RU

Almaniya polyaklara da təzminat vəd etdi- Fransa keçmiş müstəmləkələrindən hələ üzr istəməyib...

Image

Məhərrəm Zülfüqarlı: “Faşizmin vüsət aldığı Fransada, ona rəhbərlik edən Makronda belə iradə və cəsarət yoxdur ki, əsrlərdir haqlarını tapdaladıqları xalqlara doğru addım atıb onlara təzminat ödəsinlər”

Mətbuatda Almaniya Kansleri Olaf Şoltsun Varşavaya səfəri zamanı nasist rejiminin əlindən sağ qurtaran polşalılara təzminat ödəniləcəyini açıqlayacağı deyilir.

“Politico” nəşri yazır ki, Almaniya kansleri Olaf Şolts iyulun 2-də Varşavaya səfəri zamanı iki ölkə arasında münasibətlərinin yaxşılaşdırılması üçün tədbirləri, o cümlədən nasist cinayətlərindən əziyyət çəkmiş polşalılara təzminat ödəniləcəyini élan edəcəyi gözlənilir.

Almaniyanın müxalif Xristian Demokrat İttifaqı partiyasının baş katibi Pol Tsimyak kompensasiyanın Polşada nasist rejiminin fəaliyyətindən zərər çəkənlərə və hazırda yaxşı tibbi sığortası olmayan yoxsul insanlara veriləcəyini bildirib. Yüksək vəzifəli məmurun sözlərinə görə, təhlükəsizlik sahəsində əməkdaşlıq kanslerin səfəri zamanı Berlin və Varşava arasında məsləhətləşmələrin əsas mövzusu olacaq.

Almaniya da üzr istədi və Varşavaya səfəri zamanı nasist rejiminin əlindən sağ qurtaran polşalılara təzminat ödəniləcəyini vəd etdi. Şoltsdan əvvəl də buna oxşar addımlar atan olub, xüsusən də bəzi keçmiş müstəmləkəçi ölkələrin rəhbərləri vaxtilə  müstəmləkələri olmuş xalqlardan, ölkələrdən üzr istəyib təzminat ödəyiblər. 

Amma təəssüflər olsun ki, hələ də Fransa keçmiş müstəmləkə xalqlarından üzr istəmək və onlara təzminat ödəmək fikrində deyil. Fransanın o xalqlara daha çox zərəri dəyib və o daha çox xalqlara təzminat ödəməli olduğu halda, özünü karlığa və korluğa vurub. Uzağa getməyib, heç olmasa Almaniya rəhbərindən nümunə götürsün. 

“Halbuki, Makron hökuməti müstəmləkəçilik siyasətindən əl çəkib keçmiş müstəmləkə xalqlarından üzr istəməli və təzminat ödəməlidir” 

Siyasi şərhçi, elmlər doktoru, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, Makronun yürütdüyü siyasət bütün Avropa üçün təhlükədir. O hesab edir ki, Fransa prezidenti keçmiş müstəmləkə xalqlarının qarşısında məsuliyyət daşıyır və buna görə həmin xalqlardan üzr istəməli, onlara təzminat ödəməlidir. 

İkinci Dünya müharibəsində bəşəriyyəti faciəyə sürükləyən, faciələr gətirən alman faşizmini ən çox tənqid edənlərdən biri indiki Almaniya hökuməti və alman xalqıdır. Çünki o faciələri o zamanlar onlar da yaşayıblar. Düzgün olaraq qeyd olunur ki, İkinci Dünya müharibəsi dövründə bir sıra xalqlar, o cümlədən də polyak xalqı alman faşizminin qırğınlarına məruz qalıb. İndi Almaniya hökuməti onlara təzminat verməyi boynuna götürüb. Bu da müsbət haldır. 

Amma çox təəssüf ki, Fransa, Fransada hakimiyyətdə olanlar bu cür düşünmür. Hətta Fransada  keçirilən son seçkilərdə Lipenin başçılığı altında olan sağ radikal partiya 34 faiz səs toplayıb birinci yeri tutdu. Bu da Fransada sağ radikallığın, yəni faşizmin inkişaf etdiyini göstərir. Əlbəttə, bu da hakimiyyət dairələrinə də təsir edir. Fransa hökuməti və fransız xalqı indiki Almaniya hökumətindən nümunə götürməlidir və ölkə daxilində faşizmin yayılmasına, sağ radikal ideologiyanın daha geniş vüsət almasına imkan verməməlidirlər. Bunun üçün  onlar ciddi fəaliyyət göstərməli, maarifçilik, təbliğat işi qurmalıdırlar və öz fəaliyyətlərində nümunə göstərməlidirlər. Belə olmazsa gələcəkdə Fransa dövlətinin çoxlu problemləri olacaq. Lipen partiyasının önə çıxması nəinki gələcəkdə Fransa xalqına, eləcə də bütün Avropaya və bəşəriyyətə yeni ciddi problemlər yarada bilər”. 

M.Zülfüqarlı əlavə etdi ki, artıq Fransada faşizm ideologiyası vüsət alır və bu, hökumətin siyasətində də özünü göstərir. “Halbuki, Makron hökuməti müstəmləkəçilik siyasətindən əl çəkib keçmiş müstəmləkə xalqlarından üzr istəməli və təzminat ödəməlidir. Amma belə görsənir ki, faşizmin vüsət aldığı Fransada, ona rəhbərlik edən Makronda belə iradə və cəsarət yoxdur ki, əsrlərdir haqlarını tapdaladıqları xalqlara doğru addım atıb onlara təzminat ödəsinlər. Getdikcə bataqlığa yuvarlanan Makron hökuməti, təəssüf ki, insanlıq barədə düşünmək istəmir, bu da onun necə ziyanlı bir siyasətçi olduğunu təsdiqləyir”-deyə M.Zülfüqarlı bildirdi. 

İradə SARIYEVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
31
baki-xeber.com

1Источники