RU

Pirallahı Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirildi- FOTO

Image

İyul ayının 3-də Pirallahı  Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.

Konfransda Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, ağsaqqallar, ziyalılar, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Pirallahı Gənclər Mərkəzində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən muzeylə tanış olublar. Sonra Ümummilli Liderin büstünün önünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.   

Konfransda Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və hesabat dövrü ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov öz çıxışında Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanovu və digər konfrans iştirakçılarını salamlayıb və bu tədbirdə iştirak etməkdən məmnun olduğunu bildirib. Pirallahı rayonu haqqında məlumat verən natiq vurğulayıb ki, dəfələrlə bu rayonda olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində rayonda  davamlı abadlıq-quruculuq işləri, yeni layihələr həyata keçirilir, parklar, abad məhəllələr, inzibati və yaşayış binaları tikilib istifadəyə verilir. Vasif İmanov, həmçinin, ağsaqqalların rayonun ictimai-mədəni həyatındakı aktiv fəaliyyətindən, onların dəyərli məsləhətlərinə, nəsihətlərinə hər zaman ehtiyacın olmasından danışıb. Vurğulayıb ki, ağsaqqallar hamımızın ümid yeridir. Biz onların təcrübəsindən hər zaman bəhrələnəcəyik. Çıxışının sonunda o, konfransın işinə uğurlar arzulayıb.

Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov öz hesabat çıxışında ötən dövr ərzində görülmüş işlər barədə ətraflı məlumat verib. Bildirib ki, təşkilat üzvləri hesabat dövründə öz fəaliyyətlərini illik İş planları əsasında quraraq, aktual mövzularla bağlı bir çox tədbirlərdə, yığıncaqlarda iştirak və çıxışlar ediblər,  o cümlədən məktəblərdə gənclərlə mütəmadi görüşlər keçirərək, onlarla maarifləndirici işlər aparıblar. Şəhidlərin anım mərasimlərində yaxından iştirak edən ağsaqqallar onların ailələrinə, həmçinin qazilərə mənəvi dəstək olublar. Ağsaqqalların ad günlərini, yubileylərini qeyd ediblər. “2023-cü il - Heydər Əliyev İli” çərçivəsində Rayonun İcra Hakimiyyəti və YAP rayon təşkilatı ilə birgə bir çox tədbirlər keçirdiklərini bildirən   Əli Kərimov onu da vurğulayıb ki, ağsaqqallar 7 fevral növbədənkənar prezident seçkilərində də öz aktiv dövlətçilik fəaliyyətləri ilə seçiliblər, Azərbaycanın tək və əvəzsiz Lideri cənab İlham Əliyevi hərtərəfli dəstəkləyiblər. Hesabat dövründə rayon ağsaqqallarının kütləvi informasiya vasitələrində müxtəlif aktual mövzularda çıxışlar etdiklərini də tədbir iştirakçılarının diqqətinə çatdıran sədr qeyd edib ki, gələcəkdə də öz fəaliyyətlərini aktiv şəkildə davam etdirəcəklər.

Sonra çıxış edən Pirallahı Rayon Ağsaqqallar Şurasının üzvləri - Fazil Məhəmmədov, Şakir Mikayılov, 168 nömrəli tam orta məktəbin müəllimi Sevda Alxasova və digər natiqlər rayon ağsaqqallarının fəaliyyətindən bəhs ediblər. Vurğulayıblar ki, ağsaqqallar hər zaman olduğu kimi, bu gün də milli-mənəvi dəyərlərimizin qorunmasına, əxlaqi normaların və sağlam həyat tərzinin təbliğinə öz töhfələrini verirlər. Pirallahı Rayon Ağsaqqallar Şurasının fəaliyyətini yüksək dəyərləndirərək əmin olduqlarını bildiriblər ki, bundan sonra da ağsaqqallar ölkəmizin tərəqqisi naminə öz bilik və təcrübələrini əsirgəməyəcəklər.

Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov konfransda çıxış edərək Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını tədbir iştirakçılarına çatdırıb. Pirallahı rayonunda olmaqdan məmnunluq hissi keçirdiyini qeyd edən natiq bildirib ki, rayonda böyük canlanmanın və ciddi inkişafın şahidi olub. Rayonda ötən əsrin 80-ci illərindəki acınacaqlı vəziyyətdən heç bir əsər-əlamət qalmayıb. Bu gün qarşımızda tamam fərqli, gözəl bir mənzərə canlanır. “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində ölkəmizin digər şəhər və rayonlarında olduğu kimi, Pirallahıda da davamlı inkişaf, tərəqqi hiss olunur”- deyə Əhliman Əmiraslov vurğulayıb. 

Azərbaycan Ağsaqqallar Şurasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edən natiq bildirib ki, Ulu Öndərin ağsaqqallara böyük etibarı və etimadı var idi. Hazırda bu diqqət və qayğı möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən davam etdirilir. Möhtəşəm Zəfərimizdən, torpaqlarımızın azad edilməsindən də söz açan Əhliman Əmiraslanov vurğulayıb ki, bu gün biz Azərbaycanın şərəfli dövrünü yaşayırıq, bütün dünyada başıuca, alnıaçıq gəzirik. Biz hər birimiz ərazi bütövlüyümüzün bərpa edilməsi, Azərbaycanın inkişafı ilə bağlı bu reallıqları dərk etməliyik və gənclərə də izah etməliyik ki, ölkəmiz hansı ağır, çətin günlərdən keçərək hazırkı tərəqqi dövrünə gəlib çatıb. Əhliman müəllim, həmçinin, cəmiyyətimizdəki problemlərdən – boşanmaların sayının artmasından, erkən nikahlardan, o cümlədən yaxın qohumlar arasındakı nikahlardan və bunların fəsadlarından, habelə əsrimizin bəlası olan narkomaniyaya aludəçilikdən də ətraflı söz açaraq, ağsaqqalların bu nöqsanların, problemlərin aradan qaldırılmasında daha aktiv iştirak etmələrinin zəruriliyini vurğulayıb. Sonda natiq Pirallahı Rayon Ağsaqqallar Şurasının fəaliyyətini yüksək dəyərləndirərək əmin olduğunu bildirib ki, ölkəmizin ictimai-siyasi və mədəni həyatında hər zaman yaxından iştirak edən ağsaqqallar qarşıdan gələn parlament seçkilərində də öz fəallıqları ilə fərqlənəcəklər və bu seçkilərdə dövlətimizə, dövlətçiliyimizə sadiq insanları, layiqli namizədləri dəstəkləyəcəklər.

NAMİQ






Избранный
154
17
baki-xeber.com

10Источники