirdilər. Mən bu qərarla razılaşmıram, bir-iki gün Leninin xəstəxanada həkim nəzarəti altında qalmasını vacib sayıram. Əks təqdirdə qarşıdakı günlərdə Leninin səhhətində yarana biləcək problemlərə görə mən məsuliyyət daşımayacağam…”

Rozanov yazdığı məktubu həmin gün köməkçi vasitəsi ilə Stalinə çatdıra bilib və elə həmin gün də Stalin məktuba reaksiya verib. Lenin iki gün xəstəxanada saxlanılıb.

Stalin Rozanovun xidmətlərini unutmayıb. O, 1929-cu ildə Rozanova Kreml xəstəxanasının cərrahiyyə şöbəsinə rəhbərlik etməyi təklif edib. Cərrah bu təkliflə razılaşmayıb. Stalin səbəbini soruşanda, Rozanov xəstəxanada tibbi avadanlıqların çatışmazlığından şikayətlənib. Şikayətə Stalin özünəməxsus cavab verib:

-Siz yeni iş yerinizə çatana qədər xəstəxana lazımi avadanlıqlarla təmin olunacaq. Sizə o qalır ki, mənə lazım olan avadanlıqların siyahısını təqdim edəsiniz…

5a163d_2625e7e122f1489485eddd90d8b1eb0b~mv2.jpg

Günlər ərzində xəstəxana lazımi avadanlıqlarla təmin edilib. Bununla yanaşı Stalin Rozanova şəxsi avtomobil də hədiyyə edib.

Kreml məmurları Rozanova xüsusi rəğbət göstəriblər, ona hörmətlə yanaşıblar. Hətta kobud və qaba xarakteri ilə fərqlənən Kaqanoviç də cərrahla görüşəndə zarafatından qalmayıb:

-Yoldaş Rozanov, mən sağlamam, ona görə sizin yanınıza gəlmirəm. Amma siz istədiyiniz vaxt mənim kabinetimə təşrif buyura bilərsiniz. İstənilən probleminizi həll etməyə hazıram.

Rozanovun yaxın gələcəkdə səhiyyə naziri təyin ediləcəyi də istisna edilməyib. Amma cərrahın ömrü buna imkan verməyib. Vladimir Rozanov 1934-cü ildə, 61 yaşında vəfat edib. Stalinin göstərişi ilə bütün dəfn xərclərini dövlət öz üzərinə götürüb.

Избранный
179
50
medianews.az

10Источники